Bu il Azərbaycanda referendum keçiriləcək? – Sərəncamın pərdəarxası
29-12-2024, 15:46
Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Bəzi ekspertlər isə düşünür ki, 2025-ci ildə ölkədə referendum keçirilə bilər.
Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlunun sözlərinə görə, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi konstitusiyamızın qəbul edilməsinin 30 illiyi və suverenliyimizin bərpa olunmasının 5 illiyi ilə əlaqədardır:
“Müzəffər Ali Baş Komandanımızın liderliyi, Ordumuzun rəşadəti və xalq-iqtidar birliyi nəticəsində 1995-ci ildə qəbul edilən konstitusiyamızda göstərilən ərazi bütövlüyü və suverenliyimizi bərpa etdik. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bunun təntənəli qeyd edilməsidir.
2025-ci il həm də 1995-ci ildən bu günə qədər keçdiyimiz dövlətçilik yolunun hesabatı olacaq.
O ki qaldı referendum məsələsinə, bu iddia müxtəlif subyektlər tərəfindən səsləndirilə bilər, amma məncə, məsələnin mahiyyəti yuxarıda qeyd etdiyim məqamlardır”.
1671105283 qabil huseynli
Politoloq Qabil Hüseynli deyib ki, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi təqdirəlayiqdir:
“Konstitusiya xalqımızın hüququn aliliyinə inamı, ölkəmizin hüquqi dövlət olduğunun nişanəsidir. Sevindirici haldır ki, artıq suverenliyimiz tam bərpa olunub və ölkə qanunları hər qarış torpağımızda icra edilir.
2025-ci ildə ölkədə konstitusiya referendumunun olması yönündə iddialar var. Hələlik bu bir iddiadır, lakin gerçəklik payı az deyil. Qanunlar dövrün şərtlərinə əsasən qəbul edilir. Bu gün isə həm şərtlər, həm də reallıqlar dəyişib. Bunlar qanunda əksini tapmalıdır. Bəzi köhnəlmiş qanunlar yeniləri ilə əvəzlənə bilər. Bunun üçün isə referendum keçirilir. Hər halda rəsmi açıqlamanı gözləmək lazımdır”.