Təyyarə qəzasının Azərbaycan-Rusiya münasibətlərinə təsiri siyasi gündəmdə yer alıb
31-12-2024, 12:24
Dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Bakıdan Qroznıya uçarkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarədə 67 nəfər - 62 sərnişin, 5 ekipaj üzvü olub. Onlardan 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb. Qırğızıstandan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan 7-i ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, hamısı ölüb. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 3 nəfər ölüb, 2 nəfər sağ qalıb.
Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir ki, Azərbaycan prezidenti İlham Əliyev təyyarənin “Rusiyanın hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini” qeyd edib.
Təyyarə qəzası ilə bağlı Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də və 29-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək müzakirələr aparıb.
Prezident Putin “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğramasını faciəvi hadisə adlandırıb və faciəvi hadisənin Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyib.
Söhbət zamanı qeyd olunub ki, ciddi qrafikə əməl edən Azərbaycan sərnişin təyyarəsi dəfələrlə Qroznı hava limanına enməyə cəhd edib. Bu zaman Qroznı, Mozdok və Vladiqafqaz Ukraynanın döyüş pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalıb və Rusiyanın hava hücumundan müdafiə sistemləri bu hücumları dəf edib.
“Rusiya İstintaq Komitəsi Cinayət Məcəlləsinin 263 (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlayıb. İbtidai istintaq hərəkətləri aparılır, mülki və hərbi mütəxəssislər dindirilir. Hazırda Azərbaycan Baş Prokurorluğunun iki əməkdaşı Qroznıdadır və orada Rusiya Baş Prokurorluğunun və İstintaq Komitəsinin nümayəndələri ilə birgə işləyirlər. Rusiya, Azərbaycan və Qazaxıstanın müvafiq xidmətləri Aktau şəhəri yaxınlığında baş vermiş təbii fəlakət yerində sıx əməkdaşlıq edir”, Rusiya Prezidentinin rəsmi internet saytında yayılan məlumatda deyilir.
Dekabrın 29-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsinin qəzaya uğraması zamanı həlak olan ekipaj üzvlərinin dəfn mərasimində iştirakdan sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, Azərbaycan öz tələbini açıq şəkildə Rusiya tərəfinə bildirib.
“Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək”, Azərbaycan Prezidenti qeyd edib.
Bununla yanaşı, Rusiya tərəfi faciəvi hadisənin bu ölkənin hava məkanından baş verməsinə görə üzr istəsə də Azərbyacanın digər tələblərinə cavab verib-verməməsi barədə hələ məlumatlar yayılmayıb.
Bəs təyyarə qəzasının və ondan sonra baş verənlərin Bakı-Moskva münasibətlərinə hansı təsirləri ola bilər? ABŞ-dan araşdırma ilə bağlı yardım təklifinə rəsmi reaksiya hansı səbəbdən verilməyib? Bu suallar ictimai müzakirələrdə diqqət mərkəzində olan məsələlərdəndir. Amerikanın Səsi yuxarıdakı sadalanan məsələlərlə bağlı müxtəlif mövqeləri təqdim edir.
Baş Prokurorluq: Azərbaycan, Qazaxıstan, Rusiya və Braziliyadan olan müstəntiqlər istintaqı davam etdirir
Azərbaycan Baş Prokuroruğu bildirir ki, dekabrın 25-də Aktau şəhərinin yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə məxsus Bakı-Qroznı reysini yerinə yetirən Embraer 190 tipli təyyarənin qəzaya uğraması faktı üzrə başlanılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Məlumatda deyilir ki, Azərbaycan Baş prokuroru Kamran Əliyev hadisə baş verdiyi gündən etibarən Qazaxıstanın Baş prokuroru Berik Asılov, Rusiyanın Baş prokuroru İqor Krasnov, İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, eləcə də Braziliyanın Baş prokuroru Paulo Qonetlə intensiv əlaqədədir.
“Habelə, hadisənin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə Azərbaycan, Qazaxıstan, Rusiya və Braziliyadan olan peşəkar müstəntiq və mütəxəssislərin iştirakı ilə hadisə yerində genişmiqyaslı istintaq hərəkətləri həyata keçirilib”.
Azərbaycan Baş Prokurorluğunun dekabrın 30-da yaydığı məlumatda deyilir ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrık Baş prokuror Kamran Əliyevə zəng edərək Rusiyada araşdırılan cinayət işinin tam, hərtərəfli və obyektiv istintaq olunması məqsədilə peşəkar müstəntiq və kriminalistlərdən ibarət istintaq qrupunun yaradıldığını, təyyarənin qəzaya uğramasının kənar müdaxilə nəticəsində baş verməsi daxil olmaqla, hadisənin səbəb və şəraitinin hərtərəfli araşdırıldığını, təqsirkar şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyi barədə məlumat verib.
Asim Mollazadə: Rusiyanın indiyədək olan addımları qənaətbəxş deyil
Azərbaycan Milli Məclisinin deputatı Asim Mollazadə Amerikanın Səsinə deyib ki, Azərbaycanın təyyarə qəzası ilə bağlı Rusiyadan nə gözlədiyini Prezident İlham Əliyev çox açıq və dəqiq şəkildə ifadə edib.
“Bu istiqamətdə Rusiya tərəfi müvafiq addımlar atmalıdır, araşdırmalar aparmalıdır, günühkarlar cəzalandırılmalıdır. Burada söhbət yalnız təyyarənin zədələnməsindən getmir. Təyyarə zədələndikdən sonra da bir sıra cinayət tərkibi olan qərarlar verilib. Təyyarəyə yaxın aeroportlara eniş imkanları verilməyib. Təyyarə dəniz üzərindən Aktauya yönləndirilib. Yəni, cinayət tərkibli işlər çoxdur. Rusiya bunların hamısını araşdırmalıdır. Rusiya üzr istəməlidir, təminat verməlidir ki, müvafiq kompensasiyalar, ödəmələr həyata keçiriləcək. Bundan sonra Azərbaycan problemin həll olunmasını qeyd edə bilər. Hələ Rusiyanın üzərində bir sıra öhdəliklər var ki, onlar bunu yerinə yetirməlidir. Azərbaycan xalqı və Azərbaycan dövləti bunu Rusiyadan gözləyir.
Burada söhbət yalnız təyyarənin zədələnməsindən getmir. Təyyarə zədələndikdən sonra da bir sıra cinayət tərkibi olan qərarlar verilib.
Rusiya Azərbaycanla münasibətləri bəyan etdikləri kimi görmək istəyirsə müvafiq addımlar atmalıdır. İndiyədək olan addımlar qənaətbəxş deyil. İndiyədək olan addımlar çox ciddi suallar doğurur. Bu addımları Azərbayacan açıq və şəffaf şəkiləd Rusiyaya ifadə edir. Burada söhbət həm siyasi, həm də iqtisadi münasibətlərdən gedir”, deputat qeyd edib.
Mollazadə ABŞ-ın Azərbaycana təklif etdiyi yardımla bağlı sualın cavabında deyib ki, Azərbaycan faciə ilə bağlı təzminatları ilk növbədə Rusiyadan, cinayətlə bağlı olan qüvvələrdən gözləyir.
“Azərbaycana ABŞ-ın, yaxud da digər ölkələrin verə biləcəyi yardımlara ehtiyacı yoxdur. Problemin həllində Azərbaycan dövlətinin kifayət qədər imkanları var. ABŞ faciə ilə bağlı Azərbaycana öz müsbət fikirlərini ifadə edirsə, baş sağlığı verirsə, təbii ki, biz bunları məmnuniyyətlə qəbul edirik. Tək ABŞ deyil, bütün dünya ölkələrindən kim isə Azərbyacana öz müsbət fikirlərini ifadə edirsə qəbul ediirik”, o qeyd edib.
Deputat deyib ki, Azərbaycan ümidavrdı ki, ABŞ-da 20 yanvarda yeni administrasiya fəaliyyətə başlayandan sonra Azərbaycan-ABŞ münasibətlərinin bərpa olunması istiqamətində ciddi addımlar atılacaq.
Tofiq Zülfüqarov: ABŞ-ın təklifi hadisəni fərqli təqdim etmək istəyinin mümkün olmayacağını göstərdi
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov təyyarə qəzası ətrafında yaranmış vəziyyətin Azərbaycan-Rusiya münasibətlərinə təsirlərindən danışarkən Amerikanın Səsinə deyib ki, iki ölkə arasında müxtəlif dövrlərdə müxtəlif problemlər ortaya çıxır.
“Bu problemlərin həll olunması bu və ya digər şəkildə münasibətlərin inkişafına təsir edir. Azərbaycan təyyarə qəzası ilə bağlı Rusiyadan beynəlxalq qanunların və ənənələrin icrasını tələb edir. Əminəm ki, bunun nəticəsi əlaqələrin bünövrəsini təşkil edən iki suveren dövlətin qarşılıqlı münasibətlərinin fonunda olacaq. Bu da yeni növ münasibətlərin formalaşmasına gətirib çıxaracaq. Yəni postsovet dövrü artıq bitir. İndi münasibətlərin beynəlxalq qaydalara və qanunlara əsaslanan dövrüdür. Ondan irəli gələn davranış qaydaları formalaşır. Əminəm ki, təyyarə qəzasına bu qaydalara uyğun olaraq həm Azərbaycan, həm də Rusiya tərəfindən qiymət veriləcək”, keçmiş nazir qeyd edib.
Azərbaycan təyyarə qəzası ilə bağlı Rusiyadan beynəlxalq qanunların və ənənələrin icrasını tələb edir. Əminəm ki, bunun nəticəsi əlaqələrin bünövrəsini təşkil edən iki suveren dövlətin qarşılıqlı münasibətlərinin fonunda olacaq.
Zülfüqarov hesab edir ki, Azərbaycanın tələbləri beynəlxalq qanunlara uyğundur.
“Bu zaman beynəlxalq qanunlara söykənən yeni növ münasibətlər tətbiq olunur. Əminəm ki, Rusiya bunu düzgün başa düşərək Azərbaycana beynəlxalq qanunlara uyğun münasibət göstərəcək. Bu il Azərbaycan-Rusiya münasibətlərində yeni dövr üçün beynəlxalq qanunlara söykənən fundamental hadisə baş verib. Yəni razılaşma əsasında Rusiya sülhməramlıları Azərbaycan ərazisini tərk edib. Bu yeni növ münasibətlərin bir nümayişi idi. Hesab edirəm ki, təyyarə qəzası ilə bağlı münasibətlərdə də bu davam etidirləcək”. O qeyd edib.
Keçmiş nazir ABŞ-ın kömək təklifinə Azərbaycanın münasibətindən danışarkənd deyib ki, ABŞ-ın təklifi vaxtında verilən bir təklif olub.
“Çünki hamı bilir ki, bu və ya digər hadisə haqqında düzgün məlumnatın təqdim olunmasından çox şey asılıdır. Bilirik ki, bu sahədə ABŞ-ın böyük imkanları var. Çünki ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi böyük bir qurumdur. Dünyada baş verən hadisələr barədə düzgün məlumatlar bu qurumda qeyd olunur. Bu baxımdan hər hanası məlumatı gilətməık mümkün deyil. Çünki bu agentlik düzgün məlumatı təqdim edə bilir. Bu baxımdan kim isə düzgün olmayan məlumatı təqdim etmək istəyində olarsa, bu agentliyin təqdim etdiyi məlumat bunun qarşısını ala bilir. Bu baxımdan ABŞ-ın təklifi onu göstərdi ki, kimin isə baş vermiş hadisəni fərqli təqdim etmək istəyi mümkün olmayacaq”, Zülfüqarov qeyd edib.
Seymur Həzi: Putin səhvə görə üzr istəyib, bəs qəsdin nəticəsi necə olacaq?
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi təyyarə qəzasının və ondan sonra baş verənlərin Azərbaycan-Rusiya münasibətlərinə təsiri ilə bağlı Amerikanın Səsinə deyib ki, münasibətlərdə müəyyən bir gərginlik hiss olunur.
“Amma bu Bakının Kremldən strateji üzçevirməsi ilə nəticələnməyəcək. Bunu İlham Əliyevin sonuncu müsahibəsindən də hiss etmək mümkündür. Əliyevin ən sərt açıqlaması bu oldu ki, Bakı-Qroznı reysi açılmaya bilər. Bu ifadə hər şeyi deyir. Sadəcə, indi emosiyalar gərilib, ictimai diqqət Əliyevə yönəlib və onun belə bir çıxışı etməsi təbii idi. Mən bundan uzağa gedən nəticələr çıxarmağın tərəfində deyiləm”, o qeyd edib.
Rusiya hüququn deyil, gücün dilini anlayır. Bu baxımdan araşdırma qrupunun daxilində ABŞ-ın olması prosesin daha obyektiv gedəcəyinə qarantiya ola bilər.
Seymur Həzinin fikrincə, Rusiya tərəfindən Azərbaycana iki ayrı motivdə davranış olub.
“Bunlardan biri, deyək ki, təyyarənin vurulması səhvdir, amma vurduqdan sonra təyyarəyə enmə imkanı verməmək, onu dənizə istiqamətləndirmək, aşkar qəsddir. Putin səhvə görə üzr istəyib, bəs qəsdin nəticəsi necə olacaq? Qəhramanlıq göstərmiş insanlara qəhraman demək böyük şücayət deyil, fikrimcə onların ruhu qarşısında ən böyük xidmət bu qəsdin cavabını vermək, günahkarların cəzalanmasına nail olmaqdır”, AXCP sədrinin müavini belə düşünür.
ABŞ-dan araşdırma ilə bağlı yardım təklifinə rəsmi reaksiya ilə barədə danışarkən Seymur Həzi deyib ki, ABŞ Dövlət Departamentinin qəzanın araşdırlması ilə bağlı Azərbaycana yardım təklif etməsi “ona görə əhəmiyyətlidir ki, qarşıdaki dövlət Rusiyadır”.
“Rusiya hüququn deyil, gücün dilini anlayır. Bu baxımdan araşdırma qrupunun daxilində ABŞ-ın olması prosesin daha obyektiv gedəcəyinə qarantiya ola bilər. Rəsmi Bakının hələ də bu təklifə reaksiya verməməsi Rusiyanı çox qıcıqlandırmamaq taktikası ola bilər. Bu isə onu deməyə əsas verir ki, Əliyevin antirusiya çıxışı əsasən bu ritorika çərçivəsində olacaq. Ola bilsin, hələ ki, proqnozlaşdırılması çətin olan yeni vəziyyət yaransın, amma bu hələ ki, üfüqdə görsənmir”, o bildirib.
Təyyarə bələdçisi: Rusiya hələ zəng edib üzrxahlıq etməyib
AZAL -ın qəzaya uğrayan təyarəsinin sağ qalmış bələdçisi Zülfiqar Əsədov Amerikanın Səsinə deyib ki, Qroznı üzərində təyyarəyə üç dəfə dalbadal xaricdən zərbələr dəydi.
Qəlpələrdən biri mənim qoluma dəydi, yaralandım.
“Qəlpələrdən biri mənim qoluma dəydi, yaralandım. Yaralı vəziyyətdə sərnişinləri sakitləşdirməyə çaılışırdırm”, o qeyd edib.
Əsədov ona indiyədək Azərbaycan və Qazaxıstanda tibbi yardım göstərildiyini deyib.
“Inidyədək Rusiya tərəfindən hər hansı yardım almamışam. Rusiyanın rəsmi qurumları zəng edərək hələ üzrxahlıq etməyib”, o qeyd edib.