Şaqüli təbliğatdan üfiqi təbliğata keçid

2-01-2025, 12:18           
Şaqüli təbliğatdan üfiqi təbliğata keçid
Sosial şəbəkələr dünyanın mənzərəsini dəyişib, bəli, artıq dəyişib – sosial şəbəkələr əsas informasiya mənbəyinə çevrilib, hər bir şəxs artıq xəbər, fikir “istehsalçısıdır”. Problem odur ki, xəbərin, fikrin keyfiyyəti önəmli deyil, kəmiyyəti önə çıxıb.
Təbliğat anlayışı yaranandan bu günə daha çox şaquli işləyib – hakimiyyət, və ya hansısa “beyin mərkəzi” öz maraqları çərçivəsində tezislər yaradıb, TV və ənənəvi media isə bu tezisləri kütlələrə yaymaqla məşğul olub. Bu ta qədimdən belədir, 19-cu əsrə qədər xəbər və tezisləri şəhər, kənd bazarlarında meydanlarında, “duyduq-duymadıq deməyin”, xəbərdarlığı ilə yayırdılar (müasir dillə desək “flash news” etiketi ilə). Xəbərin, tezisin mənbəyi isə hakimiyyətlər idi, sonra azad media anlayışı gəldi, amma KİV-lər ya ideoloji, ya da sponsor “gözləri” ilə məsələrə baxmağa, o kontekstdən yaymağa başladılar.
Daha sonra təbliğatın kino, teatr, ədəbiyyat kimi qolları da yarandı – amma, yenə də, əsas tezis sahibləri hakimiyyətdəkilər idi.
20-ci əsrin ortalarından sonra Qərb cəmiyyətinin beyinlərə yerləşdirildi ki, məsələn, BBC, Euronews, Amerikanın Səsi, Washington Post, New York Times, Guardian, Le Monde və s. kimi media heç vaxt yalan danışmır, həqiqətləri yayır.
Sovet cəmiyyəti isə, “TV-lərdə yalan olmaz, televizorda dedilərsə doğrudur”, moduna kökləndilər. 20-ci əsrin sonunda ilk yıxılan sovet təbliğatı oldu, insanlarda əvvəl hökumətlərə, sonra da onların təbliğatlarına inamsızlıq yarandı, yeni media resursları çox böyük populyarlıq qazandı. Yəni, hökumətlər zatən yalan danışır deyə, insanlarda onların tezisləri ilə formalaşan mediaya məkana, informasiya axınına inamsızlıq yarandı. Post-sovet ölkələri əvvəl bu fenomenlə nə edəcəyini bilmirdilər, çünki “qırmızı elita” TV, kino, teatr və ədəbiyyat təbliğatından başqa heç nə bilmirdilər, yeni texnologiyalara yad idilər. Artıq 2000-ci illərin əvvəlindən başlayaraq adoptasiya olmağa başladılar, ya zorla, ya pulla əvvəl yeni media formatlarını nəzarətə götürdülər, amma yenə də şaquli idarəetmədən kənara çıxa bilmədilər.
Qərbdə tranformasiya fərqli getdi – sosial şəbəkələr onların həyatına daha tez girdi, onillərlə “həqiqət carçısı” saydıqları media resurslarının “fake news” olduğunu anlamağa başladılar, gördülər ki, dünənə qədər yalan danışmadıqlarına və manipulyasiya etmədiklərinə inandığı resurslar təbliğat maşınına çevrilirlər, azad söz ancaq tezis olaraq hər şeyi ört-basdır etmək üçün pərdəyə çevrilib. Son “pandemiya” bu məsələdə ənənəvi “həqiqət carçılarının” tabutuna son mismar oldu. Onların manipulyativ yanaşmasının şahidi oldular, artıq ənənəvi media öz təsir gücünü itirmiş oldu. Məhz o zaman Qərb polit-texnoloqları şaqüli təbliğatdan üfiqi təbliğata keçidib vacibliyini anladılar. Yeni üfiqi təbliğat üsulları kəşv edildi, amma, sosial şəbəkələr azadlıqların da çərçivəsini xeyli genişləndirdi.
Bu gün post-sovet məkanı da üfiqi təbliğata keşir-keçib, amma ənənəvi üsullardan da əl çəkmək, “tesiz mediasını” unutmaq istəmirlər. Ümumiyyətlə, dünyada, istənilən ölkədə hakimiyyətlərə institut olaraq inamsızlıq ən yüksək səviyyələrə çatıb deyə, onlardan gələn mesajlar ya qəbul edilmir, ya da, tam əks effekt verir.
İndi gələk əsas məsələyə - hörmətli üfiqi təbliğat və xəbər yayan cəmiyyət üzvləri, sosial şəbəkələr bizə unikal şans verir ki, bu medotda hakimiyyəti udaq, çünki, bu yanaşmada əsas “oyunçu” bizik, onlar deyil. Əgər bir istifadə etdiyimiz platformaları əsl müzakirə və həqiqət mərkəzinə çevirə bilsək, istənilən hökumət bununla hesablaşmalı olacaq. Sosial şəbəkələrin gündəmi hökumətin də gündəminə çevriləcək, bunun üçün bir nömrəli məsələ düşünməkdir, küyçülükdən uzaq olmaq, üfiqi təbliğata “yem” kimi atılan məsələləri “çeynəməməkdir”. Şaquli təbliğat işləmir, bu dəqiqdir, üfiqi təbliğatı isə idarə etməyə ciddi cəhdlər var, amma biz olğun cəmiyyət üzvləri kimi davransaq, bu məsələdə təşəbbüsü ələ ala, ölkənin həlli vacib məsələlərini biz təyin edə bilərik.
Amma, təəssüf ki, hələ atılan “yemləri” uduruq, süni gündəmləri “çeynəyirik”. (ardı gələn həftə)...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.