İlham Şaban: Ukrayna ərazisindən qaz nəqlinin dayandırılması Azərbaycan qazına tələbatı artıracaq
2-01-2025, 16:23
Rusiyanın “Qazprom” şirkəti Ukrayna ərazisindən qaz nəqlini dayandırıb.
Bu barədə “Qazprom” şirkəti Telegram kanalında məlumat yayıb.
Məlumatda deyilir ki, 1 yanvar 2025-ci ildə Moskva vaxtı ilə saat 8-də 30 dekabr 2019-cu ildə imzalanmış sənədlərin qüvvədə olma müddəti başa çatıb.
"Qazprom" ilə Ukraynanın "Naftoqaz" şirkəti arasında Rusiya qazının Ukrayna ərazisindən nəqlinin təşkili və Rusiya və Ukraynanın Gaz Nəqletmə operatorları - Qazprom PJSC və Ukraynanın Qaz Ötürmə Sistemi Operatoru MMC arasında qarşılıqlı fəaliyyət haqqında sazişin müddəti başa çatıb. Ukrayna tərəfinin bu sazişləri yeniləməkdən dəfələrlə və açıq şəkildə imtina etməsi səbəbindən “Qazprom” 2025-ci il yanvarın 1-dən Ukrayna ərazisindən tranzit qaz tədarükü üçün texniki və hüquqi imkandan məhrum edilib. Moskva vaxtı ilə saat 8-dən etibarən Rusiya qazının Ukrayna ərazisindən nəqli həyata keçirilmir”, "Qazprom" bildirir.
Rəsmi məlumata görə , 2024-cü ildə “Qazprom” Ukraynadan tranzit yolla Avropaya təxminən 15 milyard kubmetr qaz tədarük edib ki, bu da Aİ-də ümumi istehlakın 4,5 faizini təşkil edib.
İndi Avropa ölkələri üçün Rusiya qaz boru kəmərinin yeganə mənbəyi “Türk axını”ndan keçən “Balkan axını” qalır. Bu kəmər vasitəsi ilə hər il Rumıniya, Yunanıstan, Şimali Makedoniya, Serbiya, Bosniya və Herseqovina və Macarıstana təxminən 14-15 milyard kubmetr qaz verilir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bidlirib ki, Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılması Azərbaycan qazına tələbatı daha da artıracaq.
Təhlilçinin dediyinə görə, Azərbaycan qazının 2021-ci ildən başlayaraq hər il Avropaya nəqlinin mütəmadi artımı müşahidə edilir.
“2021-ci ildə Azərbaycan Avropa bazarında 8.1 milyard kubmetr qaz satmışdısa, 2023-cü ildə bu 11,8 milyar kubmetrə qədər artırıldı. 2024-cü ildə isə Azərbaycan Avropa bazarında 12,9 milyard kubmetr qaz satmağa müvəffəq olub”, o qeyd edib.
İlham Şabanın fikrincə, Azərbaycanın Avropa bazarında qaz həcmlərini artırmaq üçün 2024-cü ildə mühüm tədbirlər həyata keçirib.
“Qaz həcminin artırılması ondan qaynaqlanır ki, 2024-cü ildə Azərbaycan Avropada qaz ixracı çoğrafiyasını genişləndirərək 10 ölkəyə çatdırb. Belə ki, Azərbaycan 2024-cü ildə Serbiyaya, Xorvatiyaya, Sloveniyaya, Şimali Makedoniyaya və Slovakiyaya qaz ixracını həyata keçirib. Buna görə də 2024-cü ildə Avropa bazarında qaz satışını 1 milyard bubmetr artıra bilib”, təhlilçi qeyd edib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri “Qazprom”un Ukrayna ərazisindən qazın nəqlini daynadırmasından sonra Azərbaycan qazına Avropada tələbatın artmasından danışarkən deyib ki, Azərbaycan prezidentinin açıqlamasına görə 2027-ci ilə qədər Azərbaycan Avropa bazarında qaz satışı həcmlərini ildə 16 milyard kubmetrə çatdırmağı hədəf qoyub.
“Yəni Avropa ölkələrinə qaz satışı 3 milyard kubmetr artırılacaq. 2024-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Avropa Birliyinin Cənub Qaz Dəhlizinin genişləndirilməisini dəstəkləmədiyini bilərək alternativ variant üçün yeni saziş imzalayıb. Avropa bazarına əlavə qaz həcmi çıxarmaq üçün SOCAR Türkiyənin BOTAŞ (Neft Boru Kəməri Nəqliyyatı Anonim Şirkəti) şirkəti ilə həmin şirkətə məxsus infrastrukturdan istifadə barədə razılığa gəlib. 2024-cü il iyunun 4-də Azərbaycan və BOTAŞ arasında bununla bağlı saziş imzalanıb. Nəticədə Azərbaycan öz qazını Avropa bazarına iki istiqamətdə ixrac imkanı əldə edib. Bunlardan biri TAP (Trans-Adriatik boru kəməri) kəməri, ikincisi isə Türkiyə-Bolqarıstan kəməridir. Bu isə Azərbaycanın Avropaya qaz ixracını kifayət qədər artırmağa imkan verir”.
Təhlilçi ölkənin Avropa bazarında qaz həcmlərini artırmaq üçün kifayət qədər qaz ehtiyatlarına malik olduğunu deyib.
“Həmçinin 2024-cü ildə Azərbaycan BP şirkəti ilə Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarının dərin qatlarından təbii qaz ehtiyatlarının işlənmısi üçün mövcud müqaviləyə dəyişiklik etdi. Həmin dəyişikliyə əsasən 2026-cı ildə bu yataqların dərin qatından ilk təbii qaz hasil ediləcək. AÇG-nin dərin qatlarında təbii qaz ehtiyatı 120 milyard kubmetrdir. Bu isə Avropa bazarına əlavə həcmləri çıxarmaq üçün yetərlidir”, o qeyd edib.