Dəyişməyən xislət: Əyalət mollasının dediklərinə təəccübləndikmi? - Düşmənin BUYNUZU OLMUR...
2-01-2025, 11:51
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan dünən Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı, 29 dekabr 2024-cü il tarixində Ərdəbildə İranın Ali Rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının "Xəbər Şəbəkəsi" kanalında yayımlanan tədbirdə Azərbaycana və Azərbaycanın dövlət başçısına qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib.
Bununla yanaşı, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhvali-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb. İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələrimiz qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi qarşı tərəfə bildirilib. Bu kimi hərəkətlərin ikitərəfli dövlətlərarası və insanlararası münasibətlərin qorunub saxlanılması və dərinləşdirilməsi əvəzinə, nifrət və düşmənçilik yaratmaq məqsədi daşıdığı qeyd olunub. Ölkəmizə qarşı bu kimi təxribatlara son qoyulması tələb olunub.
Zaman-zaman İrandakı bəzi mollalar, dövlət xadimləri, deputatlar tərəfindən Azərbaycan barədə təhqiredici açıqlamalar, təhdid xarakterli bəyanatlar verilir. Amelinin təxribat xarakterli anti-Azərbaycan fikirləri nə ilkdir, nə də yəqin ki, sondur. Analitiklər, İran rejimini tanıyan şəxslər bildirirlər ki, İrandakı anti-Azərbaycan şəbəkələrinin qonşuluq siyasətinə zidd açıqlamalarının səbəbləri çox dərindir.
AYNA-nın suallarını cavablandıran “GünAz” TV-nin rəhbəri, güneyli fəal Əhməd Obalı deyib ki, məsələnin kökü fars şovnizmindədir. Onun sözlərinə görə, İran hər zaman üzdə dost görünür, arxada isə düşmənçilik aparır:
- Son illərdə isə İran tərəfindən düşmənçilik arxada yox, elə üzdə, açıq şəkildə həyata keçirilir. Yenə deyirəm, İranın Azərbaycana qarşı düşmənçiliyinin kökünə baxmaq yetərlidir. İranın Azərbaycan siyasətinin mahiyyətində düşmənçilik dayanır. Amelin, yaxud da hansısa bir molla nəsə deyirsə, demək, bu, Ali Rəhbər Seyid Əli Xamneyinin sözləridir. Çünki onun təsiri altında olan şəxslər özbaşına bəyanat verə bilməz. Ali Rəhbər üçün, Tehran rejimi üçün əsas məsələ fars dövlətçiliyidir, fars şovnizmidir. Baxmayaraq ki, İranda milyonlarla Azərbaycan türkü yaşayır, digər millətlərin nümayəndələri var, onlar ölkəni farsçılıq üzərində qurublar. Farsçılıq isə türk düşmənçiliyi anlamını verir. Tarixən belə olub, hazırda da bu siyasət davam edir. İranın bu gün erməniyə dəstəyi də türk düşmənçiliyindən qaynaqlanır. Onların erməniyə əslində heç bir sevgisi yoxdur. Sadəcə ermənilərdən alət kimi istifadə etmək, türk düşmənçiliyini davam etdirmək niyyətindədirlər.
Hesab edirəm ki, Amelin bu cür alçaq çıxışından, Azərbaycan haqqında dediklərindən təəccüblənmək lazım deyil. Amma Azərbaycan dövlət səviyyəsində Tehran rejiminin cavabını verməlidir. Necə ki, rəsmi Bakıdan artıq cavab verilib, etiraz bildirilib, diplomat nazirliyə çağırılıb.
- Dediniz ki, İran hər zaman düşmənçilik edib, amma arxada. İndi üzdə, açıq şəkildə bunu nümayiş etdirməsinin səbəbi nədir?
- Çünki artıq Tehrandakılar da anlayırlar ki, Azərbaycanda hər kəs – istər hakimiyyət, istərsə də xalq İranın siyasətinin nədən ibarət olduğunu bilirlər. Rejim daha düşmənçiliyi gizlətməyə ehtiyac olmadığını düşünür. Eyni zamanda, Azərbaycanda İrana, fars-molla rejiminə rəğbəti olan insanlar var. Bunu danmaq olmaz. Ola bilsin ki, Tehran bu insanlara da hansısa mesajlarını çatdırmaq niyyətindədir.
İkinci amil isə odur ki, Azərbaycanın 44 günlük Vətən savaşındakı qələbəsini irandakılar hələ də həzm edə bilmirlər, bu qələbə rejimi qıcıqlandırır, əsəbləşdirir. Məlumdur ki, İran Birinci Qarabağ müharibəsində də, İkinci Qarabağ müharibəsində də ermənilərə yardımlarını əsirgəməyib. Şuşanın işğal edilməsində də Tehran rejiminin müstəsna xidməti olub. Sadəcə bu düşmənçiliyi o vaxtlar “dostluq” adı ilə pərdələyirdilər. İndi düşmənçiliklərini ona görə üzdə göstərir ki, Azərbaycan möhtəşəm qələbə qazandı, ərazilərini işğaldan azad etdi. Dediyim kimi, bu qələbəni həzm etmək İran rejimi üçün çətindir.
- Belə fikirlər var ki, İranın əsəblərini tarıma çəkən amillərdən biri də Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləridir...
- Bunu iddia edənlər yerdən-göyə qədər haqlıdırlar. Türkiyə-Azərbaycan əlaqələrinin yüksələn xətlə davam etməsi, güclərini birləşdirməsi İranı qıcıqlandıran əsas amillərdən biridir. Bu gün Azərbaycan-Türkiyə birlikdəliyi regionda daha çox söz sahibidir ki, bu, fars rejiminin xoşuna gəlmir, siyasətinə və maraqlarına ziddir. Bəşər Əsəd rejimini dəstəkləyən İran Əsədin devrilməsi ilə Suriyada məğlub oldu. Həm də Türkiyəyə məğlub olmuş İran Ankaranın Suriyanı yenidən qurmaq siyasətinə və buna dəstək verən Azərbaycana əsəbidir. Bütün bunlar isə hansısa əyalət mollasının bəyanatında mesaj kimi verilir. Əslində isə bu bəyanatı Xameneyi verir.
- Güney Azərbaycan türklərinin Tehranın bu siyasətinə münasibəti necədir?
- Güneydəki soydaşlarımızın demək olar ki, 80-90 faizi fars şovnizminə, İranın Azərbaycana qarşı siyasətinə qarşıdır. Bunu xüsusilə, güneyli fəalların sosial şəbəkələrdə yazdıqları fikirlərdən bilmək olar. Əlbəttə, Tehran rejiminin bu siyasəti nifrətlə qarşılanır. Amma təbii ki, güneylilər arasında Tehran rejiminin əlaltıları var, rejimə inanalar mövcuddur. Lakin bunlar az saydadırlar. Dünyanın hər yerində belə tip insanlar mövcuddur ki, milli maraqları şəxsi maraqlardan üstün tuturlar. Bütövlükdə isə Güney Azərbaycan türklərinin ürəyi Bakı ilə döyünür. Buna heç kimin şübhəsi olmamalıdır.