"Çin-Qırğızıstan-Özbəkistan" dəmir yolunun tikintisinə başlanılıb: Bakı ondan nə gözləyir?

3-01-2025, 15:18           
"Çin-Qırğızıstan-Özbəkistan" dəmir yolunun tikintisinə başlanılıb: Bakı ondan nə gözləyir?
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi logistik imkanları sayəsində Avropa və Asiya arasında tranzit mərkəzinə çevrilən Azərbaycanın diqqət mərkəzindədir.
Dekabrın 27-də Cəlal-Abad vilayətinə işgüzar səfəri zamanı Qırğızıstan Prezidenti Sadır Japarov Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə rəsmən start verib.
Bu barədə "Akçabar" nəşri xəbər verib.
Qırğızıstan Prezidentinin sözlərinə görə, bu dəmir yolunun tikintisi regionun nəqliyyat infrastrukturunun inkişafında yeni dövr açacaq tarixi hadisədir. O, bu mühüm layihənin həyata keçirilməsində göstərdikləri dəstəyə və iştiraka görə Çin və Özbəkistana minnətdarlığını bildirib.
"Çin-Qırğızıstan-Özbəkistan" dəmir yolu, sadəcə, nəqliyyat dəhlizi deyil, Şərqlə Qərb ölkələrini birləşdirəcək mühüm strateji körpüdür" - Japarov vurğulayıb.
O, həmçinin qeyd edib ki, yeni marşrut Avrasiya kontinental körpüsünün cənub həlqəsinə çevriləcək və Cənub-Şərqi, Qərbi Asiya və Yaxın Şərq bazarlarına marşrutlar açacaq. Qırğızıstan prezidentinin sözlərinə görə, layihənin bir sıra əsas üstünlükləri var. Birincisi, dəmir yolunun tikintisi Qırğızıstanın iqtisadi inkişafını sürətləndirəcək, ölkəni Avrasiya qitəsində tranzit qovşağı kimi gücləndirəcək.
İkincisi, bu, ticarətin, turizmin və sənayenin inkişafı üçün yeni imkanlar açacaq, eləcə də ölkənin çətin əlçatan hesab edilən ərazilərində nəqliyyatın əlçatanlığını yaxşılaşdıracaq.
Dəmir yolunun tikintisi həm də regionlararası əlaqələri gücləndirəcək və beynəlxalq nəqliyyat qovşağı kimi regionun rəqabət qabiliyyətini artıracaq.
Çindən Avropaya yeni marşrut necə qurulacaq
Çini Mərkəzi Asiya ölkələri ilə birləşdirəcək dəmir yolunun tikintisi layihəsi 25 ilə yaxındır müzakirə olunur. Bir neçə, o cümlədən Çindən Qırğızıstan vasitəsilə Özbəkistana, oradan Türkmənistana, İrana və Türkiyəyə marşrut variantları nəzərdən keçirilib. Tərəflər uzun müddət trasın eni, eləcə də hündür dağlıq, əlçatmaz ərazilərdən keçəcək magistralın tikintisinin dəyəri və onun marşrutu ilə bağlı razılığa gələ bilmirdilər.
Dəmir yolu layihəsinin həyata keçirilməsinin Çindən Özbəkistandan keçməklə Türkiyəyə və daha sonra Avropaya, eləcə də Fars körfəzi ölkələrinə ticarət və daşımaların coğrafiyasını genişləndirəcəyi gözlənilir.
Qeyd edək ki, "Çin-Qırğızıstan-Özbəkistan" dəhlizinin uzunluğu 486 km olacaq ki, bunun da, təxminən 312 km-i 18 dəmir yolu stansiyasının tikintisinin nəzərdə tutulduğu Qırğızıstan ərazisindən keçəcək. Əlavə olaraq, ərazilərin dağlıq relyefi nəzərə alınaraq 81 körpünün tikintisi və uzunluğu 120 km-dən çox olan 41 tunelin qazıntısı tələb olunacaq.
Pekin, Daşkənd və Bişkek arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, Çin dəhlizin inkişafı və idarə olunması üzrə birgə müəssisədə 51%, Qırğızıstan və Özbəkistan hərəyə 24,5% pay alacaq.
"Çin-Qırğızıstan-Özbəkistan" layihəsinin dəyəri şərti olaraq 4,7 milyard dollar həcmində qiymətləndirilir. İştirakçı ölkələr öz vəsaitlərinin yarısını birgə müəssisədəki paylara uyğun olaraq verəcəklər. Belə ki, 1,18 milyard dollar Çin tərəfindən ayrılacaq, daha 2,35 milyard dollar isə Çin bankları tərəfindən verilən qeyri-kommersiya krediti olacaq. Qalan məbləği Qırğızıstan və Özbəkistan ayıracaq.
Layihənin əhəmiyyəti nədir?
Bu gün Çin üçün öz məhsullarını Avropa bazarına çıxarmaq iqtisadi və istehsal məqsədlərinə çatmaq üçün böyük əhəmiyyət kəsb edən məsələdir. Bu mənada Pekin üçün nəqliyyat dəhlizləri və onların diversifikasiyası son dərəcə vacibdir.
Eyni zamanda, çətin geosiyasi vəziyyəti və Yəmən husi üsyançılarının hərəkətləri səbəbindən yükgöndərənlərin üzləşdiyi riskləri nəzərə alaraq, dünya bazarına çıxmaq üçün mümkün qədər çox variantın yaradılması Pekin üçün prioritet məsələdir.
Layihənin həyata keçirilməsinin Qırğızıstan və Özbəkistan üçün faydalarına gəldikdə isə, şübhəsiz ki, bütün iştirakçılar bundan faydalanacaqlar. Belə ki, Bişkek müasir dəmir yolu nəqliyyatı sistemi əldə edəcək, həm də ölkə ərazisindən tranzit daşımaların inkişafından əldə olunan gəliri xeyli artıracaq. Özbəkistan üçün ənənəvi olaraq Qazaxıstandan keçən Çin mallarının idxalı marşrutlarının şaxələndirilməsi də vacibdir.
Ümumilikdə, "Çin-Qırğızıstan-Özbəkistan" marşrutu üzrə avtomobil nəqliyyatı tranzitinə artıq tələbat var və bu istiqamətdə daşıma son iki ildə, təxminən 7 dəfə artıb.
Azərbaycan dəmir yolu layihəsindən nə gözləyir?
"Çin-Qırğızıstan-Özbəkistan" dəmir yolu layihəsi logistik imkanları sayəsində Avropa ilə Asiya arasında tranzit mərkəzinə çevrilən Azərbaycanın da diqqət mərkəzindədir.
Belə ki, bu magistral tikilib istifadəyə verildikdən sonra o, sonradan Xəzər dənizinə çıxışla Qazaxıstan və ya Türkmənistanın nəqliyyat sisteminə inteqrasiya olunacaq. Oradan isə sonrakı marşrut Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Avropaya və ya "Şimal-Cənub" BND-nin qərb (Azərbaycanın iştirakı ilə) qolundan Rusiya Federasiyasına uzana bilər.
İstənilən halda Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolunun istifadəyə verilməsi Azərbaycan üçün əlavə bonus olacaq ki, bu da Çindən yeni həcmdə yüklər cəlb etməklə, tranzit rolunu gücləndirəcək və mənfəəti artıracaq.
Üstəlik, böyük həcmdə beynəlxalq yüklərin daşınması üçün Azərbaycan öz imkanlarını fəal şəkildə modernləşdirir və genişləndirir.
Beləliklə, "Çin-Qırğızıstan-Özbəkistandan" dəmir yolu ilə göndərilməsi planlaşdırılan 7-13 milyon ton yük Azərbaycanın nəqliyyat, logistika və tranzit sektorunun inkişafı üçün daha bir katalizator ola bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.