TARİF ŞURASININ ÖZÜ DƏ, FƏALİYYƏTİ DƏ QANUNSUZDUR - tanınmış hüquqşünasdan İLGİNC AÇIQLAMALAR

3-01-2025, 10:16           
TARİF ŞURASININ ÖZÜ DƏ, FƏALİYYƏTİ DƏ QANUNSUZDUR - tanınmış hüquqşünasdan İLGİNC AÇIQLAMALAR
"Tarif Şurası xalqın ən “sevimli” dövlət qurumudur. Elə məhz bu “sevgi”yə görə də ona sədrlik edən iqtisadiyyat nazirindən başqa tərkibində ciddi fiqurlar yoxdur. Kimlər var? Yalnız müxtəlif qurumların rəhbərlərinin müavinləri (İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərindən başqa): maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini və s. (cəmi 13 nəfər). Şuranın qərarları çox “populyar” olduğu üçün onun tərkibinə ciddi vəzifə sahibləri təyin olunmur ki, xalqın onlara “məhəbbəti” əsas işlərini görməyə mane olmasın..." "DİA-AZ" xəbər verir ki, bunu açıqlamasında tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib.
"Reallıqda da bu amorf bir qurumdur" deyə vurğulayan Ə.Həsənov daha sonra əlavə edib: "Sadəcə kollektiv qərar təsəvvürü yaratmaq üçündür ki, heç kəsin fərdi məsuliyyəti olmasın (məsələn, güllələməni niyə kollektiv icra edirlər? elə məhz ona görə ki, heç kəs özünü qatil kimi hiss etməsin). Heç bəlkə də əyani iclasları da keçirilmir. Sadəcə lazım olan qərarları imzlayırlar, vəssalam.
Yəqin, elə buna görə də Şuranın hüquqi statusu və fəaliyyətinin qanuniliyinə heç kəs diqqət yetirmir. Əslində, tam qanunsuzdur!
Deməli, Şuranı hələ 2002-ci ildə Nazirlər Kabineti yaratmışdı. Naməlum status və səlahiyyətlərlə. 26 dekabr 2005-ci ildə isə onun Əsasnaməsini və tərkibini artıq Prezident təsdiq etdi (341 nömrəli “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Fərmanla). Həmin Fərman “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Prezidentin 2005-ci il 31 may tarixli 242 nömrəli digər Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə verilmişdir. Sözügedən bənddə Nazirlər Kabinetinə tapşırılmışdı ki, “qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısını dəqiqləşdirib təsdiq etsin. Tarif Şurasının çevik fəaliyyətini təmin etmək məqsədilə onun haqqında Əsasnamənin yeni layihəsini iki ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin”.
Ümumən Mərkəzi Bank haqqında Qanuna əsasən inflyasiya ilə mübarizə Mərkəzi Bankın səlahiyyətidir (qiymətlərin sabitliyi onun əsas məqsədidir və fəaliyyətinə müdaxilələr yolverilməzdir: 4-cü və 6-cı maddələr). Buna görə də bu Fərmanın özü təəccüblüdür. Üstəgəl antiinflyasiya tədbirlərinin Tarif Şurasına nə aidiyyəti var?
Ümumiyyətlə, Prezidentin fərmanları Konstitusiyadan və qanunlardan irəli gəlməlidir. Qeyd etdiyim hər iki fərmanda isə onların Konstitusiyanın hansı maddəsi və ya hansı qanun əsasında qəbul olunmaları qeyd olunmayıb. İkinci Fərman (Tarif Şurasının Əsasnaməsi və tərkibi barədə) isə ümumiyyətlə birinci Fərmanın əsasında qəbul olunub. Bu yanaşma ən azı “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 18.4-cü maddəsindən (Prezidentin normativ hüquqi aktı qəbul olunduqda bu aktın istinad etdiyi Konstitusiyanın maddəsi göstərilməli və aktın həmin maddənin icrası məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir) irəli gəlir.
Bəli, ola bilər ki, müəyyən sahə üzrə qanun yoxdur, amma təcili tənzimləməyə ehtiyac var. Bu halda Prezidentin məsələni fərmanla həll etməsi mümkündür (Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq). Lakin məsələ bundadır ki, bu sahəni tənzimləyən Qanun VAR: 30 may 2003-cü il tarixli “Tənzimlənən qiymətlər haqqında”! Çox vacib, lakin unudulmuş Qanundur. 22 il ərzində ona cəmi bir dəfə düzəliş edilib, özü də texniki xarakterli: 2023-cü ildə “kütləvi informasiya vasitələri” ifadəsi “media” sözü ilə əvəz olunmuşdur.
Bu Qanunun əsas maraqlı cəhəti odur ki, indiyədək onun icrası barədə Fərman qəbul olunmayıb. Halbuki, buna ehtiyac var. Belə ki, sözügedən “Tənzimlənən qiymətlər haqqında” Qanunun 2.1.6-cı maddəsinə əsasən qiymətlərin dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı – tənzimləyici orqan yaradılmalı idi. Qanunun 7-ci maddəsində həmin orqanın səlahiyyətləri də təsbit olunub: qiymətlərin tənzimlənməsini həyata keçirmək, qiymətlərin tənzimlənməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və s. Lakin indiyədək bu tənzimləyici orqan (müvafiq icra hakimiyyəti orqanı) yaradılmayıb!
Bəlkə Tarif Şurası elə “Tənzimlənən qiymətlər haqqında” Qanunda qeyd olunan tənzimləyici orqandır? Xeyr! Əvvəla, ona görə ki, Tarif Şurasının Əsasnamənin təsdiqi barədə Fərmanda həmin Qanuna istinad edilmir. Digər tərəfdən isə Tarif Şurasının Əsasnaməsində onun icra hakimiyyəti orqanı olması təsbit edilməyib. Əsasnamənin 1.1-ci bəndinə görə Şura sadəcə “kollegial orqandır”. Kimsə deyə bilər ki, nə olsun, statusu icra hakimiyyəti orqanı deyil, tərkibində isə icra hakimiyyəti orqanının nümayəndələridir. Hüquqi yanaşma deyil, əvvəla, amma hətta bu da belə deyil! Məsələn, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri də Tarif Şurasının üzvüdür, halbuki, həmin Agentlik icra hakimiyyəti orqanı deyil, publik hüquqi şəxsdir.
Yeri gəlmişkən, “Tənzimlənən qiymətlər haqqında” Qanunun 6-cı maddəsində qiymətlərin tənzimlənməsinin 7 üsulu nəzərdə tutulub. Qiymətlərin səviyyəsini məhdudlaşdırmaq (bir növ inflyasiya ilə mübarizə) onlardan yalnız biridir. Bu, bir daha təsdiq edir ki, Tarif Şurasının Əsasnaməsinin sırf antiinflyasiya tədbiri kimi təsdiq edilməsi düzgün deyil.
Bir sözlə, qiymətləri “Tənzimlənən qiymətlər haqqında” Qanununa əsasən icra hakimiyyəti orqanı olan tənzimləyici orqan tənzimləməlidir. Həmin Qanun əsasında belə bir orqan 22 ilin ötməsinə baxmayaraq yaradılmayıb. Tarif Şurası isə həmin orqan deyil və onun hətta mövcudluğu da qanuna ziddir.
O ki qaldı Tarif Şurasının iş mexanizminə, burada da həmişə olduğu kimi özbaşınalıq baş alıb gedir. Belə ki, bu gün əhaliyə bəlli edilən yeni tariflər elə bu gündən də qüvvəyə minib. Halbuki, “İnformasiya əldə etmək haqqında” Qanunun 29.1.25-ci maddəsinə uyğun olaraq əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa və yaxud təbii inhisara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar – şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış informasiyanı açıqlamalıdır. Buradakı “hüquqi şəxslər” ifadəsi sizi çaşdırmasın. Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən dövlət mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Deməli, bu tələb dövlətə də aiddir, lakin Tarif Şurası onu pozur: əhaliyə 30 gün öncədən məlumat vermir.
Bir sözlə, qurumlarımızın və məmurlarımızın hüquqi savadı və qanuna riayət etməsi həmişə kimi “yüksək” səviyyədədir..."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.