2025-ci ildən gözləntilər. Ölkələr üzrə, birinci yazı.

4-01-2025, 09:38           
2025-ci ildən gözləntilər. Ölkələr üzrə, birinci yazı.
Rusiya.
2025-ci ildə müharibə bitsə, atəşkəs imzalansa Rusiyada maraqlı proseslər olacaq. Təbii ki, istənilən nəticəni Putin və komandası “qələbə” kimi təqdim edəcək. Əgər müharibə indiki cəbhə xətti üzrə dayansa, Kreml deyəcək ki, Azov dənizi daxili dənizimiz oldu, “LXR” (Luqansq) vilayətini tam ələ keçirdik, “DXR” (Donesk) vilayətinin 70%-i, “ZXR” (Zaparojye) vilayətinin 65%-i, “XXR” (Xerson) vilayətinin 70%-i “işğaldan azad etdik”. Ola bilər ki, Rusiya əhalisi bunu “uddu”, qələbə kimi qəbul etdi – Kremlin güclü “beyin yuma” maşını var, işləyir. Amma əsas problemlər “atəşkəsdən” sonra başlayacaq.
Bu gün Rusiya 800 minə yaxın əsgərə ayda 200 min rubl civarında maaş ödəyir (zabit heyyəti xaric), onlar məhz pula görə “könüllü” orduya yazılanlardır. Xatırladım ki, 2022-ci ildə, müharibə başlayanda Rusiya üzrə median maaş 40 min rubl idi, Moskva və digər 5 böyük şəhərlərə görə median maaş yüksək görünürdü, onları çıxsaq regionlarda median maaş 18500 rubl idi. Bu gün “könüllü” kimi maaşa görə vuruşmağa gedənlərin çoxu regionlardandır. Müharibə bitsə yüzminlərlə ayda 200 min rubldan çox maaş alanlar evlərinə dönəcək. Müharibənin onlarda yaratdığı psixoloji travmalarla yanaşı, yenidən 10 qat aşağı maaşlı işlərə dönməli olacaqlar – bu cəmiyyətdə böyük problemlər yaradacaq.
Bundan başqa, Rusiya iqtisadiyyatı “hərbi relslərə” keçib, dövlətdən trilyonlarla rubl vəsait ayrılıb, Hərbi Sənaye Kompleksində (HSK) 4 mln. yeni iş yeri yaradılıb (birbaşa və dolayı). Onlarda da maaş yüksəkdir, ortalama 105 min rubl əmək haqqı alırlar. Müharibə dayanandan sonra bu qədər tank-top, hərbi sursat lazım olmayacaq, xeyli insanı ixtisara salacaqlar, çünki, Rusiyanın HSK-i, obrazlı desək, top istehsalından ütü istehsalına keçə bilmir, bacarmır. Yəni, yüzminlərlə insan o sahədə də işsiz qalacaq – cəmiyyətdə növbəti gərginlik ocağı yaranacaq.
Trampın yeni neft-qaz strategiyası yaxın 6-8 ayda neft qiymətlərini 60 dollardan aşağı çəkəcək, Rusiyaya qarşı təməl sanksiyalar qalacaq, amma bəzi yumşalmalar ola bilər. Bu yumşalmalar Rusiyanın əsas gəlirlər mənbəyi olan neft-qaz qiymətlərinin enməsini kompensasiya etməyəcək. Deməli, Rusiyada iqtisadi vəziyyətin pisləşməsini müşahidə edəcəyik.
Rusiyada daxili gərginlik artdıqca “günah keçiləri” axtarışı da baş verəcək. Miqrantlar “günah keçisi” adına əsl namizədlərdirlər, son zamanlar Kremlin miqrant siyasətində yeni ağır şərtlər gətirilir, çox güman, sosial-iqtisadi vəziyyət ağırlaşsa, birinci hədəfə onlar gələcək.
Qərbdə bir illüziya da var ki, Putin getsə, hər şey düzələcək – çox yanlış gözləntidir. Putin Qəbrlə ən tez və asan dil tapa biləcək son Rusiya prezidentidir, Rusiyada nə qədər mümkündürsə, bir o qədər “liberaldır”, ondan sonra gələn mütləq hərbiçi “saltafon” olacaq, daha sərt rejim quracaq – bunun qarşısını kəsə biləcək strategiya Putinlə anlaşıb Rusiyanı “qucaqlayıb boğmaqdır” (bu haqda müharibədən öncə böyük məqalə yazmışdım, linki şərhlərdə olacaq – saqqal yoxdu deyə eşitmirlər).
(ardı olacaq)...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.