Mehdi Nəimi: Ərdəbil əhalisi artıq Tehranın məzhəb və tarixi rəvayətlər üzərindən oynadığı oyunlara gəlmir

Bu gün, 16:18           
Mehdi Nəimi: Ərdəbil əhalisi artıq Tehranın məzhəb və tarixi rəvayətlər üzərindən oynadığı oyunlara gəlmir
İranın ali liderinin Ərdəbildəki nümayəndəsi Ayətullah Amilinin dekabrın 29-da təşkil etdiyi bir mərasimdə Türkiyə və Azərbaycan prezidentlərinə qarşı təhqiredici ifadələrin səsləndirilməsi ilə bərabər son zamanlar İran mediasında və siyasi mühitində artan anti-türk təbliğat yeni mərhələyə girib.

Siyasi fəal və təhlilçi Mehdi Nəimi Amerikanın Səsi ilə söhbətində İranda Türkiyə və Azərbaycana qarşı fəaliyyətlərin artmasının səbəbləri, eləcə də dekabrın 29-da Ərdəbilin böyük məçidində təşkil olunan “Aşuradan Çaldırana, Çaldırandan Zühuradək Müqavimət” adlı mərasimin mahiyyəti haqqında danışıb.

Nəimin sözlərinə görə, “İranın Türkiyə, Azərbaycan və ümumiyyətlə Türk Dünyasına qarşı siyasəti çoxdandır vardır, yalnız 2020-ci ildən bu tərəfə Qarabağ savaşı Azərbaycan ordusu tərəfindən zəfərlə nəticələndikdən sonra bu siyasət aşkara çıxıb. Daha öncə gizli oynadıqları oyunları o tarixdən bu tərəfə artıq gizli saxlaya bilmirlər. Açıq oynayırlar. Odur ki, zaman-zaman nəfrətlərini və kinlərini göstərirlər”.
Mehdi Nəimi hesab edir ki, sözügedən mərasimin Ərdəbildə keçirilməsi həm İranın rəsmi tarixi rəvayətində Ərdəbilə verilən rol, həm də Seyyid Həsən Amilinin Ərdəbil imamı olması ilə bağlı ola bilər:

“Bunun Ərdəbildə olması, bəlkə belə düşünürlər ki, Ərdəbildə əhalinin bu məsələyə meyli vardır. Baxmayaraq ki, gördük ki, o meyl də o qədər yox imiş. Onlar fikirləşirdilər ki, Ərdəbil Şiə dünyasında bir mədəniyyət beşiyi olub. Keçmişə dayanaraq, o millətin əhval-ruhiyyəsinə dayanaraq bəlkə belə şeylərə meyl görürdülər. Bəlkə istəyirdilər onların məzhəb və ya məzhəb deməyək, təriqət duyğularını hərəkətə keçirib və oradan özlərinə bir mənfəət biçsinlər”.

Mehdi Nəimi Ərdəbil daxil olmaqla, İran Azərbaycanında məzhəb duyğuları və tarixi rəvayətlərin manipulyasiyası ilə yürüdülən siyasətlərin artıq nəticə vermədiyini vurğulayır.
“Elə bilirdilər ki, bu insanları keçmişdəki kimi əllərində xəmir kimi yoğura bilərlər. Ancaq Ərdəbildə olanlar göstərdi ki, bunu edə bilmədilər. Çünki, artıq millətin düşüncəsi dəyişib və rahat-rahat yoğrura biləcək deyildir. Mən özüm ərdəbilliyəm və üzülərək deyirəm ki, dünənlərdə bizdə vəziyyət elə idi ki, bizdən sui-istifadə etmək belə rejimlərin ağlından keçirdi. Amma elə son olaylarla əlaqədar Ərdəbil əhalisi tərəfindən yüzlərlə yorumlara, şərhlərə baxdığımızda və mən özüm danışdığım insanlardan gördüm ki, tam əksi oldu və insanlar artıq belə siyasətləri qəbul etmir. O,mərasimə də bir milyonun üzərində olan əhalidən çox az sayda insan qatılıb” - deyə, siyasi fəal əlavə edib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.