Səkinə Əliyeva - Naxçıvanın Sovet imperiyasına meydan oxuyan rəhbəri

Bu gün, 09:34           
Səkinə Əliyeva - Naxçıvanın Sovet imperiyasına meydan oxuyan rəhbəri
Bu gün Naxçıvanın SSRİ-dən ayrılması ilə bağlı Muxtar Respublika Ali Sovetinin qəbul etdiyi qərardan 34 il keçir. 19 yanvar 1990-cı ildə qəbul edilən bu qərarla o vaxtkı Naxçıvan MSSR özünü rəsmən müstəqil elan edərək, Sovet imperiyasından ayrılan ilk respublika oldu. Bu tarixi qərarın qəbulunda Naxçıvan Ali Soveti (indiki Ali Məclis) Rəyasət Heyətinin o vaxtkı rəhbəri Səkinə Əliyevanın əvəzsiz rolu olub. Moskva və Bakı rəhbərliklərinin təhdidlərinə baxmayaraq, Səkinə Əliyeva Naxçıvan Ali Sovetinin fövqəladə sessiyasını çağırır və çətinliklə də olsa bu qərarın qəbuluna nail olur.
O dövrdə belə bir qərarın qəbul edilməsi üçün Naxçıvan Ali Soveti deputatlarının 50 faiz + 1 iştirakı mütləq idi. Lakin imperiyaya sadiq deputatlar bu sessiyanın əleyhinə çıxır, təbliğat aparırdılar. Səkinə Əliyevanın qətiyyəti və cəsarəti sayəsində sessiya baş tutur. Gərgin keçən yığıncaqda tarixi qərar qəbul olunur və ilk dəfə Naxçıvan Televiziyasında elan edilir. Bu qərar Naxçıvanı beynəlxalq arenada tanıtdı və onun qadın rəhbəri Səkinə Əliyevanı məşhurlaşdırdı.
Fövqəladə sessiyadan bir neçə saat sonra Sovet ordusu Bakıda 20 Yanvar faciəsini törətdi. Bu hadisə həmin qərarın necə vaxtında və doğru qəbul edildiyini bir daha sübut etdi.
QƏARARIN SƏBƏBİ VƏ MƏZMUNU
1980-ci illərin sonunda SSRİ-də etnik münaqişələr və separatçı hərəkatlar baş qaldırmağa başlamışdı. Azərbaycan bu münaqişələrdən ən çox əziyyət çəkən regionlardan biri idi. Dağlıq Qarabağda ermənilər Azərbaycanın ərazilərinə iddia edir, SSRİ isə bu münaqişəyə lazımi reaksiya vermirdi. Bundan həvəslənən ermənilər sovet ordusunun dəstəyi ilə artıq Naxçıvana da hücum edirdilər. Nəticədə dinc sakinlər qətlə yetirilirdi.
1990-cı ilin yanvarında sovet ordusunun dəstəyi ilə Naxçıvanın Kərki kəndi işğal edildi. Bu hadisə Naxçıvan əhalisinin Sovet rejiminə qarşı nifrətini daha da artırdı. SSRİ-dən ayrılmaq fikri məhz bu hadisələrlə formalaşdı. Səkinə Əliyeva xalqın istəyinə arxalanaraq bu tarixi qərarın qəbul olunmasına nail oldu.
Qərarda SSRİ Konstitusiyasının 81-ci maddəsinə və Qars müqaviləsinə istinad edilərək, Naxçıvanın suverenliyi və ərazi bütövlüyünün qorunmadığı vurğulanırdı. Sənəddə aşağıdakı tələblər irəli sürülürdü:
Qars müqaviləsinə uyğun olaraq Naxçıvanın ərazi bütövlüyünü qorumaq üçün Türkiyəyə müraciət edilsin.
Yaranmış vəziyyətlə bağlı BMT, İran və digər dövlətlərə kömək üçün müraciət olunsun.
SSRİ qoşunları Naxçıvan ərazisindən çıxarılsın.
SSRİ rəhbərliyindən Naxçıvana edilən təcavüzə son qoyulması tələb edilsin.
Bu qərar dünyada böyük əks-səda yaratdı. Qars müqaviləsinin yenidən gündəmə gətirilməsi Naxçıvanın işğaldan qorunmasında mühüm rol oynadı. Tarixi qərar həm də Sovet imperiyasının dağılmasına təkan verdi.
S. ƏLİYEVANIN SONRAKI TALEYİ
Səkinə Əliyeva 15 aprel 1925-ci ildə Naxçıvanda anadan olub. 1963-cü ildən 1990-cı ilə qədər Naxçıvan MSSR Ali Sovetinə rəhbərlik edib. 1990-cı ilin yanvarında qəbul edilən məlum qərar onu Sovet rəhbərliyinin hədəfinə çevirdi. Qısa müddət sonra o, vəzifəsindən uzaqlaşdırıldı və siyasətdən çəkildi. O, 2010-cu ildə, 85 yaşında Bakıda dünyasını dəyişib.
Səkinə Əliyevanın adı Naxçıvan və Azərbaycanın tarixində cəsarət və liderlik simvolu kimi xatırlanır. Onun qəhrəmanlığı nə vaxtsa tarix dərsliklərində də yer alacaq və gənc nəsillərə örnək kimi tədris ediləcək.
Gündəlik Naxçıvan
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.