İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...

Bu gün, 00:09           
İşğaldakı 3 kənd Azərbaycana qaytarılır -
Tavuş rayonundan gələn xəbərlərə görə, Ermənistan-Azərbaycan sərhədinin qovşağında delimitasiya başlayıb və tərəflər bir neçə saat ölçmə aparıblar.

Bu barədə “Hraparak” qəzeti yazıb. “Maraqlıdır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan regionun qubernatoru Hayk Halumyanı yanvarın 27-dən fevralın 10-dək məzuniyyətə göndərib.

Qubernatorun qardaşı, Ermənistanın hakim Vətəndaş Müqaviləsi partiyasından olan deputatı Vahe Halumyan delimitasiya prosesinin başlayıb-başlamadığını bilmədiyini deyib. Sərhədlərin delimitasiyası komissiyası ötən həftə heç bir təfərrüat təqdim etmədən prosesin Ermənistanın şimalından bərpa olunacağını bildirib. Qəzet delimitasiya işlərinin hansı prinsip əsasında aparılacağı sualını qoyur. Ermənistan-Gürcüstan dövlətlərarası magistral yolunun taleyi necə olacaq? Bu sualların cavabları havadan asılı qalıb.

“Ermənistan” blokundan olan deputat Qarnik Danielyan Ermənistan hökumətinin baş nazirinin müavini Mher Qriqoryandan yolun hansı hissəsinin Azərbaycana keçəcəyini soruşub. Qriqoryan bildirib ki, qərarların necə qəbul edildiyini, necə göründüyünü və necə qüvvəyə mindiyini aydın şəkildə təsvir edən, suallara cavabların bu çərçivədə tapıla biləcəyini izah edən təsdiq edilmiş Əsasnamə var”, - nəşr qeyd edir.

Qeyd edək ki, Sərhədlərin Delimitasiyası və Demarkasiyası üzrə Azərbaycan və Ermənistan Komissiyalarının sonuncu iclası yanvarın 16-da keçirilib. Baş nazirlərin müavinləri Şahin Mustafayev və Mher Qriqoryan arasında keçirilən görüşdə iki ölkə arasında şimaldan cənuba qədər sərhədlərin delimitasiya edilməsi barədə razılıq əldə olunub.

Şimalda Azərbaycan, Ermənistan və Gürcüstan sərhədinin qovşağındakı Babakar dağından başlanan yeni sərhəd xəttinin cənubda Araz çayına qədər uzanacağına dair məlumatlar var. Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədinin müəyyənləşməsi prosesi ayrıca aparılacaq. Lakin bu, Sovet dövründə hər iki respublikanı ayıran inzibati sərhəd xəttinin de-yure tanınması anlamına gəlmir.

Çünki Sovet dövründə Azərbaycanın bir çox əraziləri qanunsuz olaraq Ermənistana bağışlanıb və indi delimitasiya prosesində həmin torpaqların qaytarılması məsələsi gündəmə gələ bilər. Qeyd edək ki, tərəflər ötən il aprelin 24-də keçirilmiş 8-ci iclasın protokoluna uyğun olaraq, delimitasiya və demarkasiya prosesinin 1991-ci il Almatı Bəyannaməsinə uyğun aparılmasını razılaşdırıb. Lakin rəsmi İrəvan Almatı Bəyannaməsinin mahiyyətini təhrif edərək 1991-ci ilə aid xəritələrin əsas götürülməsində israr edir. Ancaq Sovet dövrü 1920-ci ilin aprel ayından başlayır və 70 ildən artıq bir dövrü əhatə edir.

Başqa ərazilər üzrə ayrıca xəritələr razılaşdırılmalıdır

Ona görə də delimitasiya zamanı istənilən ilə aid xəritəni əsas götürmək mümkündür. Sonuncu topoqrafik xəritələr 1976-cı ildə tərtib edildiyindən Ermənistan bundan əvvəlki sənədlərə istinad etməyə qarşı çıxır. Rəsmi Bakı isə şərti sərhədin müxtəlif hissələri üzrə ayrı-ayrı xərilərdən istifadə olunmasını təklif edir.

1976-cı ilə dair xəritələr ötən ilin may ayında Qazax rayonunun işğal altındakı Qızılhacılı, Bağnıs Ayrım, Aşağı Əskipara və Xeyrimli kəndlərinin Azərbaycana qaytarılması zamanı istifadə edilib. Bu şərti sərhədin digər hissələrinə aid deyil. Yəni başqa ərazilər üzrə ayrıca xəritələr razılaşdırılmalıdır. SSRİ-nin dağıldığı dövrdə mövcud olmuş inzibati sərhədlərin dövlət sərhədi kimi tanınması ilə bağlı iki ölkə arasında müqavilə də yoxdur.

Digər tərəfdən, rəsmi İrəvan 1989-cu il dekabrın 1-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında qərar çıxartmaqla Azərbaycanla sərhədi tanımaqdan imtina edib. Bunun ardınca Ermənistan Qazax rayonunun kəndlərinin və digər ərazilərin işğalını həyata keçirməklə Almatı Bəyannaməsində ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmətlə yanaşılması prinsipini pozub. Ona görə də sərhədlər yenidən müəyyən edilməlidir.

İrəvan nəyə hazırlaşır?

Bütün hallarda delimitasiya və demarkasiya işlərinin Qazax-Tavuş istiqamətində aparılacağına dair razılıq əldə olunub. Ermənistan mediasında rəsmi mənbələrə əsasən delimitasiya prosesinin koordinatları da qeyd edilir. Söhbət ilk növbədə “Əskipara üçbucağı” adlanan ərazidən gedir. Ermənilərin yaşadığı Əskipara və Günən (Kirants) kəndləri arasındakı ərazi hazırda işğal altındadır. Nikol Paşinyan hökumətinin sözügedən ərazini Azərbaycana qaytarmağa hazırlaşdığı barədə məlumat yayılıb.

Bunu təsdiq edən digər açıqlama isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyandan gəlib. Ermənistan parlamentinin deputatı Artur Xaçatryanın “Niyə demarkasiyaya şimaldan başlamaq qərarı verildi? Bunu Ermənistanın işğal olunmuş ərazilərindən, məsələn, Nerkin-Hənddan və ya Cermukdan (İstisu) başlamaq daha ağıllı olmazdımı?” sualına cavabında Ararat Mirzoyan bununla bağlı ikitərəfli razılaşma əldə edildiyini deyib. “Bir daha deyirik ki, bizdə 200 kvadrat kilometrdən artıq işğal edilmiş ərazilər var. Biz təbii ki, delimitasiya prosesində öz arqumentlərimizi, əsaslandırmalarımızı, sənədlərimizi və s.

təqdim etməliyik. Dürüst qiymətləndirməni istəyirsinizsə, şimaldan və ya cənubdan başlayın. Siz öz düşüncənizdə nəsə çəkmisiniz, amma bizdən başqa planetdə daha 200 ölkə var. Biz delimitasiya prosesində maraqlıyıq və bunu sülh prosesinin çox vacib komponenti hesab edirik”, - deyə Mirzoyan cavab verib.

Baş nazir Paşinyan da bildirib ki, Tavuş-Qazax sərhədinin bir hissəsi artıq demarkasiya olunub. Onlar bu hissədə demarkasiyanı başa çatdırmaq istəyirlər.
“Bizim bu ərazidə bir neçə demarkasiyamız var, dediyimiz kimi, Kirants ərazisi demarkasiya olunub. Başqa sözlə, Berkaberdən (Bibiş) Kirantsa (Günən) qədər, Bağanısdan Cucevana qədər o hissə müəyyən edilməyib. İndi bu ərazinin sərhədləri müəyyən edilməyib. Biz bu ərazini bütöv etmək istəyirik”,-deyə Paşinyan bildirib.

Ermənistana bağışlanmış ərazilər geri qaytarılmalıdır

Ararat Mirzoyanın açıqlaması Qazax rayonunun işğal altındakı Barxudarlı, Sofulu və Yuxarı Əskipara kəndlərinin delimitasiya prosesində Azərbaycana qaytarılacağı ilə bağlı qənaəti artırır. Delimitasiya və demarkasiyadan asılı olmayaraq, həmin kəndlər Azərbaycanın işğal olunmuş suveren əraziləri olduğuna görə Ermənistan bu yaşayış məntəqələrini qeyd-şərtsiz boşaltmalıdır. Həmin kəndlərlə yanaşı, “Əskipara üçbucağı”na daxil olan ərazilər qaytarılarsa, Azərbaycan daha geniş ərazilərin işğaldan azad olunmasına nail ola bilər. Bu isə anklav vəziyyətdə olan Yuxarı Əskipara arasında əlaqəni asanlaşdıracaq. Lakin Ermənistan müxalifəti hökumətin Günənlə Əskipara arasındakı yolu Azərbaycanın nəzarətinə verməkdə ittiham edir.

Ona görə də tərəflərin həll etməli olduğu əsas məsələlərdən biri Ermənistan-Gürcüstan dövlətlərarası magistral yolunun “Əskipara üçbucağı”ndan keçən hissəsinə nəzarətlə bağlı olacaq. Ancaq yeni sərhədlərin hansı ərazilərdən keçməsi xəritələrin seçilməsindən asılıdır. 1920-1928-ci illərin xəritələri əsas götürülərsə, həmin dövrdə Qazax qəzasının heç bir kəndi anklav vəziyyətdə olmayıb.

Qeyd edilən xəritələrin tətbiqi 1922-1928-cü illərdə Qazax qəzasının Ermənistana bağışlanmış 4151 kvadrat kilometr ərazisinin qaytarılması üçün əsas yaradır. 1976-cı ilin xəritələrindən istifadə edilsə belə, 1982-ci ildə Qazax rayonunun Kəmərli, Qaymaqlı, Astanbəyli kəndlərinin, İncədərə yaylasının 5000 hektar, 1986-cı ildə 2500 hektar otlaq sahələrinin qanunsuz şəkildə Ermənistana bağışlanmış əraziləri də geri qaytarılmalıdır.

Müşfiq Abdulla
“Cebheinfo.az”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.