Azərbaycanda xərçəng xəstələrinin qorxunc statistikası: Televiziyalar da günahkardır
Bu gün, 12:48
![Azərbaycanda xərçəng xəstələrinin qorxunc statistikası: Televiziyalar da günahkardır](/uploads/posts/2025-02/1738878902_1.jpg)
Onkoloqun sözlərinə görə, bu xəstəliyin vaxtında aşkarlanması üçün insanların məlumatlı olması vacibdir.
Ümumdünya Xərçənglə Mübarizə Günü (4 fevral) ilə bağlı mediaya açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq Azad Kərimli qorxunc statistika açıqlayıb. O qeyd edib ki, 2023-cü ilin statistik məlumatlarına əsasən, hazırda ölkədə rəsmi olaraq 69 min 435 nəfər onkoloji xəstə kimi qeydiyyatdadır. Şübhəsiz ki, 2024-cü ildə bu statistika da artıb.
O qeyd edək ki, bu rəqəm 2022-ci illə müqayisədə 7 min 50 nəfər çox olub.
Kərimlinin sözlərinə görə, 69 min 435 nəfərdən 25 min 257-si bu xəstəliklə beş il və beş ildən yuxarı yaşayan insanlardır:
"2023-cü ildə 5 min 668 xəstəyə birinci-ikinci mərhələdə diaqnoz qoyulub. 4 min 608 nəfərə üçüncü, 3 min 390 nəfərə isə dördüncü mərhələdə diaqnoz qoyulub".
Onkoloq bu xəstəliyin vaxtında aşkarlanması üçün insanların məlumatlı olmasının vacibliyinə də toxunub:
"Bu mövzuda maarrifləndirmə işləri mütəmadi şəkildə davam etməlidir. Bu xəstəliklə əlaqəli bütün cəmiyyət, ölkə mübarizə aparmalıdır. Onkoloqlar tək başına bu yükün altına girə bilməz. Hazırda ən böyük "təbliğat maşını" televiziyalardır. Televiziyalarda bu sahədə maarifləndirmə işləri isə çox zəifdir. Heç olmasa, həftədə bir dəfə verilişlərdə onkoloji problemlərə yer ayrılmalıdır. Bəzən televiziyalarda bu mövzuya vaxt ayrılsa da, daha çox özəl klinika və həkimləri reklam olunur. Bu, doğru deyil".
Qeyd edək ki, Xərçənglə Mübarizə Günü 2008-ci ildə yazılmış Ümumdünya Xərçəng Bəyannaməsinin məqsədlərini dəstəkləmək üçün Beynəlxalq Xərçənglə Mübarizə İttifaqı (UICC) tərəfindən keçirilir.
Ümumdünya Xərçənglə Mübarizə Gününün əsas məqsədi xərçəngin yaratdığı xəstəlikləri və ölümləri əhəmiyyətli dərəcədə azaltmaq və xəstəliyə diqqəti çəkmək üçün beynəlxalq ictimaiyyəti bir araya gətirməkdir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2022-ci ildə dünyada təxminən 20 milyon yeni xərçəngə tutulma qeydə alınıb, 9,7 milyon insan xərçəngdən dünyasını dəyişib. Hesabata görə, hər beş insandan biri həyatında xərçəngə tutulur, hər doqquz kişidən, hər on iki qadından biri bu xəstəlikdən vəfat edir.
Təşkilatın proqnozlarına görə, 2050-ci ilə qədər hər il 35 milyon yeni xərçəngə tutulma qeydə alınacaq, bu da 2022-ci illə müqayisədə 77% artım deməkdir. Ekspertlər qeyd edir ki, pandemiya dövründə xərçəng diaqnozu və müalicəsi ciddi şəkildə azalıb. Dünyada 1 milyon xərçəng halı pandemiya səbəbindən vaxtında aşkar edilməyib. 2020-ci ilin ilk ilində xərçəng diaqnozu 23%, müalicə isə 28% azalıb. Xərçəngin erkən aşkar edilməsi üçün nəzərdə tutulan skrininq testləri də əhəmiyyətli dərəcədə azalıb, bəzi ölkələrdə isə bu rəqəm 59%-ə çatıb.