Peykimiz 1,4 milyon manata sığortalandı

Bu gün, 12:44           
Peykimiz 1,4 milyon manata sığortalandı
Peykin ehtimal olunan qiyməti 2 milyon 40 min manat
"Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxs "Azerspace-1" telekommunikasiya peykinin orbitdə sığortalanması xidmətinin satınalınması ilə bağlı tenderi yekunlaşdırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərkosmos" dan məlumat verilib.
Xəbərə görə, qalib şirkət "Qala Sığorta" ASC-dir.
Şirkətinin təklifinin qiyməti 1 milyon 377 min manatdır. Ehtimal olunan qiymət 2 milyon 40 min manat idi. Müqavilə müddəti bir ildir (01.02.25 – 01.02.26). Sığorta olunan əmlakın dəyəri 53 milyon ABŞ dollarıdır.
Qurumdan bildirilib ki, 12 il öncə, 2013-cü ilin fevral ayında ilk milli peykimiz – Azerspace-1 peykini orbitə buraxılıb. Bununla biz dünyanın azsaylı ölkələrinin təmsil olunduğu "kosmik kluba" üzv oldu. Azərbaycanın milli təhlükəsizliyinə və sosial-iqtisadi inkişafına xidmət edən bu peykimizlə ölkəmiz üçün beynəlxalq kommersiya imkanları əldə etdi. Azerspace-1 peyki ilə başlayan kommersiya yolumuz ölkənin uzunmüddətli inkişaf strategiyasında yer tutan əhəmiyyətli bir sahəyə çevrildi. Beynəlxalq kosmik arenada Azərbaycan artıq peyki olan ölkə kimi tanındı və qlobal kosmik sahəyə inteqrasiya gücləndi:
"Avropa, Afrika, Mərkəzi Asiya, Yaxın Şərq və Qafqaz regionlarında Azərbaycan peyk xidmətləri ixracatçasına çevrildi. Azerspace-1 peyki ilə xidmət bazarına daxil olduğumuz qısa vaxt ərzində Azerspace-1 peykinin tutumlarının 80%-in kommersiya istifadəsinə nail olduq. Xüsusilə Afrika regionunda xüsusi biznes dəyərə malik olan Azerspace-1 vasitəsilə əlçatmaz ərazilərdə belə mobil şəbəkə və telekommunikasiya xidmətləri təqdim etməyə başladıq. Azerspace-1 peykinin imkkanlarından irihəcmli beynəlxalq data layihələrində istifadə etdik".

O da bildirilir ki, ilk peykimiz Azerspace-1 sayəsində təcrübə və formalaşmış insan kapitalı qazandıq, kosmik sahədə keyfiyyətcə yeni və strateji mərhələlərə qədəm qoyduq. Bir sözlə, Azerspace-1 peykinin orbitə buraxılması ilə ölkədə kosmik ekosistem yaratdıq.
"Hazırda qarşıda duran vacib məqamlardan biri də yerli kosmik ekosistemin davamlılığı, o cümlədən kommersiya xidmətlərimizin dayanıqlılığı baxımından telekommunikasiya peykləri üzrə proqramımızı genişləndirməkdir", - qurumun xəbərində bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.