“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” - ƏSLİNDƏ İSƏ...
Bu gün, 11:02
![“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” - ƏSLİNDƏ İSƏ...](/uploads/posts/2025-02/1739427745_1.jpg)
Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncamı təsdiq edib. Sərəncamla təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü nəzərə alaraq Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir. Bu anlayışlar təkcə dövlətin hüquqi və siyasi əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, suverenlik və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi müasir dövlət quruculuğu və xalqın rifahı üçün zəmin yaradır:
“Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə bu prinsiplərin həm tarixi əhəmiyyətini, həm də gələcəyə yönəlik strateji mahiyyətini daha da ön plana çıxarır. Cari ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi nəzəri baxımdan bu məsələ üzərində cəmiyyətin fikir və düşüncələrinin gündəmə gətirilməsindən ibarətdir. Hansısa bir hüquqi icraatdan söhbət getmir. Hesab edirəm ki, Konstitusiya və Suverenlik anlayışlarının mahiyyətinin cəmiyyətə çatdırılması üzərində daha çox təbliğat və maarifləndirmə işi aparmalıyıq. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bəzi insanlarda belə bir təəssürat yaradır ki, mütləq referendum keçiriləcək, yaxud da Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək. Əlbəttə, hüquq sahəsi dinamik istiqamətdir. Gələcəkdə və ehtiyac olduğu təqdirdə bu istiqamətdə də müəyyən müzakirələr aparıla, müvafiq qərarlar verilə bilər. Lakin indiki reallıqda bu sərəncam iki ali dəyərin Azərbaycan cəmiyyətində necə mənimsənilməsini öyrənmək və insanlara Konstitusiyamızın tarixi və hüquqi əhəmiyyəti barədə məlumatların çatdırılması, Suverenliyin Qarabağ savaşından sonrakı tanıtımı məsələsidir. Zədəli bir suverenliyin bütöv bir orqanizmə çevrilməsinə şahidlik etdik . Torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində əsas qanunda ehtiva edilən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşıb. Belə ki, Konstitusiyanın 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti nəticəsində bu müddətdə təsbit edilən prinsiplər tam şəkildə təmin olunub”.