Kimə zəng vurduğunu söylə, deyim sən kimsən...
24-03-2025, 10:18

Azərbaycan-Ermənistan münasibətlərində bir mərhələni də adladıq, iki ölkənin diplomatiya idarələri “sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını məmnunluqla” qeyd etdilər.
Doğrudur, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır ki, sazişin imzalanması üçün rəsmi Bakı iki şərtinin yerinə yetirilməsi tələbindən geri çəkilməyib: Ermənistanın Konstitusiyasında dəyişiklik etməlidir; ATƏT-in qeyri-funksional Minsk Qrupu ləğv olunmalıdır.
Rəsmi İrəvan buna da razıdır, yaxud razılaşacaq, amma hər iki şərtin yerinə yetirilməsinə uzun vaxt lazımdır. Xüsusilə Konstitusiya dəyişikliyinə. Paşinyan isə tələsir, hər halda, özünü belə göstərir və dönə-dönə, gündə bir neçə dəfə “sülh sazişinin imzalanma vaxtını və yerini müzakirə etməyə hazır" olduğunu bəyan edir.
Ümumiyyətlə, ən pis sülh də müharibədən yaxşıdır. O baxımdan, belə bir nəticə sonuncu aktiv fazası 30 ildən artıq davam edən münaqişənin və qarşılıqlı tarixi nifrətin normal kommunikasiya və əməkdaşlıqla əvəz olunması üçün yaxşı fürsət ola bilər. O cümlədən regionda maraqları olan, münaqişənin həllindən o qədər də məmnun qalmayan qüvvələri oyundankənar saxlamaq üçün.
Ancaq tələsikdə detallar da diqqətsiz qalmamalıdır. Bəzən kiçik bir incəlik çox yoğun mətləblərdən xəbər verir.
Azərbaycan müharibə bitən vaxtdan danışıqların ikitərəfli qaydada aparılmasını təklif edir, prosesə üçüncü ölkələrin cəlb olunmasına qarşı çıxırdı. Ermənistan isə əksinə, onun maraqlarını müdafiə edə biləcək bölgə və dünya dövlətlərinin danışıqlara cəlb olunmasına çalışırdı. Bir az ora-bura vurnuxandan sonra Qərbyönlü siyasi xətt seçdiyini bəyan etmişdi, hətta özünə Avropada və Amerikada strateji müttəfiqlər seçmişdi, “inteqrasiya” proseslərinə başlamışdı. Amma dediyimiz kimi, məsələnin az nəzərə çarpan elə xırdalıqları var ki, çətin sualların cavablarını özündə daşıyır.
Beləliklə, martın 13-də Azərbaycan və Ermənistan XİN danışıqların başa çatması və sazişin imzalanmaya hazır olması barədə bəyanat yayırlar.
İnsanın mühüm bir xəbəri olanda sevincini-kədərini bölüşmək, yaxud məsləhət almaq üçün əvvəlcə yaxın adamlarına zəng edir, onlarla bölüşür. Dövlət rəhbərləri də belədir, özünüz dəfələrlə şahid olmusunuz.
“Qərbyönlü” Ermənistanın Baş naziri onilliklərlə davam edən münaqişəyə son qoyacaq sülh sazişinin hazır olması barədə şəxsən məlumat vermək, sonrakı addımlar barədə danışmaq üçün ilk zəngini Parisə, Brüsselə, Vaşinqtona yox, Moskvaya edir. Bu xəbər Baş nazirin rəsmi saytında martın 14-də yerləşdirilib: “Baş nazir “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Müqavilə” layihəsinin mətninin təsdiq edilməsi və bununla bağlı danışıqların başa çatması barədə Rusiya Federasiyasının Prezidentinə məlumat verib”.
Bu, birinci zəng. Ardınca, Paşinyan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana da zəng vurub. Martın 16-da yayılan rəsmi xəbərə görə, Ermənistanın Baş naziri Putinə verdiyi məlumatı cənub qonşusu ilə də paylaşıb.
Və yalnız hadisənin üçüncü günü, martın 16-da Nikol Paşinyan Ermənistanın “yeni himayədarı” Fransa Respublikasının Prezidenti Emmanuel Makrona telefon açıb. Onu da danışıqların başa çatması və saziş layihəsinin hazır olması barədə məlumatlandırıb.
Bütün bunlar bir protokol qaydasıdırsa, onda Azərbaycan Prezidenti niyə eyni addımlar atmayıb? 13 martdan bu yana nə Prezidentin rəsmi səhifəsində, nə KİV-də onun sülh sazişi ilə əlaqədar kiminlə danışması barədə məlumat olmayıb. Hətta münaqişə başlayandan bəri yeganə təbii və dönməz müttəfiqimiz Türkiyəyə belə zəng vurulmayıb.
Necə olur ki, “rusiyayönümlü” Azərbaycan qonşusu ilə münasibətlərinə dair kimsəyə məlumat və ya hesabat verməyi lazım bilmir, amma “qərbyönlü” Ermənistan lideri, necə deyərlər, müqavilə layihəsinin mürəkkəbi qurumamış Kremli xəbərləyir? Deyilən kimidirsə, o məntiqlə, rəsmi Bakı özünün “strateji müttəfiqi”ni məlumatlandırmaqda daha böyük operativlik göstərməli deyildimi?
Baş nazirin bir siyasi yenilik kimi atdığı addımlar haqqında ətraf və yaxın dövlətlərin başçılarını da bilgiləndirmək fikrinə düşdüyünü söyləmək, bunda başqa məna axtarmamaq olar. Ancaq bu halda suallar azalmaq əvəzinə artır. Bəs elədə Paşinyan niyə məhz Azərbaycanla münasibətləri gərgin olan bu 3 ölkənin rəhbərliyini seçib? Əvvəldən bəri prosesin içində olan, son aylarda sərhəd məsələsinə görə Yerevanla ünsiyyəti daha da intensivləşən Türkiyəni, tez-tez adı sazişin potensial imzalanma yeri kimi adı çəkilən Gürcüstanı “məlumatlandırmağı” niyə zəruri bilməyib?..
Bizlərdə bir misal var: “yoldaşını göstər, deyim kimsən”. Paşinyana aid bu misalı bir az fərqli şəkildə çəkməli olacağıq: “İlk kimə zəng vurduğunu söylə, deyim kimsən”. Kimin hansı “yönümlü”, hansı niyyətdə olduğu belə məqamlarda üzə çıxır. Yoxsa ki, sözə nə var…
Qabil Abbasoğlu - pressklub.az