Paris görüşü: Fransa–ABŞ–Ukrayna

Bu gün, 08:14           
Paris görüşü: Fransa–ABŞ–Ukrayna
İlk növbədə qeyd etmək lazımdır ki, Avropanın danışıqlara qoşulması çox ciddi və incə diplomatik oyunun nəticəsi oldu. Son aylar ərzində bu proses səssiz şəkildə gedirdi və nəhayət öz bəhrəsini verdi. Bəs bu müddətdə nələr baş verirdi və nəticədə nəyə nail olundu?
ABŞ və Rusiya əvvəlcə hər şeyi öz aralarında (Səudiyyə Ərəbistanında) razılaşdırmağı planlaşdırırdılar. Məqsəd Ukrayna və Avropanı fakt qarşısında qoymaq idi. Lakin bu plan baş tutmadı.
Avropa isə həmin vaxt Trampın səylərinə diplomatik təriflər yağdırır, yalnız onun müharibəni dayandıra biləcəyini vurğulayırdı. Trampın eqosunu qidalandıraraq onun ayıqlığını yatırtmağa çalışırdı. Əslində isə Avropa öz siyasi xəttini ardıcıl şəkildə davam etdirirdi – və bu xətt Trampın maraqlarına qətiyyən uyğun deyildi.
Əgər Trampın terminologiyası ilə danışsaq, Avropanın əlində iki əsas “kozır” kart var idi və son aylar ərzində bu kartlar daha da gücləndirilirdi:
Rusiyaya qarşı sanksiyaları ləğv etmək yox, əksinə – onları daha da sərtləşdirmək;
Ukraynaya hərbi yardımı azaltmaq yox, əksinə – onu artırmaq.
Avropa yaxşı bilirdi ki, bu iki amil ABŞ-ı gec-tez danışıqlar masasına oturmağa məcbur edəcək, çünki bu olmadan Trampın planları gerçəkləşə bilməzdi.
Və dünən bu, baş verdi – Ukrayna ilə bağlı danışıqların formatı dəyişdi. ABŞ və Rusiyaya Avropa və Ukrayna tam hüquqlu tərəf kimi qoşuldular.
Bundan sonra Avropa ABŞ-ın mövqeyinə düzəlişlər etməyə başladı.
Avropa açıq şəkildə bəyan etdi ki, Ukrayna Rusiyaya 5 vilayətin verilməsinə razı olmayacaq.
Ukrayna ordusu azaldılmayacaq, əksinə – Avropanın planına görə həm ordunun, həm də müharibədən sonra Ukraynanın hərbi-sənaye kompleksinin ciddi şəkildə genişləndirilməsi nəzərdə tutulur. Çünki bu, Ukraynanın gələcək təhlükəsizliyinin əsas təminatlarından biri olacaq.
Avropa, həmçinin ABŞ-a təklif edir ki, müharibədən sonra Ukraynada Avropa qoşunlarının iştirakı məsələsini birlikdə həll etsinlər. Bu çərçivədə iki əsas model müzakirə olunur: Britaniya modeli (daha çox yerüstü qoşun) və Fransa modeli (hava və dənizdə pilotsuz nəzarət zonası və daha az yerüstü qüvvə).
Bugün isə Avropa artıq bu yeni format və ümumi prosesin ayrılmaz hissəsinə çevrilib – halbuki Tramp düşünürdü ki, hər şeyi yalnız o və Putin həll edə bilərlər.
Bu nümunə real siyasətin və müasir diplomatiyanın klassik nümunəsidir.
Kamran Cəfərov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.