Ədalət partiyasının qurultay qalmaqalı böyüyür: - “Mütəllim Rəhimov öz səlahiyyət həddini aşıb”
Bu gün, 10:11

Ədalət partiyasında qurultay qalmaqalı davam edir.
Ovqat.com-un məlumatına görə, Ədalət Partiyasının sədri səlahiyətlərini həyata keçirən Ali Məclisin sədri Meydan Əli oğlu Babayev partiya qurultayı ilə bağlı növbəti bəyanatını yayıb.
Bəyanatda bildirilir:
"Ədalət Partiyasının 19 aprel 2025 tarixli GS 19/0425 N-li Bəyanatı
19 aprel 2025-ci il tarixində bir qrup partiya üzvü Nizamnamənin tələblərini pozaraq “Ali Məclisin” iclasını keçirmiş və 17 may 2025-ci il tarixində partiyanın IX Qurultayının çağırıldığını elan etmişlər. Bununla da onlar ictimaiət və partiya üzvləri arasında çaşqınlıq və ziddiyyətlər yaratmışlar. Bildiririk ki, həmin iclasda Nizamnamə ilə partiya sədrinin səlahiyyətlərini hazırda icra edən Ali Məclisin sədrinin, onun müavinlərinin (rəyasət heyəti) , partiya sədrinin digər müavinlərinin, Siyasi Şura və mərkəzi aparatın digər üzvlərinin iştirakı olmayıb.
Partiya sədrinin təşkilati məsələlər üzrə müavini Rəhimov Mütəllim Qara oğlu həm partiya üzvü , həm də vəzifəli şəxs kimi partiya Nizamnaməsinə əməl etməyə borclu olduğu halda öz səlahiyyət həddini aşaraq Partiya sədrinin və Ali Məclisin rəhbərliyinin səlahiyyətlərini mənimsəməklə ciddi Nizamnamə pozuntularına yol vermişdir. Çağırılmış iclasın və qəbul edilmiş qərarların heç bir hüquqi əsası olmadığını nəzərə alaraq partiya sədrinin səlahiyyətlərini icra edən Ali Məclisin sədri partiya nizamnaməsinə uyğun öz hüquq və səlahiyyətlərindən istifadə edərək qəbul edilmiş qərarlara veto qoymuşdur.
Ədalət Partiyasının sədri səlahiyətlərini həyata keçirən Ali Məclisin sədri Meydan Əli oğlu Babayev".
Meydan Babayev həmkarımızla söhbətində onu da vurğuladı ki, aprelin 19-da keçirilən toplantıda iştirak edənlərin əksəriyyətinin Ali Məclislə heç bir əlaqəsi yoxdur və Mütəllim Rəhimovun öz Facebook səhifəsində paylaşdığı mətndəki rəqəmlərin hamısı saxtadır.
Xatırladaq ki, partiyanın Siyasi Şurasının bir qrup üzvü aprelin 12-də partiyanın ofisində toplanmış və partiyanın növbəti qurultayının keçirilməsi ilə əlaqədar qərar qəbul etmişdir. Üzərindən çox keçməmiş partiya sədrinin səlahiyyətlərini icra edən Ali Məclisin sədri Meydan Babayev bəyanat verərək sözügedən qərarın legitimliyini şübhə altına almış və həmin iclasın iştirakçılarını qiyamçılıqda günahlandırmışdı. Partiya sədrinin Təşkilati məsələlər üzrə müavini Mütəllim Rəhimov isə ona cavab verərək iclasın qanuni əsaslarla keçirildiyini bildirmişdi. Partiyanın Ali Məclisinin sədri Meydan Babayevin son bəyanatından aydın olur ki, qurultay tərəfdarları bu ittihamla razılaşmayaraq, 19 aprel 2025-ci il tarixində Ali Məclisin üzvləri adından yenidən toplanmış və planlaşdırdıqları qurultayın vaxtını müəyyənləşdirmişlər: 17 may 2025-ci il tarixi. Meydan Babayevin bəyanatından o da anlaşılır ki, partiyanın Ali Məclisinin son toplantısı da rəhbər şəxslərin iştirakı olmadan keçirildiyindən onun qəbul etdiyi qərarların heç bir əsası yoxdur.