Üç lider hərəkətə keçdi, mübarizə başladı – “Mükafat” Bakıdır

Bu gün, 10:26           
Üç lider hərəkətə keçdi, mübarizə başladı – “Mükafat” Bakıdır
Son geosiyasi proseslər fonunda Azərbaycana regional və beynəlxalq diqqətin daha da artdığı müşahidə olunur. Türkiyə və İsrail rəsmilərinin, o cümlədən Rusiya və Suriyanın kəşfiyyat nümayəndələrinin Bakıda görüşü bu baxımdan mühüm amil kimi qiymətləndirilir.

Mövcud vəziyyətdə İran Prezidenti Məsud Pezeşkianın aprelin 28-də 100 nəfərdən çox heyətlə Bakıya gözlənilən səfəri diqqət çəkdi. Daha sonra isə may ayında İsrailin Baş naziri Benyamin Netanyahunun 10 il sonra Azərbaycana gələcəyi və burada bir sıra vacib görüşlər keçirəcəyinə dair məlumat yayıldı. Ötən gün isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da məhz may ayında Bakıya səfər planının açıqlanması bir çox iddiaları yenidən gündəmə gətirdi.

Bakıda İsrail-İran, yaxud Ankara-Təl-Əviv müzakirəsi baş tuta bilərmi? Üç liderin ard-arda səfərinin bir-biri ilə əlaqəsi varmı?

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli bildirib ki, aprelin 28-də İran Prezidenti Pezeşkian böyük nümayəndə heyəti ilə Azərbaycana səfər edəcək:

“İran Azərbaycanla əlaqələrdə olduqca maraqlıdır. Ölkəmizin regional nüfuzunu və vacib geosiyasi mövqeyini qəbul etmək məcburiyyətindədir. Pezeşkianın səfəri çərçivəsində Tehran əmin olmaq istəyir ki, Azərbaycan ona qarşı həyata keçirilə biləcək əməliyyatlarda iştirak etməyəcək. Bunu zəmanət altına almaq üçün İranın Azərbaycanla müxtəlif sahələrdə müqavilələr imzalamaq niyyətində olduğunu düşünürəm. Bu ölkə həmçinin, Azərbaycanı İsraildən nisbətən uzaq məsafədə saxlamağa çalışır. Səfərin başlıca məqsədlərindən biri də budur.”

Ekspertin sözlərinə görə, bunun ardınca Türkiyə prezidentinin Azərbaycana səfər edəcəyini açıqlaması, rəsmi Bakı uğrunda açıq rəqabətin getdiyini göstərir:

“Türkiyə ilə Azərbaycan son vaxtlar eyni mövqedən çıxış edirlər. Bu isə Suriyada və Yaxın Şərqdə maraqları İsraillə toqquşan Ankaranı diqqət mərkəzinə gətirir. İsrail isə Tehran-Ankara-Bakı yaxınlaşmasını özünə qarşı ciddi təhlükə hesab edir. Bu səbəbdən İsrail Azərbaycanla bərabər səviyyəli əməkdaşlığı qorumağa çalışır. Netanyahunun Azərbaycana elan olunmuş səfəri də Təl-Əvivin təklənməsinin qarşısını almağa hesablanıb.

Hazırda hər üç ölkə Azərbaycanla daha yaxın münasibətlər qurmağa çalışır. İsrail bu yaxınlaşmada Türkiyə və İranı görmək istəmir, eyni qaydada İran da İsraili. Ankara da Təl-Əvivin kənarda saxlanılmasının tərəfdarıdır. İndi rəsmi Bakı bu toqquşan maraqları balanslaşdırmalı və milli mənafeyə uyğun ən doğru qərarı verməlidir.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.