Rəsmi Bakı Lavrovun İrəvanda barmaq silkələməsinə İlham Əliyevin dili ilə belə cavab verdi
26-05-2025, 15:26

Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşündə belə demişdi:
“Biz əvvəlki kimi təhlükəsizlik sahəsini müttəfiqliyimizin ən mühüm ölçülərindən biri hesab edirik. Biz Ermənistanın müdafiəsi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi üçün hər cür yardım etməyə hazırıq".
Sözsüz ki, burada “Azərbaycan bizim bəzi ərazilərimizi işğal edib” deyən İrəvanın bu sözlərinə açıq-aşkar təlmih (göndərmə) vardı. Lavrov sanki İrəvana “hər cür yardım etməyə hazır” olduğunu bildirməklə Azərbaycana və Türkiyəyə barmaq silkələyirdi. Rəsmi Bakının ona cavabı isə ən yüksək səviyyədə - İlham Əliyevin diliylə belə verildi:
“Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Volodimir Zelenskiyə çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı Azərbaycan tərəfindən Ukraynaya humanitar yardımın bundan sonra da davam etdiriləcəyini bildirdi.
Söhbət zamanı Azərbaycanın və Ukraynanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri qeyd olundu”, - Prezidentin rəsmi saytında bildirilir.
Yəni İlham Əliyev Ukraynanın ərazi bütövlüyünü və suverenliyini “daim dəstəklədiyini”, həmçinin Ukraynaya humanitar yardımını bundan sonra da davam etdirəcəyini ifadə etməklə Rusiyanın diqqətinə çatdırdı ki, sənin də bizdən fərqli olaraq “yumşaq qarnın” var və biz də əlimizdən gəldiyi qədər o "yumşaq qarnına" zərbələr endirəcəyik.
Heydər Oğuz
TEREF