Paşinyan alqışladı, gözlər Əliyevə çevrildi – Hansı qərar veriləcək?

Bu gün, 00:10           
Paşinyan alqışladı, gözlər Əliyevə çevrildi – Hansı qərar veriləcək?
“Avropa Siyasi Birliyi” sammitinin 2026-cı ildə Ermənistanda, 2028-ci ildə isə Azərbaycanda keçiriləcəyi açıqlanıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın X səhifəsində paylaşım edərək Bakı ilə bağlı qərarı alqışlaması maraqla qarşılanıb. O, Bakı və İrəvanın bir-birilərinin namizədliyini qarşılıqlı şəkildə dəstəklədiyini bildirib. Bununla yanaşı, sammitin baş tutacağı tarixin Ermənistanda, məhz bu ölkədə parlament seçkilərinin keçiriləcəyi ilə təsadüf etməsi isə xüsusi diqqət çəkib.

Paşinyanın son zamanlarda ölkədə reytinqinin azalması və qalibiyyət ehtimalının aşağı olması səbəbindən artıq hazırlıqlara başladığı, seçkidə mövqelərini gücləndirmək üçün bu qərarı hökumətinin uğuru kimi təqdim edəcəyi deyilir. Həmçinin İrəvanda baş tutacaq sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirak edib-etməyəcəyi də maraq doğurur. Bununla yanaşı Paşinyanın da Bakıda keçiriləcək sammitə qatılması ehtimalı müzakirə edilir.

İrəvanda sammitin məhz 2026-cı ildə keçirilmə qərarı Qərbin Paşinyan hakimiyyətinə dəstəyi kimi qiymətləndirilə bilərmi? Bu tədbirin iki ölkə üçün də əhəmiyyəti nədir?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin növbəti sammiti üçün İrəvana gedib-getməyəcəyi ilə bağlı suallar açıq qalır:

“COP-29-dan sonra Bakı ilə İrəvan arasındakı növbəti beynəlxalq iclasların mübadiləsi aktı daha ətraflı dərketmə bucağı yaradır. Burada liderlərin fiziki gediş-gəliş məsələsinin aktuallaşması geniş istiqamət ortaya qoyur. Hərçənd ki, Nikol Paşinyan COP29-da iştirakdan imtina etmişdi.

Lakin ümumilikdə Bakı ilə İrəvan arasındakı diplomatik-siyasi jestlər proqramı Azərbaycanın addımları üçün ideoloji və tarixi fürsətlər yaradır. Buna İlham Əliyevin İrəvan üzərindəki motivasiyasını əks etdirən pəncərədən baxmaq lazımdır. Yəni, hazırda baş verənlər sadə protokol hadisələri deyil, yeni oyun qaydalarının qurulmasıdır.

Bu, regional və beynəlxalq siyasət meydanına belə bir tezisi səsləndirməyə imkan verir: Əliyev tarixi Azərbaycan torpaqları olan İrəvanda, Paşinyan isə dünyaya regional təhlükəsizlik üçün diktə və tələblər irəli sürən Bakıda. Başqa sözlə, İlham Əliyevin İrəvana, Nikol Paşinyanın isə Bakıya mümkün səfərləri yeni regional reallıqları simvollaşdırır.

Yəni, Avropa Siyasi Birliyi iclaslarının Bakıda və İrəvanda keçirilməsindən asılı olmayaraq Əliyevin güclü, ardıcıl və uzunmüddətli strategiyası önə çıxır”.

Analitikin sözlərinə görə, “Əliyev İrəvanda” tezisləri yekunda Azərbaycanın regional təhlükəsizlikdəki sərmayə portfelinin, güc nümayişinin diktə edilməsinin genişlənməsinə xidmət göstərəcək tarixi bir anı qiymətləndirməyə imkan yaradacaq:

“Paşinyan Bakıda” tezisi isə Azərbaycanın prioritetləri ilə rəqabət aparmaq iqtidarında deyil.

Hadisələrin başqa bir prizmadan dəyərləndirilməsinə baxaq. Burada əsasən Nikol Paşinyanın Azərbaycana jestlər etməsinin pərdəarxasındakı məqamlarına toxunmağı məqsədəuyğun sayardım. Paşinyan öz hakimiyyətinin qorunması üçün ehtimal ki, Azərbaycandan təminatlar istəyir. Bu, onun Rusiya və Qərbin geosiyasi rəqabətinə qurban gedə biləcəyi versiyaları fonunda başa düşüləndir.

Beləliklə, sülh yolunda daha bir vacib addım atılır: Azərbaycan İrəvanın təhlükəsizliyinə qarantiya olaraq, onu regional və beynəlxalq təhdidlərin caynağından almağa doğru istiqamətlənir. Paşinyanın bu oyun qaydasındakı rolu isə hər şeyi olmasa da, bir neçə məsələni müəyyənləşdirən məqamı əks etdirəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.