“Rusiya SSRİ-nin dağılmasından sonra eyni imperial sindromu yaşayır” – “Buyursunlar, nüvə silahını paylasınlar...”

Dünən, 08:28           
“Rusiya SSRİ-nin dağılmasından sonra eyni imperial sindromu yaşayır” – “Buyursunlar, nüvə silahını paylasınlar...”
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov Rusiyada vaxtaşırı gündəmə gətirilən “SSRİ-nin bərpası” diskursunu şərh edərək bildirib ki, bu mövzu post-sovet məkanına qorxu siqnalı göndərmək məqsədi daşıyır.

Onun sözlərinə görə, bu dəfə Rusiyada SSRİ-nin düzgün şəkildə dağılmadığı və hüquqi baxımdan hələ də mövcud olduğu ilə bağlı müzakirələr aparılır. Hətta bu məqsədlə Sankt-Peterburqda – 25 ildir Moskvada hakimiyyəti əlində saxlayan qrupun “alma mater”ində – xüsusi hüquq forumu təşkil olunub.

Məmmədov qeyd edib ki, bu cür informasiyalar post-sovet ölkələrində qorxu yaratmağa hesablanmış informasiya atışlarıdır. Əsas mesaj ondan ibarətdir ki, Rusiya “Avrasiya İqtisadi İttifaqı” və “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı” kimi layihələrlə kifayətlənməyib daha irəli gedə bilər.

O, bildirib: “Rusiyada fərqli düşünmək və davranmaq bacarığı yoxdur – bu, onların klassik yanaşmasıdır”.

Ekspert Rusiya elmi dairələrinin keçmiş SSRİ ölkələrinə hələ də zəif, öz identikliyini axtaran, daxili çəkişmələr və böhranlarla üzləşmiş dövlətlər kimi baxdığını bildirir. Bu yanaşma həmin ölkələri “qüsurlu dövlətlər” kimi təqdim etmək məqsədi daşıyır.

Lakin politoloq vurğulayıb ki, imperiyaların dağılmasından sonra bu cür proseslər təbiidir və Rusiya da bu qaydadan kənarda deyil: “Bu, tarixi aksiomadır. Rusiyada mərkəzdənqaçma meyilləri olmayıb? Çeçenistan müharibəsini xatırlayaq. Bəs Rusiya qonşuları ilə ərazi mübahisələrindən azaddır? Ukraynaya müdaxilə və təkrarlanan “torpaqları birləşdirmək” ritorikası bunun əksini deyir. Orada siyasi böhranlar olmayıb? 1993-cü ildə parlamentin tanklarla dağıdılması və ya Priqojinin üsyanı və Moskvaya yürüşü necə? Rusiya iqtisadi böhranlardan sığortalanıb? 1990-cı illərin defoltları və 'qara bazar ertələri' hələ də yaddaşlardadır. Rusiya cəmiyyətində sabit milli identiklik formalaşıbmı? Məsələn, Qafqaz bölgəsində yaşayanlar – onlar ruslardır, yoxsa sadəcə Rusiya vətəndaşlarıdır? Etnik və dövlət kimliyi arasında balans tapılıbmı?”

Politoloq əlavə edib ki, Rusiyada dövlət bayramları ilə bağlı belə qeyri-müəyyənlik yaşanır: “12 iyun nə bayramıdır? SSRİ-dən suverenliyin elan olunduğu gündür, yoxsa nəsə başqa? 4 noyabr isə ümumiyyətlə necə bayramdır? Rusiya vətəndaşlarının əksəriyyəti bu günün konkret adını və hansı günün əvəzinə təsis olunduğunu bilmir. Halbuki bu tarix yalnız 2004-cü ildə, 7 noyabr – Oktyabr inqilabının ildönümünün əvəzinə təsis edilib”.

Fərhad Məmmədov vurğulayıb ki, 17-ci əsrə edilən istinadlar, 18-ci əsrdəki ərazi iddiaları və 21-ci əsrdə sovetçiliyin təbliği – bütün bunlar milli identiklik axtarışlarının göstəricisidir: “Bu axtarış daim dəyişən bir prosesdir və dövlətin qarşısına qoyduğu məqsədlərdən asılı olaraq müxtəlif nəticələr doğura bilər – bəzən uğur, bəzən isə fəlakət”.

O, həmçinin əlavə edib ki, Rusiyada Şimali Qafqazın “daxili xaric” kimi adlandırılması da bu identiklik böhranının təzahürüdür.

Politoloqun fikrincə, bu təhlilin məqsədi Rusiya barədə inciklik və ya ittiham formalaşdırmaq deyil. Əsas ideya ondan ibarətdir ki, imperiyaların dağılmasından sonra yaşanan bu proseslər bütün post-imperiya məkanlarında baş verir və Rusiya bu baxımdan istisna deyil.

Fərhad Məmmədov əlavə edib ki, Rusiya SSRİ-nin hüquqi varisi statusunu daşıyır – BMT Təhlükəsizlik Şurasındakı daimi üzvlük və nüvə silahlarının qorunması bu statusun nəticəsidir. Lakin onun fikrincə, bu statusun hüquqi əsasları mübahisəlidir: “Əgər SSRİ-nin dağılması qeyri-qanunidirsə, o zaman Rusiyanın BMT-də daimi yerə sahiblənməsi də mübahisəlidir. Əgər bu fikirdə israrlıdırırlarsa, buyursunlar, BMT Təhlükəsizlik Şurasındakı yeri də geri qaytarsınlar və nüvə silahını SSRİ dağılan zamandakı olan coğrafiyaya paylasınlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.