Elçi Bəyin... bayrağı açıldığı yerə - İsmailiyyə binasının üzərinə asacağı xəbəri bir neçə gün idi şəhərə yayılmışdı
Dünən, 09:38

Əlbəttə, bilirsiniz, lakin bilsəniz də demirsiniz və yazmırsınız... bu üç rəngli bayrağı ilk dəfə kim ucaltdı... və hansı təhdid altında ucaltdı...
1920-ci ildə Rəsulzadənin öz əli ilə açdığı və düşmənin `ayaqları altna deyil, Azərbaycan Türkünün yanmış ürəyinə gömülmüş` bu bayrağı ilk dəfə kim yerinə qaytardı...
Rəsulzadə peyğəmbərcəsinə əmin idi, Türk Gəncliyi bu üçrəngli bayrağı `Azərbaycan Türkünün yanmış ürəyindən` qoparıb yerinə qaytaracaq.
Çox əmin idi!
Bəli, Böyük Öndər millətimizin o qüdrətini görmüş, ərşdən gürşə ismarıcını vermişdi.
Xoş halına ilahi ismarıcı ala bilənin. Alıb da yerinə yetirə bilənin.
28 may 1990...
Ölkə 20 yanvarın travmasında çıxa bilməmişdi...
Elçi Bəyin... bayrağı açıldığı yerə - İsmailiyyə binasının üzərinə asacağı xəbəri bir neçə gün idi şəhərə yayılmışdı. Həmin gün... işi bilənlər yavaş-yavaş binaya doğru yürüyürdülər. Şəhərdə söz gəzirdi ki, neçə yerdən rus snayperi bayrağın sancılmasını gözləyir. Vuracaq.
İnsanlar bir ölüm tamaşasına gedirdilər...
Gözyaşları ürəyinə axan da vardı...
Qana susayan da...
Bəy danışırdı ki, Elmlər Akademiyasının prezidenti Eldar Salayev məni çağırdı. Dedi, eşitdim, bayrağı asmaq istəyirsən. Etmə. Qəti əmr var Moskvadan. Vuracaqlar.
Aralarında uzun bir söhbət olur. Dartışma olur, deyişmə olur, pozuluşma olur... kim bilir...
Eldar Salayev dönə-dönə rica edir, `vuracaqlar, göz görə-görə ölümə getmə`, deyir.
Bəy danışırdı ki, Eldar müəllim qədirbilən insan idi, xətrimi də çox istəyirdi və gerçəkdən narahat idi. Məni fikrimdən döndərmək üçün əlindən gələni edirdi.
Bəy danışırdı ki, elə mən də akademik qədər əmin idim, vuracaqlar. Bilirdim ölümə gedirəm. Həyatımda üç-dörd dəfə ölümlə üz-üzə gəlmişəm. Bu da onlardan biri idi. Hazır ölüm idi. Amma düşünürdüm ki, bəlkə bu ölüm şəhərə silkələyər, bəlkə daha geniş kütlələr bu irticaçı rejimə qarşı ayağa qalxar. Birləşər.
Elçi Bəy dediyini edir. Vədə tamamında bayrağı götürüb otaqdan çıxır.
Elçi Bəy qutsal bayrağımızı yanmış ürəklərdən qoparıb haqq etdiyi yerə aparır!
O anları görə bilirsinizmi?!
O bağra basılmış bayrağı, o döyünən ürəyi duya bilirsinizmi?
O həyəcanı yaşaya bilirsinizmi?!
O əziz bayrağın 70 il kömüldüyü ürəkləri hiss edə bilirsinizmi?!
O yanmış ürəklər damarlarınızda qan olub axırmı?!
Neçə gün öncədən ətraf damlarda qurulmuş snayperlərdən səs çıxmır. Elçi Bəy hər saniyə ölümü gözləyə-gözləyə, ölümə hazır ola-ola Rəsulzadənin vəsiyyəti üzərə üç rəngli bayrağı əski yerinə sancır. İcra edilməmiş bir ölümdən geri dönür.
Bakı ölü bir sükut yaşayır...
İnanılmaz və ağlasığmaz!!!
Bakıda Cümhuriyyətin üçrəngli bayrağı dalğalanır!
Bayrağımızın ən böyük aşiqi Elçi Bəy bu möhtəşəm tarixə imza atır!
Həmin günlərdə Bakı (və bütün digər şəhərlər)böyük həyəcan yaşayırdı.
Milli İradə - 20 yanvar dirənişi ilə Moskvanı qorxutmuşdu. Sistem çökmüşdü. Amerikalı politoloq Pol Qoblun dediyi kimi SSRİ Bakıda ölmüşdü.
Qatil rejim ikinci dəfə Kommunist küçəsində ölür...
Bakıda rastgələ güllə atan, evləri - dinc insanları belə güllə-boran edən silahlar həmin 28 may günündə susmalı olur.
Bayraqdar üçün hazırlanmış ölüm hökmü icra oluna bilmir.
Elçi Bəy Rəsulzadə yoluna sahib çıxdı.
Və Cümhuriyyətin bərpası prosesinə, həmin 28 may günü yeni vüsət verdi...
Unudulmaz bir xidmət!
Nə desək, nə yazsaq haqqı ödənməz!
Tarix Cümhuriyyətin quruculuğunu Rəsulzadənin adına yazdığı kimi Cümhuriyyətin bərpasını da Elçi Bəyin adına yazmış!
Yazıya pozu yoxdur!
Qaldı ki o da tale yazısı ola!
Mehriban Vezir
TEREF