Xaricdə təhsil adı ilə dələduzluq: Anar Xəlilov yenidən həbs edilə bilər? – Ali Məhkəmə qərar verdi

Dünən, 15:10           
Xaricdə təhsil adı ilə dələduzluq: Anar Xəlilov yenidən həbs edilə bilər? –
Ali Məhkəmədə xaricdə təhsil və iş üzrə “Smart Business Group” şirkətinin direktoru Anar Xəlilovun barəsində olan cinayət işinə baxılıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirməkdə ittiham olunur.

İstintaq materiallarına əsasən, A.Xəlilov aldatdığı insanlara xaricdə yüz faiz zəmanətlə təhsil vəd edib. O, vətəndaşları inandırmaq üçün yaratdığı internet saytı və sosial şəbəkələrdə özünü xaricdə təhsil üzrə məsləhətçi və ekspert kimi təqdim edib. Eyni zamanda, xarici dövlətlərin ali təhsil müəssisələri, xaricdə təhsil şirkətləri və mərkəzləri ilə uzun müddət davamlı əməkdaşlıq edən, bu sahədə geniş təcrübəyə, rəsmi işgüzar əlaqələrə malik "Azər Əliyev" təhsil şirkətinin icraçı direktoru olduğunu iddia edib. Lakin Anar Xəlilovun etibarlı tərəfdaş kimi qələmə verdiyi şirkət dövlət qeydiyyatına alınmayıb, reyestrə daxil edilməyib.

Anar Xəlilov müştəri kimi ona müraciət etmiş vətəndaşlara müəyyən xidmət haqqı müqabilində müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla tələbə qəbul etdirəcəyinə, xaricdə təhsil üçün şirkət tərəfindən göndərilən tələbələrin gedəcəyi ölkələrdə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin ediləcəyinə, müştərilərin öz vəsaitləri hesabına yataqxana və təhsil haqqı xərclərinin ödənişinin həyata keçiriləcəyinə dair yalan vəd verib.

İttihama görə, Anar Xəlilov 4 nəfərə qarşı dələduzluq edib. Onlardan birini “Ondokuz Mayıs” universitetində “tibb” ixtisası üzrə tələbə kimi qəbul etdirəcəyinə vəd edib və 6 min 500 manatını alıb. O, digər zərərçəkmişləri də həmin universitetin müxtəlif fakültələrinə qəbul etdirəcəyi adı ilə dələduzluq edib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Anar Xəlilov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, 2013-cü ildən etibarən fərdi sahibkar kimi fəaliyyətə başlayıb, təhsilə yardım sahəsində sahibkar kimi qeydiyyatdan keçib: “İş üzrə adı keçən zərərçəkmiş şəxslərlə öz imzam və möhürüm ilə müqavilə bağlamışam. Cinayət işinin materiallarında guya özümü Azər Əliyev kimi təqdim edərək müştərilərlə müqavilə bağladığım göstərilir. Bəzi günlər ərzində 30-a yaxın müqavilə bağlanmış və fiziki cəhətdən bunu çatdırmağı mümkün olmadığından Azər Əliyev adlı işçisi printerdən çap olunmuş mənim imzam və möhürüm olan müqavilələrlə müqavilə bağlayıb. Bundan başqa “Xəzər”, Space” və başqa telekanallarda olan verilişlərdə dəfələrlə şirkətin rəhbəri kimi iştirak etmişəm. Şirkətim ilə müştərilər arasında 10 il ərzində yüzlərlə müqavilə imzalanıb. Həmin müqavilələr imzalandıqdan sonra bizim çalışdığımız yerdə yerləşən “Şəfəq” tərcümə mərkəzinə göndərilib. Oradan da notarial qaydada da təsdiqlənmək üçün notariusa təqdim olunub”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Xəlilov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, ittiham üzrə ümumi ziyanı tam ödədiyini və ziyanın 50 faiz məbləğində dövlət büdcəsinə ödəniş edildiyini, lakin birinci instansiya məhkəməsi tərəfindən həmin halın nəzərə alınmadığını, ailənin yeganə oğul övladı olduğunu, atasının orqan çatışmazlığı xəstəliyindən əziyyət çəkdiyini və ölüm ayağında olduğunu göstərib. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunub. Apellyasiya şikayətini araşdıran hakimlər heyəti Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsini rəhbər tutaraq Anar Xəlilovu cinayət məsuliyyətindən azad edib və cinayət işinə xitam verib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Bu qərardan narazı qalan dövlət ittihamçısı kassasiya protesti verib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində ağırlaşdırıcı halların müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apellyasiya məhkəməsinə qaytarılması barədə qərar verilməsini istəyib.

Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, protest təmin olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib və iş yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarılıb.

Yaxın günlərdə bu iş üzrə yenidən məhkəmə başlanacaq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.