Ukrayna kəşfiyyatının gücü nədədir?
2-06-2025, 09:24

Yəqin bir çoxunuz Ukrayna Təhlükəsizlik Xidmətinin bugünkü möhtəşəm əməliyyatı barədə oxumusunuz.
Ümumiyyətlə müharibənin ilk günündən istər Budanovun rəhbərlik etdiyi Ukrayna Baş Kəşfiyyat İdarəsi, istərsə də Malyukun rəhbərliyi etdiyi Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiya ərazisində möhtəşəm dərəcədə cəsarətli əməliyyatları müşahidə edirik: strateji obyektlərin vurulması, hərbi cinayətkarların öldürülməsi və s. Bunlar hələ bizim bildiklərimizdir...
Sizə maraqlı fakt deyim
2013-2014-cü illərdə Maydan hadisələrinin episentrində idim və təbii ki, Maydanın müdafiəsini təşkil edən adamların bir çoxunu şəxsən tanıyırdım. Gecələr tonqal qalayırdıq, bir yerdə yemək yeyirdik, odun daşıyırdıq, növbə ilə postlara çıxırdıq və s. Kontingent çox fərqliydi: fəhlələr, tələbələr, bank işçiləri, iş adamları, taksi sürücüləri, mağazada mühafizəçilər, yazıçılar, ziyalılar və s.
İnqilab qələbə ilə nəticələnəndən sonra bir-birimizi axtarırdıq, görüşürdük və hələ o zaman bir məqam diqqətimi cəlb etmişdi. Döyüşlər zamanı xüsusi fədakarlıq, cəsarət, ağıl və kreativliklə fərqlənən cavan uşaqların böyük əksəriyyəti ya UTX-də, ya da BKİ-də(hərbi kəşfiyyat) xidmətə başladılar. Sonralar dost, tanışlardan kimə rast gəlirdiksə demək olar ki, hamısı xüsusi xidmət orqanlarına getdilər.
Xüsusi xidmət orqanlarına qəbulun əsas məyarları: cəsarət, zəka, fədakarlıq, dövlətə və millətə(bunu da deyim ki, böyük əksəriyyət millətçilər idi) sevgiydi, tapşırıq, qohumluq, pul və s. yox. İnsanları Maydana toplayan da məhz bu xüsusiyyətlər idi.
10 il keçdi, həmin uşaqlar böyüdülər, təcrübə topladılar və xidmət etdikləri kəşfiyyat qurumlarını dünyanın ən öndə gedənlərin sırasına saldılar.
Bu gün Rusiya ərazisində gördüyümüz hadisələrin gerçək müəlliflərin adlarını heç zaman bilməyəcəyik, onların şəkilləri paylaşılmayacaq, nümayişkəranə medallar verilməyəcək, amma bu gün həmin adamlar Ukrayna dövlətinin onurğa sütunudur.
Kamran Cəfərov
TEREF