"Bunun nəticəsində məktəb yalnız "imtahan nəticəsi verən fabrik"ə çevriləcək" - Ekspert
Dünən, 00:07

Yeni tədris ilində orta ümumtəhsil məktəblərində böyük ixtisarların aparılacağı gündəmə gəlib. Məlumatda orta məktəblərdə fəaliyyət göstərən dərnəklərin, yeməkxanaların bağlanacağı bildirilir. Sözügdeən yeməkxanalardan ən çox faydalanan isə aztəminatlı ailələrin övladlarıdır.
Orta məktəblərdə dərnək və yeməkxanaların bağlanması aztəminatlı ailələrin uşaqları üçün hansı mənfi nəticələr yarada bilər?
Təhsil eksperti Kamran Əsədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, 2025-ci ilin sentyabrından etibarən Azərbaycanda ümumtəhsil məktəblərində ciddi struktur dəyişikliklərinin, xüsusilə də ixtisarların, dərnəklərin bağlanacağının, yeməkxana fəaliyyətinin dayandırılacağının gözlənilməsi, təhsil sistemində maliyyə, idarəetmə və strateji istiqamətlərinin köklü şəkildə yenidən qurulacağının göstəricisidir:
"Hazırda təhsil ictimaiyyətində yayılan bu məlumatlar dövlət büdcəsində təhsilə ayrılan vəsaitin optimallaşdırılması cəhdləri və eyni zamanda mövcud resursların "daha effektiv istifadəsi” adı altında struktur ixtisarlarının başlanması ilə bağlıdır. Məsələ yalnız texniki deyil, həm də sosial və pedaqoji nəticələrə səbəb olacaq dərin bir prosesin başlanğıcıdır. Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinə dair sənədlərində təhsilə ayrılan xərclər nominal olaraq artırılmış kimi görünsə də, bu artım əsasən müəllimlərin attestasiyası, yeni tədris planları və rəqəmsallaşma kimi texnoloji layihələrə yönəldilib. Lakin paralel şəkildə məktəbdənkənar fəaliyyətlər – dərnəklər, əlavə kurslar, incəsənət və idman dərnəkləri, eləcə də yeməkxana və psixoloji xidmət kimi dəstək strukturlarının saxlanılması üçün ayrılan xərclərin azaldılması və ya sıfırlanması müşahidə olunur. Bu isə struktur islahatı adı ilə ixtisarların həyata keçiriləcəyinə işarədir”.
Kamran Əsədov əlavə edib ki, ilk növbədə dərnəklərin bağlanması məktəbdə şagirdin yalnız akademik deyil, həm də yaradıcı və sosial inkişafına ciddi zərbə vuracaq:
"Mövcud vəziyyətdə dərnəklər – texniki yaradıcılıq, idman, musiqi, teatr və riyaziyyat dərnəkləri – az da olsa, məktəbdə şagirdin maraq dairəsini formalaşdıran yeganə platformadır. Bu dərnəklər vasitəsilə çox sayda uşaq məktəbdənkənar fəaliyyətdə iştirak edir və şəxsiyyət kimi formalaşır. Onların bağlanması ilə məktəb yalnız "imtahan nəticəsi verən fabrik”ə çevriləcək. Yeməkxanaların bağlanması xüsusilə aztəminatlı ailələrin uşaqları üçün mənfi sosial nəticələr doğuracaq. UNICEF və UNDP-nin 2023-cü ildə yaydığı birgə hesabatda göstərilir ki, Azərbaycanda məktəblilərin təxminən 27 faizi səhər yeməyini məktəbdə qəbul edir və bu onların gün ərzində əsas qida mənbəyidir. Yeməkxanaların bağlanması ilə uşaqların qidalanma səviyyəsi aşağı düşəcək, bu isə birbaşa fiziki və zehni inkişaflarına mənfi təsir göstərəcək. Bu addım sosial rifahı aşağı olan ailələri təhsildən uzaqlaşdıracaq və məktəbdən yayınma hallarını artıracaq”.
Kamran Əsədov hesab edir ki, ixtisarlar daha dərinə gedən bir problemin xəbərçisidir:
"Təhsil Nazirliyi artıq bəyan edib ki, ştat strukturunun optimallaşdırılması aparılır. Bu, ilk baxışda səmərəlilik məqsədi güdür. Lakin reallıqda məktəblərdə kitabxanaçılar, laborantlar, tədris köməkçiləri, texniki heyət, hətta bəzi hallarda psixoloq və tərbiyəçilər ixtisar ediləcək. Bu, məktəbin təkcə idarəetmə gücünü deyil, təhsilin sosial yönünü də zəiflədəcək. Məsələn, məktəb psixoloqu ştatının ixtisarı artıq 2023-cü ildən başlanmışdı. 2025-də bu prosesin daha da dərinləşməsi gözlənilir. Dünya təcrübəsində təhsil sistemində maliyyə qənaətinə gedilərkən, əsas strukturun deyil, əlavə bürokratik və inzibati xərclərin ixtisar olunması prioritet sayılır. Məsələn, Estoniya və Finlandiyada məktəb dərnəkləri və məktəbdaxili yeməkxanalar dövlət tərəfindən mütləq maliyyələşdirilir və sosial təminat kimi qorunur. Hətta pandemiya dövründə belə bu sahələrdə ixtisar aparılmadı. Əksinə, ABŞ və Birləşmiş Krallıq kimi bəzi ölkələrdə 2008 maliyyə böhranından sonra məktəblərdə texniki və dəstək heyətinin ixtisarı təhsildə keyfiyyətin azalmasına səbəb olmuşdu. Bu təcrübə sonradan tənqid olundu və yenidən büdcə planlamasında sosial dəstək proqramlarına üstünlük verilməyə başlandı”.
Ekspert bildirib ki, əgər Azərbaycanda bu ixtisarlar həyata keçirilərsə, təhsildə bir neçə ciddi fəsad yaranacaq:
"Birincisi, məktəb yalnız dərs verilən məkana çevriləcək və tərbiyəvi, sosial inkişaf və maraq sahələri tamamilə sıradan çıxacaq. İkincisi, sosial cəhətdən zəif təbəqələrə mənsub uşaqlar məktəbdən uzaqlaşacaq, bu isə təhsildə bərabərsizliyi artıracaq. Üçüncüsü, müəllim heyətinin əlavə iş imkanları itəcək və pedaqoji motivasiya zəifləyəcək. Nəhayət, təhsil müəssisəsi yalnız normativ plan əsasında fəaliyyət göstərən rəsmi idarəyə çevriləcək ki, bu da təhsilin ruhuna ziddir. Dəyişikliklərin səbəbləri kimi büdcə qənaəti, struktur islahatı və rəqəmsal transformasiya göstərilsə də, bu dəyişikliklər sistemli əsaslandırılmadan həyata keçirilərsə, uzunmüddətli mənfi nəticələr qaçılmaz olacaq. Hazırda ən böyük risk məktəbin sosial institut olaraq funksiyasının sıradan çıxarılmasıdır. Belə olarsa, təhsil sistemi təhsilvermə yox, sadəcə qiymətləndirmə və imtahan mərkəzinə çevriləcək”.
Sonda ekspert vurğulayıb ki, bu kontekstdə ciddi islahatların alternativi daha məqsədəuyğun olar:
"Təhsildə ixtisar yox, yenidən strukturlaşma, ixtisaslaşma, dəyərlərin qorunması və resursların daha ağıllı bölüşdürülməsi aparılmalıdır. Əks halda 2025-ci ilin sentyabrından etibarən təhsildə keyfiyyət və bərabərlik ciddi təhlükə altına düşəcək”.