Kosmosda Yer üçün çox vacib olan FABRİK açılır
3-06-2025, 12:25

Kosmosun çəkisizlik şəraitində çip istehsalı artıq elmi fantastikadan reallığa çevrilir. Uelsdə yerləşən "Space Forge" startapı ABŞ hərbi qurumlarının da dəstəyi ilə təxminən 30 milyon dollar investisiya cəlb edib. Məqsəd yarımkeçirici çiplər üçün materialların birbaşa kosmosda istehsalıdır.
Bu barədə "TechCrunch" nəşri məlumat yayıb.
Süni intellekt və elektromobillərin inkişafı yarımkeçiricilərə olan tələbatı kəskin artırıb. Lakin bu sahənin əsas təməli sayılan ənənəvi silisium artıq texnoloji imkanlarının son həddinə çatıb. "Space Forge" hesab edir ki, bu problemi yalnız Yer kürəsindən kənarda - kosmosun unikal şəraitində həll etmək mümkündür.
Startapın iddiasına görə, çəkisizlik şəraitində istehsal edilən kristallar daha az defektli olur, bu isə nəticədə çiplərin enerji səmərəliliyini artırır. Belə çiplər kvant hesablamaları, müdafiə texnologiyaları və digər yüksək texnologiyalı sahələrdə istifadə üçün idealdır.
Məhz bu yüksək potensial səbəbindən NATO-nun İnnovasiya Fondu layihənin əsas investorlarından biri olub. Bundan əlavə, ABŞ-nin hərbi sənaye nəhəngi "Northrop Grumman" da "Space Forge"un tərəfdaşları sırasındadır.
Kosmosda real çip istehsalının nə vaxt baş tutacağı hələlik açıqlanmır.