Yəqin ona “Mişa, Medvedyevliyini saxla ara soyuyana” deyiblər.
4-06-2025, 00:10

Medvedev Rusiyanın strateji bombardmançılarının məhv edilməsində iştirak edənlərin hamısını “məhv edəcəyinə” söz verib.
Üzərindən 2 gün keçəndən sonra Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özündə cəsarət tapıb Ukraynanın rus aerodromlarına hücumuna axır ki cavab verib. O, özünün Telegram paylaşımında söz verib ki, Rusiya öz strateji bombardmançılarını məhv etdiyinə görə Ukraynadan mütləq qisas alacaq və bu əməliyyatda iştirak edənləri “məhv edəcək”: "Narahat olan və qisas gözləyənlərin hamısının nəzərinə! Narahat olmaq lazımdır - bu, normal insana xas xüsusiyyətdir. Qisas qaçılmazdır. Partlayacaq hər şey mütləq partladılacaq, məhv edilməli olanlar isə yox olacaq".
O, həmçinin Rusiya aerodromlarına genişmiqyaslı hücum fonunda Ukrayna ilə danışıqların mənasına da toxunub. “Ayı balası”nın sözlərinə görə, danışıqlar “kimlərinsə uydurduğu qeyri-real şərtlərlə kompromisli sülh üçün deyil, Rusiyanın tezliklə qələbəsi və neonasist hökumətinin tamamilə məhv edilməsi üçün lazımdır”.
Maraqlıdır ki, özgə vaxt dilində nüvə təhdidi bitən “Ayı balası” bu dəfə nədənsə Rusiyanın nüvə doktrinasının tələblərini unudub. Görünür, ona Kremldən kimsə başa salıbdır ki, amanın bir günüdür, birdən artıq-əskik danışar, Rusiyanın Qərbin arzuladığı nüvə qarşıdurmasına sürüklənməsinə “ayı xidməti” göstərə bilər. Yəqin ona “Mişa, Medvedyevliyini saxla ara soyuyana” deyiblər.
Heydər Oğuz
TEREF