Şeyxin kürəkəni olan səfir azərbaycanlıları tədbirə buraxmayıb - İDDİA
Dünən, 10:58

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının milli bayramı-Müstəqillik Günü münasibətilə 29 may 2025-cü il tarixində Doha şəhərindəki “Ritz Carlton ” mehmanxanasında rəsmi qəbul təşkil olunub. Tədbirdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə xanım Əliyeva, Qətərin dövlət qurumlarını təmsil edən bir sıra rəhbər şəxslər, Qətərin Şura Məclisindən parlamentlərarası dostluq qrupunun üzvləri iştirak ediblər.
Ancaq maraqlıdır ki, Azərbaycan və azərbaycanlılar üçün olduqca əlamətdar olan belə gündə Qətərdə yaşayan soyadaşlarımızın, iş adamlarının tədbirdə iştirakına icazə verilməyib. Redaksiyamıza daxil olan məlumata görə, tədbir üçün hazırlanan məkana gedən soydaşalarımızın içəri daxil olmasına icazə verilməyib və bildirilib ki, bununla bağlı Azərbaycanın Qətərdəki səfirliyinin müşaviri Eldəniz bəydən xüsusi təlimat var. Bu təlimatın isə Azərbaycanın Qətərdəki səfiri Adış Sakit oğlu Məmmədov tərəfindən verildiyi bildirilir.
Azərbaycanın daha əvvəl İsveç, Norveç və Finlandiyadakı səfiri olan Adış Sakit oğlu Məmmədov daha çox diplomatik fəaliyyəti ilə deyil, Şeyxülislam Hacı Allahşükür Paşazadənin kürəkəni olmasıyla tanınır. O, 1995-ci ildən 1998-ci ilə qədər BDU-nun Riyazi-analiz kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışıb. Daha sonra ikinci ali təhsil alaraq diplomat kimi fəaliyyətə başlayıb.
İndi isə görünən odur ki, Azərbaycanı Qətər kimi bir ölkədə təmsil edən səfir büdcədən ayrılan vəsait hesabına təşkil olunan əlamətdar bayram tədbirlərində azərbaycanlıları görmək istəmir. Rəsmi məlumata görə, tədbirə qatılan qonaqların ümumi sayı 300 nəfərdən artıq olub. Ancaq nədənsə, onların arasında Qətərdə yaşayan, işləyən azərbaycanlı iş adamlarının, tanınmış şəxslərin olmaması kimsəni narahat etməyib.
//Bakufakt.az