Biz ölmüşük, ağlayanımız yoxdur.
5-06-2025, 10:25

"Yonjiang Zhiao", "Hashem Farjam" "Abdol Zeman" və s. adlı biriləri "International Journal of Hydrogen Energy", "Journal of Cleaner Production" və "Journal of Drug Delivery Science and Technology" adlı jurnallarda məqalələr dərc etdiriblər.
Bu saxtakar elm adamları təmsil etdiyi qurum kimi "Sun-Life Company, Baku, Azerbaijan" göstərmişdir. Ay tövbə, belə bir şeyi mən də ilk dəfədir eşidirəm.
Sən demə, bu şirkətin nəinki elektrik mühəndisliyi, hətta stomatologiya departamentləri var imiş.
Gənc bir rus alim və jurnalist - Aleksandr Maqazinov fikir verib ki, bu qurum adına 22 məqalə dərc olunmuşdur, lakin bu müəlliflərin heç birinin soyadı azərbaycanlı soyadına bənzəmir.
Məqaləni dərc etdirən müəlliflərə belə bir quruma aid olduğunuzu sübut eləyin deyiblər, lakin bu mümkün olmayıb.
Deməli harada fırıldaqçılıq və saxtakarlıqla məşğul olan "elm adamları" var imiş, aid olduğu qurumu yalandan Azərbaycan şirkəti göstərib məqalə çap etdiriblər. Bu bilirsiniz nə deməkdir? Rəzillik! Çox pis əsəbləşdim oxuyanda, dedim bu yazını yazım, bir az da sizə ötürüm mənfi enerjimi, birlikdə paylaşaq bu məyusluğumu.
Heçmi xəbərimiz olmayıb? Bir olar, iki olar, lakin 22 məqalə necə ola bilər axı, özü də uzun bir zaman aralığında?
Kimdir Azərbaycanda elmi məqalə oxuyan deyə, rahatlıqla məqalələri çap etdirmişlər.
Xoşbəxtlikdən artıq kimsə belə bir qurumun olduğuna inanmır və bütün məqalələr jurnallardan yığışdırılmışdır. Mənim qəzəbimi alovlandıran bu nöqsanın biz azərbaycanlılar tərəfindən deyil, başqaları tərəfindən ortaya çıxarılmasıdır. Utandım, qəzəbim isə acizlikdəndir.
Aşağıda həmin məqalələrdən bir neçəsini paylaşacağam.
Zəhmət olmasa bacardığınız qədər paylaşın bu hadisəni, bəlkə rəsmi qurum nümayəndələri daha həssas və ayıq olar.
Shuay Abdullayev
TEREF