Ölüm xəbəri yayılan komandan Tehranda üzə çıxdı - Video
Bu gün, 00:13

Son günlər İrana qarşı həyata keçirilən intensiv hərbi əməliyyatlar fonunda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin komandanı İsmayıl Qaaninin öldürüldüyü ilə bağlı iddialar yayılmışdı.
Bakupost.az xəbər verir ki, yayılan son görüntülər bu xəbərləri təkzib edir.
Sosial şəbəkələrdə yayımlanan videoda İsmayıl Qaani Tehranda keçirilən kütləvi tədbirdə əhali arasında görüntülənib. O, İran bayraqları ilə dolu izdihamın içində insanlarla görüşür, bəzi vətəndaşlarla söhbət edir və tədbir iştirakçıları tərəfindən əhatə olunur. Kadrlarda Qaaninin sağlam və sakit göründüyü açıq-aydın müşahidə olunur.
Qeyd edək ki, Qaaninin ölüm xəbərləri İranın SEPAH qərargahlarına edilən hücumlar, o cümlədən Tehranın müxtəlif bölgələrində baş verən partlayışlar və dron zərbələri zamanı yayılmışdı. Xüsusilə İsrailin kəşfiyyat və informasiya müharibəsi çərçivəsində SEPAH rəhbərliyinə qarşı hədəfli hücumlar həyata keçirdiyi bildirilirdi.
Bir sıra regiondankənar və ərəb mediası İsmayıl Qaaninin öldürüldüyünü iddia etsə də, bu məlumat rəsmi şəkildə nə təsdiqlənmiş, nə də təkzib olunmuşdu. Nəhayət, yayımlanan bu görüntülər onun sağ və fəaliyyətdə olduğunu nümayiş etdirir.
Xatırladaq ki, İsmayıl Qaani general Qasım Süleymaninin 2020-ci ilin yanvarında ABŞ tərəfindən Bağdadda öldürülməsindən sonra SEPAH-ın “Qüds” qüvvələrinin rəhbərliyinə gətirilmişdi. O, İranın regiondakı proksi qüvvələrini və Yaxın Şərqdəki strateji əməliyyatlarını koordinasiya edən əsas hərbi fiqurlardan biri hesab olunur.