İtaliyada hakerlər onminlərlə hotel müştərisinin şəxsi məlumatlarını oğurlayıblar
Bu gün, 16:58

İtaliyada cinayətkarlar ölkə hotellərinin onminlərlə qonağının şəxsi məlumatlarını oğurlayıblar.
Bu barədə İtaliya KİV-ləri xəbər verir.
Xüsusilə də bahalı hotellərin müştəriləri zərər görüblər. İtaliya polisinin məlumatına görə, "Mydocs" adlı qruplaşma artıq neçə gündür ki, 70 minə yaxın sənədi internetdə satışa təqdim edir. Venesiya, Triest, həmçinin Kapri adasındakı premium hotellər risk zonası altına düşüb. "Corriere del Veneto" qəzetinin məlumatına görə, məlumat sızmasından ən çox zərər çəkən Venesiyadakı dördulduzlu "Ca' dei Conti" hoteli olub, hakerlər 38 min qonağın məlumatlarına giriş əldə ediblər ki, onlar da əsasən əcnəbilər olublar.
İtaliyada hotelə yerləşmək üçün şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur və onun surəti adətən qeydiyyat şöbəsində hazırlanır. Bir çox hotellər sənədlərin rəqəmsallaşdırılması üçün avtomatlaşdırılmış sistemlərdən istifadə edirlər. Oğrular, ehtimal ki, pasportların və digər sənədlərin surətlərinə çıxış əldə etmək üçün bu boşluqdan istifadə ediblər.
Polisin məlumatına görə, hakerlər iyun ayından bütün ölkə üzrə hotel bronlaşdırılma sistemlərinə qanunsuz şəkildə sızıblar. Bu da onlara qonaqların qeydiyyat üçün təqdim etdikləri pasportların, şəxsiyyət vəsiqələrinin və digər sənədlərin skanerdən çıxmış nüsxələrini əldə etməyə imkan verib. İtaliyanın rəqəmsallaşdırılma üzrə dövlət agentliyi (Agid) bildirib ki, bu məlumatlar indi "darknet"də (kölgə internet) şifrələnmiş şəkildə 800-10 000 avro məbləğində qiymətlərlə satılır. Zərərçəkənlər arasında çox sayda xarici turist var, lakin hakimiyyət onların milliyyətini açıqlamır. Oğurlanmış məlumatlar, xüsusən də internet verifikasiyasından (internet yoxlanışı) yan keçmək və ya cinayət fəaliyyətini ört-basdır etmək üçün istifadə edilə bilər.