Rusiyaya artıq ehtiyac qalmayıb – Moskva Bakıya niyə qəzəblidir?

Bu gün, 17:54           
Rusiyaya artıq ehtiyac qalmayıb – Moskva Bakıya niyə qəzəblidir?
Azərbaycan tərəfi Rusiyanın Ukraynanın Odessa vilayətində SOCAR-a məxsus obyektlərə zərbələr endirməsindən sonra Kiyevə silah tədarükünə qoyduğu qadağanı götürə bilər. “Caliber”in mənbələrinin məlumatına görə, əgər Moskva Bakının maraqlarına qarşı aqressiv siyasətini davam etdirsə, belə bir qərar qəbul ediləcək.

Avqustun 10-da Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb. Tərəflər Rusiyanın Azərbaycan Respublikasına məxsus obyektlərə və Azərbaycan qazını Ukraynaya nəql edən qaz-kompressor stansiyasına qarşı həyata keçirdiyi məqsədyönlü aviazərbələri pisləyiblər. Zelenski bu hücumları Moskvanın Ukraynanın və onun Avropa tərəfdaşlarının enerji müstəqilliyini təmin edən enerji marşrutlarını bloklamaq cəhdi adlandırıb. Liderlər vurğulayıblar ki, bu zərbələr heç bir halda enerji sahəsində əməkdaşlığın dayandırılmasına səbəb olmayacaq.

Rusiya avqustun 7-dən 8-nə keçən gecə Odessa vilayətində SOCAR-a məxsus neft bazasına beş ədəd “Shahed” tipli kamikadze dronla hücum edib. Zərbə nəticəsində yanğın baş verib, dizel boru kəməri zədələnib, şirkətin dörd əməkdaşı ağır yaralanıb.

Bu, son bir həftə ərzində Odessa vilayətində Azərbaycana aid enerji obyektlərinə ikinci hücum olub. Rusiya hərbçiləri avqustun 6-na keçən gecə Novoselskoye kəndində yerləşən “Orlovka” kompressor stansiyasına hücum ediblər. Qeyd edək ki, bu kompressor vasitəsilə iyunun 28-dən etibarən Azərbaycan qazının Transbalkan qaz kəməri vasitəsilə Ukraynaya ötürülməsi təmin edilir. Ukrayna Energetika Nazirliyindən bildiriblər ki, stansiya onlarla dron vasitəsilə məqsədyönlü şəkildə vurulub. Məqsəd, həm də, Kiyevin Bakı və digər tərəfdaşları arasında ticarət əlaqələrinə zərər vurmaq olub.

Azərbaycan SOCAR və “Naftogaz” arasında əldə olunan razılaşma əsasında Ukraynaya qaz ixracına başlayıb. Kiyevdə qeyd edirlər ki, ixrac edilən qazın həcmi böyük olmasa da, strateji əhəmiyyət daşıyır. Bu saziş Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulinin qəzəbinə səbəb olub. O, Azərbaycanın son zamanlar Rusiyaya “düşmən münasibət” göstərməyə çalışdığını, Ukraynaya qaz satma qərarının da bu kontekstdən qiymətləndirilməli olduğunu bildirib.

Prezident İlham Əliyev bundan əvvəl bildirmişdi ki, Azərbaycan müvafiq xahiş olmasına baxmayaraq Ukraynaya silah vermir, amma humanitar yardım göstərir. Bu yardımın ümumi məbləği 40 milyon avronu keçib. Bundan əlavə, Azərbaycan Respublikası böyük azərbaycanlı diasporunun yaşadığı İrpen şəhərinin bərpasında iştirak edir.

Avqustun 11-də Azərbaycan Ukraynaya humanitar yardım üçün daha 2 milyon dollar ayırıb. İlham Əliyevin imzaladığı sərəncama əsasən, Ukraynaya humanitar yardım məqsədilə Azərbaycanda istehsal olunan elektrik avadanlıqlarının alınması və göndərilməsi üçün Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 2 milyon ABŞ dolları (manat ekvivalentində) ayrılıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası humanizm prinsiplərinə əsaslanaraq ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardım göstərir. Son illərdəki vəziyyətlə əlaqədar Azərbaycan dövləti dəfələrlə Ukrayna xalqına humanitar yardım göndərib.

Moskva bu hadisələrdən açıq-aşkar narahatdır və qəzəblidir. Bu, hələlik özünü televiziyadakı təbliğatçıların və Dövlət Dumasının bəzi aqressiv deputatlarının hərbi hədə təhdidləri ilə göstərir. Bəs Rusiyanın Azərbaycana hərbi hücum ehtimalı nə dərəcədədir və hansı şəraitdə mümkün ola bilər?

Ukraynalı siyasi texnoloq Tаras Zaqorodnı yaranmış vəziyyəti Pressklub.az-a şərh edərək bildirib ki, əslində iki ölkə arasında hərbi əməkdaşlıq əvvəldən mövcud olub, sadəcə bu barədə geniş şəkildə danışılmayıb.


“Bu əməkdaşlıq çox da ictimailəşdirilmirdi və Ukraynada da müzakirə olunmurdu. Bu da düzgün idi. Prinsipcə, Azərbaycanın burada siyasəti tam adekvatdır – görünməməli olan şeyi niyə göstərməlisən? İndi bunu açıq şəkildə etmək barədə verilən qərar düzgün reaksiyadır. Üstəlik, Rusiya açıq-aşkar Azərbaycan neft və qazının Avropaya ixracını sabotaj edir. Biz görürük ki, ya SOCAR dövlət şirkətinə məxsus obyektlərə, ya da Azərbaycan qazını ötürən infrastruktura məqsədyönlü zərbələr endirilir.

Həmçinin xatırladım ki, hazırda Avropada Rusiyanın hansısa yolla Avropanın neft emalı zavodlarına daxil olan Azərbaycan neftini korlaması ilə bağlı qalmaqal yaşanır. Orada neftin tərkibində gözlənilmədən yüksək miqdarda xlor aşkar edilib ki, bu da neftayırma zavodlarında avadanlıqlarının sıradan çıxmasına səbəb olur. Sual yaranır: onlar bunu necə edə biliblər? İstisna deyil ki, Bakı–Tbilisi–Ceyhan neft kəmərinə və ya bu neftin ötürüldüyü digər kəmərlərə müdaxilə olunub. Neft hansı yolla çirkləndirilib? Əgər həqiqət üzə çıxsa, burada artıq Türkiyənin maraqları məsələsi də gündəmə gələcək. Odur ki, Ukrayna ilə Azərbaycanın əməkdaşlığının güclənməsi bütün hallarda çox müsbət hadisədir”, – siyasi texnoloq bildirib.

Onun sözlərinə görə, Donald Trampın kabinetində Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflandıqdan və Zəngəzur dəhlizinin ABŞ-ın idarəsinə keçməsindən sonra aydın olur ki, təkcə Rusiya deyil, Çin də Cənubi Qafqazdan sıxışdırılır.
“Bu isə o deməkdir ki, əvvəllər ya Rusiya, ya da qeyri-sabit Qafqaz regionu üzərindən ixrac etmək məcburiyyətinə görə neftini sərbəst sata bilməyən Xəzəryanı ölkələr indi belə imkana sahib olur.

Əgər qlobal baxsaq, ümumiyyətlə, maraqlı bir kombinasiya yaranır. Ukrayna 2000-ci illərin əvvəlində GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) təşkilatını gücləndirməyə çalışırdı və indi bu blok ikinci nəfəsini ala bilər. Çünki artıq konkret nəqliyyat dəhlizləri, enerji daşıyıcılarının konkret istehlakçıları, Xəzəryanı regiondan enerji daşıyıcılarının tranziti müəyyənləşdirilib. Yəni burada qarşılıqlı fəaliyyət üçün çox böyük perspektivlər var.

Aydındır ki, Rusiya Azərbaycana açıq-aşkar aqressiv yanaşır. Buna, o cümlədən Azərbaycanın siyasəti nəticəsində Rusiyanın hazırda Cənubi Qafqazdan faktiki olaraq sıxışdırılması və Moskvanın inadla qoruyub saxlamağa çalışdığı münaqişənin sona çatması səbəb olub. Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa yaxındır. Bu isə o deməkdir ki, indi Rusiyaya orada ehtiyac qalmır”, – Zaqorodnı qeyd edib.

Rauf Orucov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru