Yazmamaq olmur: Həşəmətli TƏBİB-in press-relizləri barədə - RİSALƏ
Bu gün, 17:38

Düzü, jurnalistikamızı press-relizlər toplusuna çevirmək cəhdləri barədə bu yazımda təfsilatlı bir söz demək niyyətində deyiləm. Çevirmək istəyirsizsə, çevirin. Yaxud: çevirmək istəsəniz, güman ki, çevirəcəksiz.
Amma, lütfən, press-reliz yazarkən və yayarkən, sənəd (rəsmi mətn) və sənət (jurnalistika, heç şübhəsiz, yazı sənətidir, iddia olunduğu kimi, peşə deyil) standartlarını minimum həddə də olsa, nəzərə alın.
Zəhmət çəkin, fərqli mətnlər yaza bilmirsizsə, vahid press-reliz standartı yaradın, heç olmasa mətn qaydalarına müəyyən qədər əməl edin. Əks halda yazdığınız təhqiramiz görünəcək.
Məsələn, necə ola bilər ki, hər hansı şəxs barədə məlumat yayasan, amma onun ad-soyadını göstərməyəsən? Axı, sən, əziz dostum, sənəd yazırsan, Bekketin absurd pyesinin dialoqunu yox!
Şəxs barədə ad-soyadsız sənəd olar? Bəlkə olar, biz bilmirik, bəlkə bu rəsmi kargüzarlıq işində təzə kəşfdir, lütfən, bəyan edin.
Ötən gün küçədə vəfat etmiş şair Kəramət Şükürovla bağlı yaydığı press-relizi diqqətinizə təqdim edirəm:
"13.08.2025-ci il tarixində saat 19:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən çağırış daxil olub.
Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.
Təcili tibbi yardım briqadası tərəfindən 1957-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb".
Kim deyə bilər, bu açıqlama, bu sənəd kimin haqqındadır, söhbət kimdən gedir? Avqustun 13-də axşam saat 19 radələrində çağırışa gedən təcili yardımın həkim briqadası kimin ölüm faktını qeydə alıb?
Biz - biçarə media mənsubları nəyin əsasında bu faktı mərhum şairin adına sənədləşdirək?!
"13.08.2025-ci il tarixində saat 19:00 radələrində..." Bu, nə yazı qaydasıdır? Yoxsa tarixi açıq yazmağa ərinirsiz və çağırış vaxtı saatınıza baxıb konkret zamanı qeydə almamısız?
"13.08.2025-ci il tarixində..." Belə açıqlama başalmaq olar?
Dəyərli TƏBİB qardaşımız (və ya bacımız), press-relizinizdə, ayıb olmasın, mərhumun cinsiyyətini niyə mötərizədə göstərməyə qərar vermisiz? Adamın ürəyinə min şey gəlir, yəni o sözü cümlədə bir yer tapıb yaza bilmədiniz ki, ortada cümləni və məntiqi qırıb cinsiyyət göstəricisini bu sayaq nəzərə çatdırmalı oldunuz?
Sizin bütün press-reliz, açıqlama və sorğuya cavablarınızda mətn strukturu belədir. Hətta təzə doğulmuş çağaları da belə təqdim edirsiz. Məsələn: "Ana və körpə (kişi cinsi) həyatını itirib". Yaxud: "Ana və körpə (qadın cinsi) həyatını itirib".
Oyununuz olsun!
Qayıdım, mərhum şair barədə açıqlamaya. Adamdan soruşarlar: qardaşım (və ya bacım), ölənin şəxsiyyətini müəyyənləşdirməmisiz, yaxud müəyyənləşdirmisiz, yazmamısız, niyə, məlum deyil. Nə yaxşı cinsiyyətini müəyyənləşdirmisiz, - pis işləmirsiz, - bunu mətnə əlavə etməyə əşhədü-ehtiyac duymusuz?!
Şəxsiyyəyti müəyyənləşdirməmsizsə, mərhumun təvəllüdünün necə və haradan öyrənmisiz?
İnsan ad-soyad deməkdir. Hətta öləndən sonra da! Hətta press-relizdə də. Bütün sənədlərdə!
İnsanı bu qədər aşağı tutmaq olmaz. Jurnalistikanı həmçinin!
Müəllif: Teleqraf.az