Zəngəzur dəhlizinin işləmə mexanizmi açıqlandı – “Əliyevin istədiyi oldu”
Bu gün, 15:56

“Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı bəyan etdiyi hədəfinə çatdı”.
Bunu erməni politoloq Ruben Marqaryan deyib.
Vaşinqton razılaşmasına toxunan ekspert bildirib ki, marşrutun “Tramp yolu” adlandırılmasına baxmayaraq, söhbət yenə də Zəngəzur dəhlizindən gedir.
Marqaryan dəhlizin sadəcə adının dəyişdirildiyini, mahiyyətinin isə yerində qaldığını qeyd edib:
“Vaşinqton razılaşmalarını dəyərləndirərkən onun kimin qarşısına hansı vəzifənin qoyduğuna baxmaq lazımdır. Gəlin Azərbaycanın, Əliyevin mövqelərinə baxaq, nə qazanır, nə qazanmır. Məncə, Azərbaycanla bağlı hər şey çox aydındır. Əliyev müharibədən dərhal sonra Zəngəzur dəhlizini gündəmə gətirmişdi, bu, həmin məsələdir.
“Zəngəzur dəhlizi” ifadəsini bir kənara qoyaq, məzmununa və nədən bəhs etdiyinə nəzər salaq. Əliyev artıq bəyan edib ki, bu yol Azərbaycanın qərb hissəsi ilə Naxçıvanı birləşdirməlidir və o sizin nəzarətinizdə olmamalıdır. Yəni azərbaycanlı sərnişinlər və yüklər erməni sərhədçiləri tərəfindən yoxlamaya məruz qalmamalıdır. Yəni adın nə fərqi var: Zəngəzur dəhlizi və ya “Tramp yolu”. Başqa sözlə, Əliyev ilk dəfədir məsələ ilə bağlı Ermənistanın rəsmi imzası olan sənədi alır. Bu sənəd də Ermənistanın qarşısına həmin dəhlizi təmin etmək öhdəliyi qoyur”.
Təhlilçinin fikrincə, bu razılaşma əsasında Ermənistan dəhlizə tam nəzarət etməyəcək:
“Digər yandan, yolun haradan keçəcəyi, nə qədər geniş olacağı, amerikalılar və Ermənistanın hansı funksiyaları yerinə yetirəcəyi barədə heç bir məlumatımız yoxdur. O halda nə üçün sənəddə Azərbaycan, Naxçıvan və “Tramp yolu” vurğulanır? Məsələn, yazıla bilərdi ki, Ermənistan və Azərbaycan qarşılıqlı öhdəliklərlə kommunikasiyalar açmağa sadiqdirlər, bu qədər. Amma belə deyil, sənəd Ermənistanın üzərinə Azərbaycanın istədiyi dəhlizi təmin etmək üçün xüsusi öhdəlik qoyur.
Nikol Paşinyan hər dəfə ictimaiyyəti və İranı əmin edir ki, Ermənistan ərazisindən keçən rabitə yolları müstəsna olaraq Ermənistanın yurisdiksiyasında olacaq. Paşinyan konkret olaraq nəyin Ermənistanın yurisdiksiyasında olacağını açıqlamır. Belə çıxa bilər ki, o, “Ermənistanın yurisdiksiyasında” deməklə, məsələn, nəzərdə tuta bilər ki, İrəvanda oturan gömrük xidmətinin rəhbəri yüklərin oradan necə keçdiyinə onlayn nəzarət edəcək. Bu, Ermənistanın nəzarəti demək deyil”./teleqraf.com