Meloninin planı: Rusiyanı belə dayandırmaq olar
Bu gün, 15:36

Avropa liderləri İtaliya Baş naziri Corciya Meloni tərəfindən irəli sürülən Ukrayna üçün yeni təhlükəsizlik mexanizmini müzakirə edirlər.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Agentlik bildirib ki, bu plan Kiyevin müttəfiqlərinə Rusiyanın təcavüzə yenidən başlayacağı təqdirdə Ukraynaya 24 saat ərzində hərbi-iqtisadi dəstək öhdəliyi qoyur. Amma bu, Ukraynanın NATO-ya üzvlüyünü nəzərdə tutmur. Meloninin planına görə, Ukrayna ilə ikitərəfli müqavilələr imzalayan ölkələr yeni hücum zamanı öz addımlarını tez bir zamanda əlaqələndirə biləcəklər.
Mənbələr görə, plana Ukraynaya təcili hərbi yardım, maliyyə dəstəyi, Silahlı Qüvvələrin gücləndirilməsi və Rusiyaya qarşı sanksiyalar daxildir. Plana qoşunların birbaşa Ukrayna ərazisinə yeridilməsinin daxil olub-olmayacağı hələlik məlum deyil.
İdeya avqustun 18-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri arasında görüşdə irəli sürülüb. Danışıqlardan sonra Tramp ABŞ-nin təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu təsdiqləyib, amma Amerika qüvvələrinin Ukraynaya göndərilməsini istisna edib, bunun əvəzinə havadan dəstəyin mümkünlüyünü bəyan edib.