Mahmudovun qohumunun sehrbazlığı: - kondisioner yoxdur, amma 800 min "xərclənib"...
21-11-2016, 16:59
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan yüksək vəzifəli şəxslərinin işi üzrə istintaq materialları bu nazirlikdə illər boyu mövcud olmuş, dəqiq mexanizmə malik korrupsiya sisteminin necə işlədiyini bütün detalları ilə üzə çıxarır.
Virtualaz.org xəbər verir ki, bu korrupsiya sistemi nazirliyin strukturuna daxil olan müəssisələrin hər ay xərclərin azı 35 faiz şişirdilməsi yolu ilə ayrılan vəsaitlərdən topladıqları “otkat”ı rəhbərliyə təhvil verməsini, yığılan pullardan isə hər ay nazir Əli Abbasov başda olmaqla vəzifəlilərə “paket”lərin verilməsini, habelə nazirliyə “krışalıq” edən MTN-nin generallarına aylıq haqqın ödənilməsini nəzərdə tuturdu.
Xəbər verdiyimiz kimi bu sistemdə nazir Əli Abbasovun aylıq “paketi” 300-400 min manat, nazir müavinlərinin “paketi” isə 30-50 min manat arasında olub. Habelə nazirliyin strukturunda olan müəssisələrin rəhbərləri, digər vəzifələrilər də bol sıfırlı “paketlər” alıblar.
Nazirlikdəki korrupsionerlər isə dövlətin pulunu mənimsəmək üçün o dərəcədə həyasızlaşıblarmış ki, nəinki görülən işlərə görə xərcləri şişirdiblər, eyni zamanda ümumiyyətlə görülməyən işlərə görə pul ayırıb mənimsəyiblər.
Məsələn, nazirliyin təsis etdiyi “AzEurotel” MMC-də olduğu kimi. Virtualaz.org xəbər verir ki, bu MMC-nin direktoru Rəsulov Cabit Məhəmməd oğlu şahid qismində istintaqda dindirilib. İfadəsində deyib ki, “AzEurotel” MMC-nin səhmlərinin 50 faizi əvvəllər “Lukoil Europe” şirkətinə, qalan 50 faizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus idi. Lakin sonradan “Lukoil Europe” öhdəliklərini yerinə yetirə bilmədiyinə görə payından nazirliyin xeyrinə imtina edib.
«AzEvrotel» MMC öz daxili nizamnaməsinə uyğun olaraq telefon çəkilişləri, internet xətlərinin çəkilişləri, banklar arasında rabitə sistemi olan «Sviftin» təşkili, beynəlxalq şəhərlərarası telefon rabitə xidməti, simsiz rabitə xidməti və başqa geniş zolaqlı rabitə xidmətlərini həyata keçirib. MMC Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə (BTRİB) tabe olub.
Cabit Rəsulov ifadəsində bundan başqa göstərib ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən rabitə qurğularının təmiri və tikintsi ilə əlaqədar əsaslı işlər görülmədiyi halda birliyin baş direktoru kağız üzərində “görülmüş” işlərə görə münzətəm olaraq “AzEurotel”ə vəsait ayırıb, ayrılan vəsaiti öz şirkətləri üzərindən geri alaraq mənimsəyib.
Məsələn, Beytulla Hüseynov BTRİB-in 800 min manatını “AzEvrotel” MMC-nin inzibati binasında kondisionerlərin quraşdırılması adı altında mənimsəyib. Rəsulovun dediyiyinə görə, sənədlərdə guya binanın bütün kondisioner sisteminin yenilənməsi əksini tapmışdı. Əslində isə heç bir kondisioner-filan quraşdırılmayıb, B.Hüseynov görülməmiş “İşlərə” görə 800 min manatı nazirliyin aparat rəhbəri Vidadi Zeynalova bağlı olan “PLZ” MMC-nin hesabına köçürüb, daha sonra oradan nəğdləşdirərək götürüb.
Cabit Rəsulov direktoru olduğu müəssisədə korrupsiya və mənimsəmənin, dələduzluq sxeminin mövcudluğunu etiraf edir, ancaq deyir ki, bütün bu işlər Beytulla Hüseynovun nəzarəti və göstərişləri altında həyata keçirilirdi. “Mən direktor kimi ancaq onun göstərişlərinə əməl etmişəm”-Rəsulov özünü təmizə çıxararaq deyir...