Eldar Mahmudovun oğlunun mesajları üzə çıxdı - İSTİNTAQ AKTINDAN
23-11-2016, 13:09
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin cinayət işləri üzrə məhkəmə prosesinin davam etdiyi bir zamanda adıkeçən adamların törətdiyi əməllər barədə hər gün yeni məlumatlar ortaya çıxır.
“Qafqazinfo” nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov və “AzİnTelekom” MMC-nin rəhbəri Cəlil Cəfərovun əlbir olaraq “Cartburg NC” şirkəti ilə güzəştli şərtlərlə müqavilə bağlanılmasına razılıq əldə etməklə külli miqdarda pul mənimsəməsi epizodu üzrə telefon yazışmalarını əldə edib.
“Cartburg NC” şirkəti sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun şəriki Ayaz Kərimovun olub. Telefon yazışmalarından görünür ki, A.Kərimov bu işdə sadəcə təşkilatçı olub, şirkət faktiki olaraq A. Mahmudovun nəzarətində olub. Belə ki, cinayət işi materiallarında A. Kərimov A. Mahmudova ayda 1 və ya 2 dəfə “SMS” yazaraq Rabitə Nazirliyi ilə “Cartburg NC” şirkəti arasında aparılan danışıqlar barədə hesabat verib və qarşı tərəfin müvafiq tapşırıqları əsasında növbəti addımlar atılıb.
“Azərcell” mobil operatorunun rəsmi məktubunda A. Mahmudovun istifadəsində olan telefon nömrəsinin sabiq nazir Eldar Mahmudovun adına rəsmiləşdirildiyi aydın olur. Sabiq nazirin adına olan nömrə ilə A. Kərimovun istifadəsində olan telefon nömrəsi arasında yazışmalara 10 dekabr 2012-ci ildən başlayıb. Mesajların əksəriyyəti rus və ingilis dillərində yazılıb.
Növbəti yazışmada sabiq deputat Çingiz Əsədullayevin də bu işin içində olduğu bəlli olur. 04 noyabr 2013-cü il tarixdə A.Kərimov sabiq nazirin oğluna “Qardaş, səndə viber proqramı var? Onunla danışmaq yaxşıdır. Boş olanda, məni yığ, müzakirə edək. Avadanlığın çatıdırlması 60 iş günüdür. Biz gərək məsələləri tez həll edək. Lazım olarsa, Çingizlə danışa və ona girov üçün sifariş edəcəyimin siyahısını verə bilərəm” deyə mesaj yazır. Mahmudov isə “Ok, yaxşı. mən də artıq layihəni hazırladım” cavabını göndərir.
31 avqust 2013-cü ildə A.Kərimov A.Mahmudova “Qardaş salam təcili görüşmək lazımdır. Təzə xəbərlər var”, noyabrın 1-də “Təbriklər müqavilə imzalandı”, 18 noyabrda “Qardaş salam. Başa düşürəm ki, məşğulsan, lakin mən bu gün mütləq bilməliyəm ki, avadanlığı hansı şirkətə göndərim. Əgər bu Caspian Cristal olacaqsa, o zaman mənə əlaqəli şəxsi bildir və mən özüm onunla danışaram. Ya da mən öz şirkətimin adına gətirə bilərəm, onda sadəcə aeroportda gömrükdə razılıq olmalıdır”, 06 dekabrda “Qardaş təbrik edirəm. Avadanlığı quraşdırdılar və işə saldılar. Allah xeyir-bərəkət versin” məzmunlu mesajlar yazıb.
Bu işlərin texniki tərəfi həll olduqdan sonra tərəflər artıq rabitə naziri Əli Abbasovla danışıqlara başlayıblar. A. Mahmudov 2 aydan sonra, 27 fevral 2014-cü il Ayaz Kərimova məktub yazaraq Əli Abbasovla görüş təşkil etdiyini bildirib: “Salam, Ayaz. Bizim rəhbərlər bu gün danışiblar. Sabah mən MCIT-də (Ministry of Communication and İnformation Technology (Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi – red.) görüş təşkil edirəm, Əli Abbasovla görüşək bu məsələni sonlandıraq”.
Bundan sonra isə A.Kərimova nazir oğluna məktub yazaraq “SMS layihə” ilə bağlı hansı işlər görüldüyünü, hansıların görülməsi vacib olduğunu qeyd edərək onu tələsməyə çağırır. A.Kərimov A.Mahmudova aprelin 29-da “Salam qardaş. SMS-lə bağlı danışa bilmədin? Türklər bizi gözləyir”, iyunun 11 –də “Salam, qardaş. Bu gün Əli Abbasovun yanında oldum. O hər şeydən məmnundur”, 23 sentyabrda “qardaş, nazirliklə həll etmək lazımdır. Sonra problemlər olacaq”, 24 sentyabrda “Yoldaş Mahmudov”, 25 sentyabrda “Anar indi tikintiyə başlamasaq, onda avqustda onları işə salmaq mümkün olmayacaq və ən yaxşı məhsul ili itir. Bir də mənim Moskvalı dostumun yanında yaxşı düşmür” məzmunlu mesajlar yazıb.
Növbəti ayların yazışmalarından Ayaz Kərimovun sabiq nazir Eldar Mahmudova ad günü hədiyyə aldığı bəlli olur. Noyabrın 27-də Anar Mahmudova “Salam qardaş. Necəsən? Mən Almaniyada müalicədəyəm və Bakıya yalnız sabah gələcəyəm. Mən papanın ad gününə kiçik hədiyyə hazırlamışam. Onu hara gətirim?” yazaraq soruşur. A.Mahmudov elə həmin gün də “Salam. Hər şey yaxşıdır. Müalicə necə gedir. Payın artıq olsun, bizim ofisə verə bilərsən” deyə cavab verir.
Hədiyyə isə A.Mahmudovun ofisində yaxın adamı olan Orxan adlı şəxsi verilir: “Hər şey qaydasındadır, qardaş. Müalicə etdilər. Onda sabah səhər Elmar Orxanla əlaqə saxlayar və verər. Papanı mənim və Nananın adından təbrik et. Biz onu cox dəyərləndirir və sevirik” mesajından sonra ad günü mövzusunda hər hansı yazışma aparılmayıb.
Növbəti ilin ilk ayında Ayaz Kərimov keçmiş nazir Əli Abbasovla görüşərək məsələni həll edir. 11 yanvarda Anar Mahmudova “Qardaş, salam. Mən Əli Abbasovla turla əlaqədar danışdım. Hər şey yaxşıdır. Mənə əlaqə saxlamaq üçün adam ver” məzmunlu mesaj yazıb, ortağı isə ona Adil adlı şəxslə əlaqə saxlaması göstərişini verib.
2015-ci ilin may ayında isə artıq tərəflərin Əli Abbasovla görüşərək onu sərəncam verilməsinə razı saldıqları aydın olur: Mayın 6-da “Salam qardaş. Əli Abbasovla görüşdüm. Sərəncamla bağlı Hüseyn danışdı və ayın 14-nə görüş təyin edib. Hər şey yaxşıdır”.
Qeyd edək ki, bu epizod üzrə A. Mahmudovun hər hansı formada cinayət işinə cəlb edilib-edilmədiyi bəlli olmasa da, A. Kərimov barəsində həbs qətimkan tədbiri seçilib. O, ölkədən qaçdığı üçün barəsində axtarış elan edilib.
A. Kərimovun 2013-cü ilin oktyabr-dekabr aylarında sabiq nazir Əli Abbasovla 3 dəfə telefonla danışdığı müəyyən olunub.