Bahalı obyektlər su qiymətinə özəlləşdirilir
26-11-2016, 01:08
Azərbaycanda özəlləşdirmə prosesi maraqlı məqamlarla yadda qalır. Bakıda bir sıra obyektlərin özəlləşdirilməsi nəzərdə tutulur. Bu barədə Nazirlər Kabinetinin təsdiq etdiyi “Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısı”nda deyilir.
Siyahıya əsasən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Neftçilər prospekti, 58 ünvanında yerləşən vağzal binası, “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Vaqon Təmiri Zavodu, Bakı Dəmir Yolu Vağzalının mehmanxanası və Bakı Dəmir Yolu Xəstəxanası investisiya müsabiqəsinə çıxarıla bilər.
2017-ci ildə Beynəlxalq Bankın da özəlləşdirilməsi nəzərdə tutulub. Amma bu özəlləşdirmə prosesi öncəki baş verənlər diqqətə layiqdir. Özəlləşdirmədən əvvəl həmin dövlət obyekti dövlət hesabına əsaslı şəkildə təmir edilir və təmirə isə iri maliyyə ayrılır. Daha sonra isə həmin obyekt dəyər-dəyməzinə özəlləşdirilir.
İqtisadçı Nemət Əliyevin fikrincə, Azərbaycanda özələşdirmə prosesi çox biyabırçı şəkildə həyata keçirilir. N.Əliyevin sözlərinə görə, yüksək çinli məmurlar özəlləşdirməni elə istiqamətə yönəldiblər ki, özəlləşdirilən və nisbətən yaxşı vəziyyətdə olan obyektlər həmin vəzifəli şəxslərin əlinə keçib: «Özəlləşdirmənin bünövrəsi yanlış olaraq bax belə qoyulub. Özəlləşdirmə başladığı ilk dövrlərdə vətəndaşlara özəlləşdirmə çekləri paylanmışdı. Belə təəssürat yaradılmışdı ki, hər kəsin özələşdirmədə bir payı var. Amma insanlar öz mülklərindən necə məhrum edildilər. Dövlətin mülkiyyəti bir sıra metodların nəticəsində müəyyən adamların əlində cəmləşdi. Azərbaycan iqtisadiyyatında müşahidə edilən anomalyaların bünövrəsi məhz o zaman atılmış özəlləşdirmənin özünəməxsusluğu ilə bağlıdır. Bu işə haram qatılıb. Hazırda da bu proses davam edir. Dövlətin maliyyə vəsaiti hesabına dövlətə məxsus obyektlər bir sıra hallarda yaxşı vəziyyətə gətirilib, əsaslı təmirinə külli miqdarda pul buraxıldıqdan sonra aşağı qiymətlərlə özələşdirməyə çıxarılır. Ya da gözəgəlimli obyekti fəaliyyətsiz hala saldıqdan sonra onu ələ keçirirlər. Bu yaxşı hal kimi qiymətləndirilə bilməz».
N.Əliyevin sözlərinə görə, dövlət obyektləri dövlətə maliyyə vəsaiti cəlb etmək üçün özəlləşdirməyə çıxarılır. N.Əliyevin sözlərinə görə, tədiyyə balansında yaranan kəsiri qapatmaq üçün özəlləşdirmə bir vasitə kimi nəzərdən keçirilə bilər. Amma hər şeyi real bazar qiymətində dəyərləndirmək daha düzgün olardı.