Yuan 1994-cü ildən bəri ən böyük itkiyə məruz qalıb
1-01-2017, 21:08
Çin valyutası 2016-cı ildə ucuzlaşıb
Ötən cümə günü Çin yuanı dollara nəzərən güclənib. Ancaq ümumən, yuan 2016-cı il ərzində 1994-cü ildən bəri ən böyük itki verərək əsas Asiya valyutaları arasında ən zəif nəticəni göstərib.
8,5 il ərzində ən aşağı səviyyəyə enmiş yuan 2016-cı ildə dollara nəzərən təqribən 7 faiz dəyər itirib.
Bir çox müşahidəçilər deyirlər ki, Donald Trump-ın siyasəti ABŞ iqtisadiyyatını gücləndirsə və faiz dərəcələri artsa, yuanın zəifləməsi 2017-ci ildə də davam edəcək.
DOLLAR GÜCLƏNİR
2016-cı ildə Çinin iqtisadi artımının zəifləməsi ilə bağlı narahatlıq yuanın dəyər itirməsinə yol açıb. Bu yaxınlarda isə yuan güclənməkdə olan dolların təzyiqinə məruz qalıb. Dolların güclənməsi kapitalın bir çox bazarlardan çıxmasına yol açıb.
Cümə günü birjaların açılmasından öncə Çin Xalq Bankı yuanın məzənnəsini 6,9370 dollar müəyyən etmişdi. Bu, bir gün öncəki məzənnədən (6,9497) xeyli fərqlidir.
Dolların altı digər valyutaya nəzərən gücünü müəyyən edən ölçü (.DXY) iki həftə ərzində özünün ən aşağı həddinə düşüb. Bu göstərici əvvəlcə 101,99 həddinə enib, daha sonra 102,47-yə yüksəlib.
Cümə günü London vaxtı ilə səhər saat 8:30-a (bu vaxt Şanxay vaxtı ilə axşam saat 4:30, bazarların bağlandığı vaxtdır) olan məlumata görə, yuan 2016-cı il üçün dollar qarşısında 6,6 faiz zəifləmişdi.
DAHA DƏYİŞKƏN İL GÖZLƏNİR
Şanxayda bir xarici bankın treyderi deyib ki, ilin son iş günündə ticarət sakit keçib, ancaq onun fikrincə, yeni ildə daha çox qeyri-müəyyən durum müşahidə olunacaq.
Onun sözlərinə görə, əsas indeksin hesablanması qaydasına ediləcək dəyişikliklərdən sonra yuan “gələn il daha dəyişkən ola bilər”.
Treyder qeyd edib ki, dinamika hələ də, əsasən, ABŞ dollarının dəyişməsindən asılı olsa da,
“Cənubi Koreya vonu kimi yeni əlavə edilmiş valyutalar bir qədər səs-küy yaradacaq”.
Cümə axşamı günü Çin yuanın dəyərinin müəyyən edilməsində istifadə olunan zənbildə xarici valyutaların sayının iki dəfəyə qədər artdığını elan edib.
Çinin Xarici Mübadilə Ticarəti Sistemi (CFETS) bildirir ki, indi bu zənbildə ABŞ dollarının çəkisi 22,4 faizdən 26,4 faizə, avronun çəkisi isə 16,34 faizdən 21,39 faizə yüksələcək.
HÖKUMƏT FƏRQLİ DAVRANIR
Treyderlər bildiriblər ki, hökumət ilin sonunda yuanla bağlı fərqli yanaşma tətbiq edib.
“Mərkəzi bank ötən ilin bu vaxtı yuana təzyiqi azaltmağa daha meylli idi. O, məzənnəyə nəzarəti zəiflədərək dolların alış qiymətinin artmasına yol açmışdı”, – bir Çin bankının treyderi söyləyir.
“Ancaq bu dəfə hökumət yuanın ucuzlaşması ilə bağlı daha güclü gözləntilərin doğurduğu narahatlıq fonunda valyutanı sabitləşdirək istəyir”, – deyə o vurğulayır.
Yuanın məzənnəsinin dəyişməsindən sonra son iki ay ərzində Çin hökuməti ölkədən kapital axınına nəzarəti gücləndirməyə yönəlik addımlar atıb.
Yuanın ölkə daxilindəki məzənnəsi 6,9755 dollar, ölkə xaricindəki məzənnəsi isə bundan 0,37 faiz az olub.
(azadliq.org)