ABŞ-ın Minsk Qrupunda yeni həmsədri:Ermənilər Riçard Hoqlandı niyə sevmir?

3-01-2017, 10:42           

Ötən ilin son günü ABŞ-ın Minsk Qrupuna təyin etdiyi yeni həmsədr barədə yaydığı quru və darıxdırıcı press-reliz Ceyms Uorlikin yerinə gəlmiş təzə şəxsin kimliyi barədə tam məlumat vermədi.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat üçün açıqlamasında deyilirdi ki, 2017-ci ilin yanvarından etibarən səfir Riçard E. Hoqland müvəqqəti olaraq ABŞ-ın ATƏT-in Minsk Qrupunda həmsədri vəzifəsini icra edəcək. O, dekabrın 31-i sözügedən vəzifədən istefa verən səfir Ceyms B. Uorliki əvəz edəcək.

Kifayət qədər böyük diplomatik təcrübəsi olan Hoqland 30 ildir ki, bu sahədə külüng vurur. O, 2003-2006-cı illərdə Tacikistanda və 2008-2011 illərdə Qazaxıstanda ABŞ-ın səfiri, 2011-2013 illərdə isə Pakistanda səfir müavini olub. Səfir Hoqland son aylarda isə Suriyada Zorakılığın Dayandırılması sahəsində ABŞ-Rusiya əlaqələndirmə fəaliyyətlərinə rəhbərlik edib, Vaşinqtonda Dövlət Departamentində Cənubi və Mərkəzi Afrika məsələləri üzrə dövlət katibinin köməkçisinin müavini kimi çalışıb. Bundan öncə isə, səfir Hoqland Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun Qafqaz və Mərkəzi Asiya ofisinə rəhbərlik edib və ABŞ-in Moskvadaki səfirliyinin sözçüsü olub.

Bu statik tərcümeyi-halın bəzi qapalı qalan məqamları da var.

Bəs Riçard Hoqland kimdir?

Bunun üçün 10 il əvvələ qayıtmaq lazım gələcək. 2006-cı ildə ABŞ prezidenti Corc Buş Hoqlandla bağlı çətin vəziyyətə düşmüşdü. O, Hoqlandı Ermənistana səfir təyin etmək niyyətində idi. Lakin Konqresdə dinləmələr zamanı Hoqland “erməni soyqrımını” tanımadığını bəyan edərək erməni lobbisinin qəzəbinə gəldi. Bundan sonra ermənilər senator Menendezin vasitəsliə Hoqlandın Yerevana səfir təyin edilməsinin qarşısını almaq üçün böyük kampaniya apardılar. Nəticədə Buş onun namizədliyini geri götürməyə məcbur oldu.

Konqresdə dinləmələr zamanı Hoqlanddan Dağlıq Qarabağ məsələsinə münasibətini də soruşmuşdular. Hoqland bildirmişdi ki, Qarabağ məsələsinin sülh yolu ilə həlli çox mühümdür. Diplomat həmçinin Türkiyə ilə Ermənistan arasında dialoq üçün vasitəçilik etməyə hazır olduğunu demişdi. Bundan 2 il sonra o, Qazaxstana səfir təyin olundu.

Riçard Hoqland Vaşinqtonda, Dövlət Departamentində Cənubi və Mərkəzi Afrika məsələləri üzrə dövlət katibinin köməkçisinin müavini kimi çalışdığı zaman Azərbaycana səfərə gəlib. 2015-ci ilin iyulunda Bakıda olan Hoqland ölkə rəhbərliyi ilə görüşüb və ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafı üçün çalışdığını bəyan edib. Bakıda olarkən Hoqland Dağlıq Qarabağla bağlı ABŞ mövqeyini bir daha bəyan edib. Vaşinqtonun ATƏT-in Minsk Qrupuna inandığını deyən Hoqland bildirmişdi ki, “tərəflər probelmi qarşılıqlı hörmət əsasında həll etməlidirlər”.

Azərbaycana səfəri zamanı Hoqland Amerika investisiyalarının azalmasının heç bir siyasi səbəbinin olmadığını bəyan etmişdi. Onun adı ölkə KİV-lərində sonuncu dəfə 2016-cı ilin mayında çəkilib. Mərhum prezident Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Azərbaycanın Vaşinqtondakı səfirliyində keçirlən tədbirdə Hoqland ABŞ Dövlət Departamentinin sabiq yüksək rütbəli rəsmisi kimi fəxri qonaq kimi dəvət olunub. Tədbirdə səfir Elin Süleymanov regionumuzdan keçən tarixi İpək Yolunun gerçəkləşməsinə bu günədək verdiyi töhfələrə görə Hoqlanda minnətdarıq ifadə edib. Səfir vurğulayıb ki, 2015-ci ildə Azərbaycan səfirliyində Trans-Xəzər ticarət və nəqliyyat dəhlizinin inkişafı üzrə regional əməkdaşlığın potensialına dair diplomatik seminarın keçirilməsi və daha sonra cari ilin aprelində Vaşinqtonda eyni mövzuya həsr olunmuş beynəlxalq forumun təşkilinə Riçard Hoqlandın göstərdiyi dəstək çox dəyərli olub.

Həmin tədbirdə çıxış edən Riçard Hoqland ona göstərilmiş olan etimada görə öz təşəkkürünü bildirib və ölkəmizlə bağlı şəxsi təəssüratlarını bölüşüb. Amerikalı diplomat konkret olaraq 2001-ci il 11 sentyabrda ABŞ-da dəhşətli terror aktlarını baş verdiyi gündə Vaşinqtonda kommunikasiya xətləri və nəqliyyat yollarının qapandığı bir vaxtda yolunun üstündə yerləşmiş Azərbaycanın Vaşinqtondakı səfirliyinin onun dadına çatdığını xatırlayıb və həmin hadisənin ölkəmiz haqqında söylədiyi xoş sözləri bir daha təsdiq etdiyini göstərib. Riçard Hoqland eyni zamanda oxşar xoş yanaşmanın Azərbaycanda iqtisadi, sosial və demokratik tərəqqiyə də sirayət edəcəyinə ümidvar olduğunu ifadə edib.

Hoqlandın ATƏT-in Minsk Qrupunun həmsədri postuna təyin olunmasını ABŞ-ın maraqlı gedişlərindən saymaq olar. Obama administrasiyasının son günlərində bu təyinat heç də birmənalı sayılmır. İlk növbədə Ermənistan bundan məmnun qalmayacaq. “Soyqırımı” tanımayan həmsədr Qarabağla bağlı nə təklif edəcək? Yerevanda bu barədə artıq ilkin rəylər səslənir. Məsələn, “Daşnaksutyun”un rəhbəri Kiro Manukyan bildirib ki, ABŞ-da və Fransada prezident seçkilərindən sonra ATƏT-in Minsk Qrupunun fəaliyyəti fəallaşacaq. Bu ilin ikinci yarısından Qarabağ məsələsində aktiv proseslər başlanacaq.

Odur ki, ABŞ-ın yeni təyinatı ilk baxışdan Azərbaycanın maraqları ilə üst-üstə düşür. Lakin Hoqlandın bu təyinatının Tramp administrasiyası ilə razılaşdırıldığı məlum deyil. Hoqland əgər yeni iqtidar tərəfindən həmsədr postuna təsdiq edilərsə o zaman ABŞ-ın Qarabağla bağlı siyasətinin prioritetləri barədə müəyyən proqnozlar vermək mümkün olacaq.

X.SƏFƏROĞLU












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.