Cavid Qurbanov isə dəmir yolunda qiymət artımının zəruriliyindən danışır. Hansı üzlə?
4-01-2017, 11:42
Ölkənin dəmiryol sisteminin standartlara uyğun səviyyəyə çatdırılması hələ də arzu olaraq qalır.
Ötən ilin noyabrında təbii qazın və elektrik enerjisinin qiyməti artanda əhali digər xidmət sahələrində də bahalaşmanın labüdlüyünü dərk edirdi. Həmin günlərdə jurnalistlərin qarşısına çıxan məmurlar da rəhbərlik etdikləri sferalarda tarif artımının zəruriliyini həvəslə əsaslandırmağa çalışırdılar. Aydın məsələdir, qazın və işığın qiyməti qalxıbsa, deməyə söz var.
Nəzərdə tutulan məmurlar arasında xüsusi canfəşanlığı ilə seçilən "Azərbaycan Dəmir Yolları”nın rəhbəri Cavid Qurbanov qiymət artımı barəsində konkret danışmışdı:
"Hər ay dəmir yolları işığa görə 1 milyon 300 min manat pul ödəyir. İşığın qiyməti qalxıbsa, dəmir yollarında da qiymət artımı ola bilər. Təbii ki, bu məsələ ilə bağlı yalnız rəhbərliklə razılışdırıldıqdan sonra qərar veriləcək”.
Dəmir yollarında sərnişindaşıma üzrə tariflər hələlik artırılmayıb. Qurbanovun təbirincə desək, yəqin rəhbərlik bu addıma razılıq verməyib. Ancaq qiymətin artırılmaması o demək deyil ki, Qurbanovun başında dayandığı bu nəqliyyat sistemindəki nöqsanlara görə vətəndaşlar əziyyət çəkməlidirlər. Onsuz da, büdcədən maliyyələşən "Azərbaycan Dəmir Yolları”nın xərclərini bütün hallarda vətəndaş ödəyir: ya vergi yolu ilə, ya da aldığı biletlə.
Düz bir il əvvəl Şəmkirdən Bakıya qayıdanda da "Azərbaycan Dəmir Yolları”nı tənqid etmişdim. O zaman vaqonda ayaqyolu işləmədiyindən, bələdçilər təbii ehtiyaclarını ödəmək istəyən sərnişinləri digər vaqonlara göndərirdilər.
Təsəvvür edirsiniz?
Bu dəfə baş verənlər də tragikomikliyinə görə həmin hadisədən geri qalmır. Dünən, yanvar ayının 2-də, saat 21.40 radələrində Dəllər stansiyasına yetişməli olan Böyük Kəsik – Bakı qatarı az qala 2 saat gecikdi. Dəllər, ölkənin nisbətən böyük və tələbatlı stansiyalarından biridir. Ancaq qatarın bu qədər gecikməsinə baxmayaraq, stansiyada bir dəfə də olsun, qatarın niyə gecikdiyi və nə zaman gələcəyi haqda sərnişinlərə məlumat verilmədi. Gözləməkdən bezən insanlar zavallı kassirin yaxasından yapışsalar da, suallarına doğru-düzgün cavab ala bilmirdilər. Stansiyanın sıravi əməkdaşlarının "qatar yarım saata gələr”, "bir saata burda olar” kimi cavabları isə sərnişinlərin əsəblərini daha da gərginləşdirirdi.
Gözləmək demişkən… onlarla sərnişinin qatarın gecikdiyi iki saat ərzində nə çəkdiyini ancaq özləri bilər. Şaxtalı qış günündə perronda qatar gözləməyin "lüks”ü tamam başqadır. Niyə perronda gözləyirdilər? İşə baxın, Dəllər stansiyasının yaxşı təmir olunmuş Gözləmə zalı var. Mərmər döşəməli zalda 12 nəfərlik skamya qoyulub, hətta "kombi” sistemi də quraşdırılıb. Ancaq… Heç olmasa, belə bir gündə də o "kombi”ni işə salıb, sərnişinlərin əsəblərinə su çiləmək kimsənin ağlına gəlmir. Bayır gözləmə zalından daha isti olduğu üçün, sərnişinlər gecikən qatarı perronda gözləməyə üstünlük verirdilər.
İşçilərdən öyrənirəm ki, Dəllər stansiyasının rəisi Əli Əsgərov adlı birisidir… Bir az da konkretləşdirsək, Cavid Qurbanovun sələfi, nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşıdır. Stansiya rəisini bəlkə də yada salmazdım. Lakin adamda "məsuliyyət”in dərəcəsinə baxın ki, qatarın bu qədər gecikdiyi vaxtda da özünə əziyyət verib, stansiyaya gəlmədi.
…Cavid Qurbanov isə dəmir yolunda qiymət artımının zəruriliyindən danışır. Hansı üzlə?
0