"Əhməd Cavad, Müşfiq ittifaqı intriqa törətmişlər " - Rəsulzadə imzası donosun altında
5-01-2017, 13:28
teref.az Şərq.azistinadən bu yazını sizə təqdim edir:
Sıralarımızda düşmənlərə yer yoxdur
Xalq düşmənləri - trotskist, müsavatçı, millətçi ünsürlər: R.Axundov, Mikayıl Hüseynov, Əhməd Triniç, Əli Kərimov, Əli Nazim, B.A.Talıblı, ədəbiyyat və incəsənət sahəsində uzun müddət kontrrevolyusion və ziyançılıqla məşğul olmuşlar.
Vaxtı ilə Azərbaycanda Ə.H.Qarayev, Bünyadzadə, Xanbudaqov, H.Cəbiyev və M.Quliyev rəhbərlikdə olduqları zaman bir çox panislamist - millətçi və müsavatçılara (İsmayıl Hikmətlərə, Ə.Cavadlara, Cabbar Əfəndizadələrə) açıq-açığına öz ziyançılıq işlərini görmək üçün meydan verilmişdi.
Bu üzdən ədəbiyyat sahəmizi araşdırsaq onun içində bir sıra kontrrevolyusion parçalar, millətçi duyğular və müsavatçıların xeyrinə propaqanda edən yazılara rast gələrik.
Vaxtı ilə Musaxanlı və Əhməd Cavadları ifşa etmək təşəbbüsündə olan komsomolçuların "Gənc işçi"də məqalələri çıxan zaman Ə.H.Qarayev müsavatçıları "müəllim", "ziyalı" şüarı altında açıq-açığına öz məqaləsilə müdafiəyə qalxmışdı.
Müsavatçıların hər cür murdar, gizlin hərəkətlərini açmaq istəyənlər olmuşsa, Qarayev, Bünyadzadə, Həbib Cəbiyev kimilər müxtəlif bəhanələrlə müsavatçıların hərəkətlərini müdafiə etmişlər. Nəticədə bir çox sahə bu kimi yaramaz hallardan təmizlənmədiyi kimi yazıçıların sıraları da bu zibillərdən təmizlənməmişdir.
Yazıçılar İttifaqı sırasını müsavatçı-millətçilərdən təmizləməkdənsə, bəzi yoldaşlar onun daha da zibillənməsinə səbəb olmuşlar.
35-36-cı illərdə ittifaqın heyəti Ələkbərlinin əsarəti altında bir neçə sürgündən qayıtmış köhnə müsavatçıları (Musaxanlı, Q.Musayev) ittihadçıların lideri Qənizadə Soltan Məcid və digərləri kiçik heyət iclasında ittifaqa üzv və namizəd qəbul edilmişlər.
Bunlardan əlavə, müsavatçılardan S.Hüseyn, menşevik, millətçi, şovinist kimi Kərim Sanılı, ədəbiyyat aləmini çirkin ehtikarçılıq iştahasına qurban edən Salman Mümtaz, əxlaqca pozğun və siyasi cəhətdən şübhəli Zakirov Zinyət kimi adamlar ittifaqın sırasında hələ də qalmışlar.
Vaxtı ilə müsavatın İstanbuldakı səfiri Yusif Vəzir (Çəmənzəminli) ittifaqa üzv qəbul edilmişdir. Bu adam yazılarında açıq-açığına kontrrevolyusiya təbliğ etməkdən çəkinməmişdir ("Studentlər").
Hüseyn Cavid, M.Müşfiq, Simurq, Qantamir kimiləri öz əsərlərində müxtəlif pərdələr, cümlə pəsəndliklər altında kontrrevolyusion-millətçiliyi təbliğ etmişlər.
Bütün bu dözülməz hallara ittifaqın keçmiş rəhbərliyi (Ələkbərli, S.Vurğun, S.Rüstəm) və indiki rəhbərliyi (Şamilov, S.Vurğun və i. a.) tərəfindən yol verildiyi kimi bu gün yenə də bu işə opportunistcəsinə baxılmaqdadır. Bu yabançı düşmən ünsürlərin ifşa edilmələri çoxdan lazım ikən ittifaqın rəhbərliyi məsələni cürbəcür bəhanələrlə, dəfələrlə müzakirə, təhqiq və təkliflər ilə təxirə salırdı.
"Kommunist"in vaxtında və düzgün olaraq siqnal verdiyi "Averbaxçılığın kökünü kəsməli" sərlövhəli məqaləsi bunu sübut edir.
32-ci ildən başlayaraq Az.K (b) P MQ tərəfindən ittifaqın işinin irəliləməsi, sağlamlaşması, maddi ehtiyacın aradan qaldırılması üçün çox əhəmiyyətli köməklər göstərildiyi halda, ittifaqın rəhbərliyi bu kimi yardım və diqqətdən, qayğıdan istifadə etməmiş, daha doğrusu istifadə etmək istəməmişdir.
Xalq düşmənləri R.Axundov, M.Hüseynov, Ə.Triniç, Əli Kərimov, teatro sahəsində Azərbaycan və rus klassiklərinin əsərlərini repertuara salmamış, yaxud da onlara səhnədə çox az yer vermişdir.
Yeni əsərlərə gəldikdə, İ.Mirzənin "Həyat" pyesi illərlə teatronun (Əli Kərimovun) kabinəsində qalmışdı. Ancaq bu xalq düşmənləri ifşa edildikdən sonra "Həyat" pyesi böyük müvəffəqiyyətlə oynanıldı.
Yazıçılar İttifaqına gənc yazıçıları cəlb etmək onlar ilə lazımi iş aparmaq deyil, bir çoxlarını ittifaqa belə yaxın qoymamışdır (C.Xəndan, H.Fərrux və i.a.)
İttifaq rəhbərliyi, çox zaman Yusif Vəzir, Seyid Hüseyn, Qantamir, Müşfiqin kontrrevolyusion yazılarına başını qarışdıraraq, bir çox yazıçıların əhəmiyyətli yazıları baxılmamış və çap edilməmiş qalmışdır. Əlbəttə, bu kimi hallar ittifaq üçün bağışlanacaq iş deyil. Bu haqda ayrı-ayrı yoldaşlar istər şəxsi söhbət, istərsə iclaslarda danışmışlarsa də bunu nəzərə alan olmamışdır.
Proletar revolyusiyasının XX illiyinə bir neçə ay qalmışdır. Proletar revolyusiyasının XX illiyinə, hər bir yazıçı ölkəmizə dəyərli bədii əsərlər verməlidir. İttifaq bu haqda qənaətbəxş iş görməmişdir. Hətta bu işin uçotu belə yoxdur. Kimin nə ilə məşğul olduğu məlum deyildir. İttifaq bu işi tezliklə nizama salmalıdır.
Xalq düşmənləri - trotskist müsavatçılar R.Axundov, Əli Nazim, Ə.Cavad, H.Cavid, M.Müşfiq, Hacı Kərim Sanılı, Əminbəyli, Zeynallı, Şahbazi və başqaları öz murdar fikirlərini yürütmək məqsədilə yazıçılar arasında ayrı-ayrı şəkillərdə hərəkətlər törətmişlər (intriqa, fitnə və i.a.)
Bütün yuxarıda göstərilən xalq düşmənləri və onların çirkin hərəkətləri, ittifaqın rəhbərliyi, idarə heyəti üzvlərinin (və o cümlədən bir heyət idarə üzvü kimi mən də) sayıqlığın kütləşməsi nəticəsində vaxtında ifşa edilməmişlər.
YİQ (b) R MQ fevral Plenumunun və ulu rəhbər Stalin yoldaşın göstərişləri əsasında bütün yazıçılar özləri üçün ciddi nəticələr çıxarmalıdır.
İttifaqın partiya təşkilatı, idarə heyəti və ümumi yığıncağı mittifaqın bu kimi kəskin vəziyyətini bolşevik özünütənqidi atəşi altında müzakirə edərək gizli xalq düşmənlərini meydana çıxarmaqla ittifaqı yabançı ünsürlərdən birdəfəlik təmizləməli, yazıçılar ittifaqı işini islahat yoluna salmalıdır.
Ədəbiyyatımızı, trotskist agenturası olan averbaxçılıq tör-töküntülərindən təmizləməklə, müsavatçı-millətçi, şovinist duyğuların kökünü kəsməklə, yazıçılarımız Lenin-Stalin internasionalizmi ruhunda əsərlər yazmaqla məşğul olmalıdır. Proletar revolyusiyasının XX illiyinə layiq yüksək bədii əsərlər meydana çıxarmaq üçün ciddi və yorulmaz iş görmək bütün sovet yazıçı və şairlərinin müqəddəs vəzifəsi olmalıdır.
A.H.Rəsulzadə
"Ədəbiyyat" qəzeti
9 iyun 1937-ci il