QMİ Suriya müftisinin Qarabağ sayıqlamasına cavab vermir

6-01-2017, 09:44           
QMİ Suriya müftisinin Qarabağ sayıqlamasına cavab vermir
Fazil Mustafa: “Suriya erməni dövlətidir, onun hökumətinin mövqeyi də ermənilərin mövqeyi ilə tam üst-üstə düşür...”

Suriyanın baş müftisi şeyx Bədrəddin Hassunun Dağlıq Qarabağla bağlı fikirləri yayılıb. Bildirilir ki, Rusiya KİV-lərinə müsahibə verən Suriya müftisi Suriya ətrafında gedən situasiya və dünyadakı siyasi proseslər barədə danışarkən Dağlıq Qarabağ mövzusuna toxunub.

Konkret olaraq müftinin müsahibə verdiyi mənbə açıqlanmasa da onun aşağıdakı fikirləri söylədiyi deyilir: “Dağlıq Qarabağda probleminin başlıca motivasiyası xalqın azadlığı üçün iradəsi, regionun tarixi və müharibədə qazanılan qələbədir. Burada hansı mübahisədən söhbət gedə bilər? Şəxsən mən Qarabağ ermənilərinin müstəqillik və azadlıqları uğrunda mübarizələrini dəstəkləyirəm. Xüsusilə vurğulamaq istərdim ki, Qarabağ münaqişəsinin əsas səbəbi din deyil, xalqın iradə ifadəsidir. Bununla hesablaşmamaq olmaz”.

Bildirilir ki, Bədrəddin Hassun Türkiyəyə qarşı düşmən mövqeyi ilə seçilir. Sünnilik məzhəbinə məxsus olmasına baxmayaraq, İrana olduqca yaxın olan Hassun tez-tez orada müxtəlif konfranslarda, simpoziumlarda da iştirak edir.

Qeyd edək ki, Suriya şeyxinin bu fikrinə rəsmi Bakıdan, xüsusilə də Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) heç bir reaksiya bildirilmədi. Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan deputat Fazil Mustafa isə dedi ki, Suriya hökumətinin mövqeyi də ermənilərin mövqeyi ilə tamamilə üst-üstə düşür: “Baş müftinin fikirlərinə cəmiyyət tərəfindən reaksiya verildi. Bu cür Azərbaycan torpaqlarının işğalını dəstəkləyən, ermənilərə dəstək verən simasızların ölkəmizdə tərəfdarları mövcuddur. Bunlar tez-tez hansısa ölkənin maraqlarını öz ölkələrinin maraqlarından üstün tuturlar. Nə Ruhaninin səfərinə bir reaksiya verirlər, nə də Suriya müftisinin bu addımını pisləyirlər. Ancaq bu adamları bir az boş buraxan kimi durub Azərbaycana dar məqamda dəstək verən Türkiyəni söyürlər. Çünki heç kim hesabat aparmır ki, Türkiyə yeganə ölkədir ki, Azərbaycanın müharibə vəziyyətində olduğu Ermənistanla hər hansı şəkildə diplomatik əlaqələr qurmur, sərhədləri bağlı saxlayır. Bizə bu fakt lazımdır. Yoxsa ki, hansı ölkədə kim erməni ilə nə münasibət qurursa bu, bizi maraqlandırmır. Suriyaya simpatiya bəsləyənlər, Hələbin Suriya ordusu və ”Hizbullah" terrorçuları tərəfindən müəyyən dərəcədə işğal olunmasından sonra bayramfəşanlıq keçirənlər bu məsələyə də cavab verməlidirlər. Bildirməlidirlər ki, kimi dəstəkləyirlər. Cavab verməlidirlər ki, ümumiyyətlə, ermənidən onların hansısa bir fərqləri varmı? Yaxud da ermənini dəstəkləyənlərlə onların arasında fərq varmı? Bunu söyləmək lazımdır".

F. Mustafa bu məsələlərə gücü çatdığı qədər hər zaman reaksiya verdiyini dedi: “Biz bu məsələlərə öz gücümüz çatdığı qədər reaksiya veririk. Çalışırıq ki, Azərbaycan cəmiyyətini bilgiləndirək, maarifləndirək ki, biz öz strateji maraqlarımızı doğru anlamırıq. Ona görə də bu məsələyə reaksiyanı heç gözləmirəm. Kim reaksiya verəcək, hansı məqamdan reaksiya gözləyirsiz? Ümumiyyətlə, hesab edirəm ki, buna ən azından ictimaiyyət, vicdanlı insanlar mövqe bildirməlidirlər ki, Suriya erməni dövlətidir. Suriya hökumətinin mövqeyi də ermənilərin mövqeyi ilə tamamilə üst-üstə düşür. Bizim Suriyaya bəslədiyimiz simpatiya ermənilərə bəslədiyimiz simpatiyadan başqa bir şey deyil. Ona görə də biz bu məsələlərdə daha çox koordinasiyalı şəkildə Türkiyəyə doğru hərəkət etmək məcburiyyətindəyik. Həmçinin Türkiyənin orada strateji maraqları elə bizim də maraqlarımız kimi qiymətləndirilməlidir. Bu məsələyə yanaşma belə olmalıdır”.

F. Mustafa bu cür fikirlərin tirajlanmasının təxribat olmasını düşünmür: “Konkret mənbə olmasa da məlumdur ki, Suriyada erməniləri dəstəkləyirlər. Burada fərqli heç nə yoxdur. Ermənistanın keçmiş prezidenti Ter-Petrosyan da Suriyadan gələn ermənilərdəndir. Azərbaycan torpağının işğalında da Suriyadan gələn ermənilərin müstəsna rolu olub. Ona görə də bu məsələ ilə bağlı, məncə, heç bir təəccübə ehtiyac yoxdur. Dəfələrlə Ermənistanı dəstəkləyən bəyanatlar səsləndiriblər. Elə ”Hizbullah"ın özü də erməniləri dəstəkləyir. Dəfələrlə Qarabağın müəyyən dərəcədə Ermənistanın tam haqqı olması barədə bəyanatlar səsləndiriblər. Buna görə də biz bu məsələdə nə isə yeni bir şey gözləməməliyik. Sadəcə olaraq, Azərbaycan dövlətinin maraqlarını düşünən insanlar bu məsələdə öz sərt mövqelərini ortaya qoymalıdırlar. Qafqaz Müsəlmanları İdarəsi də bu məsələni dəqiqləşdirdikdən sonra münasibətlərini bildirməlidirlər. Çünki bu, birbaşa Azərbaycanın ərazi bütövlüyünü şübhə altına salmaq istiqamətində atılan çox ciddi hadisəsidir. Buna qarşı bütün azərbaycanlılar dinindən, məzhəbindən, sosial statusundan asılı olmayaraq sərt reaksiya verməlidirlər".
Mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin mövqeyini almaq cəhdimiz baş tutmadı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.