Dollar rallisi, Azərbaycanın qızıl ehtiyatları, ən çox pulu olanlar...
8-01-2017, 13:44
Yola saldığımız yeni ilin ilk həftəsi ABŞ dollarının rallisi ilə yadda qaldı. Yanvarın 3-də ABŞ dollarının dünyanın aparıcı valyutaları sayılan avro, yapon yeni, ingilis funt-sterlinqi, Kanada dolları, İsveçrə frankı, İsveç kronu qarşısında məzənnəsi 2003-cü illərdən bəri ən yüksək həddə çatdı. Valyuta birjalarında 1 avro 1%-dən çox ucuzlaşaraq 1.0341 dollara bərabər olub. Sonuncu dəfə Avropanın vahid valyutası Amerika pulu qarşısında bu məzənnə ilə 2003-cü il yanvarın 3-də dəyişdirilib. Həmin gün 1 avronun qiyməti 1,034 dollar təşkil etdi. Yeni ilin ən çox dəyər itirən valyutası isə türk lirəsi oldu.
Başlayaq elə lirədən. Türkiyədə dolların məzənnəsi tarixi rekord səviyyə olan 3,60 TRY/USD-yə çatdı. İnflyasiyanın gözləniləndən çox olması və siyasi proseslər sonrası dollar 3,60 səviyyəsini görərək yeni zirvəyə yüksəldi. Dollar daha əvvəl ən son ötən ilin 2 dekabr tarixində 3, 5923 səviyyəsini görmüşdü.Analitiklər hesab edir ki, ilin 1-ci yarısında Türkiyədə dolların məzənnəsi 4 lirəni üstələyə bilər. "Nomura" broker-investisiya şirkətinin London filialının inkişaf etməkdə olan ölkələr üzrə analitiki Herik Qulberkin proqnozlarına görə, Türkiyə Mərkəzi Bankı (TMB) ölkənin valyuta bazarına yalnız 2017-ci ilin ikinci yarısında müdaxilə edəcək və lirənin məzənnəsini sabitləşdirəcək. Yaxın 6 ay ərzində isə bu ölkədə dollar 15% bahalaşacaq. O bildirib ki, türk lirəsi hər hansı mənfi amillə əlaqədar ucuzlaşacaq, amma müsbət amil olduqda bahalaşmayacaq.
Qeyd edək ki, ötən ilin dekabr ayında Türkiyədə inflyasiya 8,53% təşkil edib. Bu isə TMB-nin uçot dərəcəsindən 0,53% bəndi çoxdur. Bu arada Türkiyənin məcmu beynəlxalq ehtiyatları 23-30 dekabr həftəsində 4,022 mlrd. ABŞ dolları və ya 3,65% azalaraq 106,102 mlrd. dollara kimi geriləyib. TCMB-nın açıqlanan həftəlik statistik hesabatına əsasən qızıl ehtiyatları 339 mln. dollar və ya 2,36%, valyuta ehtiyatları isə 3,683 mlrd. dollar və ya 3,85% azalaraq 92,051 mlrd. dollara enib. Bununla da TCMB-nin valyuta ehtiyatları ardıcıl olaraq 6 həftə ərzində azalma göstərib. Sonuncu dəfə artım noyabrın 28-də bitən həftədə qeydə alınıb və ehtiyatlar 119,7 mlrd. dollara çatıb. Daha sonra isə ehtiyatlar 13,6 mlrd. dollar və ya 11,36% azalıb. Keçən ilin analoji dövrü ilə müqayisədə isə beynəlxalq ehtiyatlar 4% geriləyib.
Çin isə valyuta mübadiləsinə məhdudiyyət qoydu.İllik valyuta mübadiləsi dəyişməz qalaraq 50 min dollar səviyyəsində saxlanılıb. Çində yanvarın 1-dən ölkə vətəndaşlarının xarici valyuta alışına nəzarət gücləndirilib. Yuan xarici valyutaya dəyişmək istəyən çinlilər özləri və pulun mənşəyi barədə əlavə məlumat verməlidirlər.Qeyd edək ki, illik valyuta mübadiləsi kvotası isə dəyişməz qalaraq 50 min dollar səviyyəsində saxlanılıb. Bununla da hökumət ölkədən xaricə kapital axınının həcmini azaltmağa ümid edir.Analitiklərin qiymətləndirmələrinə əsasən, 2015-ci ildə Çindən kapital axını 1 trln. dollar təşkil edib.
Ukrayna Mərkəzi Bankı (UMB) fiziki şəxslərə nağd hesablaşmalar üçün müəyyən edilmiş gündəlik limiti 3 dəfə azaltdı. Sözügedən məbləğ 150 min qrivnadan (5 500 ABŞ dolları) 50 min qrivnaya (1 800 dollar) salınıb. UMB-nin bununla bağlı yaydığl açıqlamada bildirilir ki, qəbul olunmuş qərara əsasən, fiziki şəxslərin müəssisələrlə gündəlik nağd hesablaşma həcmi və öz aralarında notarial qaydada təsdiq olunmuş alqı-satqı əqdinə uyğun olaraq nağd hesablaşma həcmi 50 min qrivnadan artıq ola bilməz. Qurumun bununıa nağd pul kütləsinin bank sisteminə sabit daxil olmasını və iqtisadiyyatın qeyri-nağd hesablaşmalar sektorunun inkişafını təmin etmək niyyətindədir. UMB-də hesab edirlər ki, bu halda qeyri-nağd hesablaşmalar hər hansı məhdudiyyət olmadan həyata keçiriləcək və hər bir bank müştərinin tələbinə uyğun olaraq qeyri-nağd köçürmələri həyata keçirməyə məcbur olacaq.
Həftənin diqqət çəkən hadisələrindən biri də “Goldman Sachs Group Inc." investisiya bankının açıqlaması oldu. Bank investorlara Braziliya, Rusiya, Hindistan və Cənubi Afrika valyutalarına investisiya yatırmağı tövsiyə etdi. Bankın analitiklərinin fikrincə, 2017-ci ildə Çin yuanının məzənnəsində "2016-cı ilə paralel" olan geriləmə müşahidə olunacaq. Çin, Cənubi Koreya və digər Asiya ölkələri ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən sonra yürüdəcəyi siyasətə həssaslıqla yanaşır. Lakin Braziliya, Rusiya, Hindistan və Cənubi Afrika daha az riskli mövqedədir.Bu arada qeyd edək ki, il başlayandan rus rublu dollara qarşı güclənməyə başlayıb. Əbəs deyil ki, Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullinanı Avropa üzrə ən yaxşı bank rəhbəri seçilib.
Söz Trampdan düşmüşkən, Amerikada avtomobil şirkətlərinin vəziyyəti pisləşib. Buna səbəb Donald Trampın “General Motors” korporasiyası ilə bağlı “Twitter” sosial şəbəkəsindəki açıqlaması olub. Belə ki, ABŞ-ın yeni rəhbəri “General Motors”un Meksikada “Chevy Cruze” markalı avtomobil istehsal etməsini tənqid edərək buna görə korporasiyanın vergi öhdəliklərinin artırılacağını bildirdi. Əvvəlcə “General Motors”un səhmləri ucuzlaşdı və şirkət 250 milyon dollar itirdi. Bundan dərs çıxaran “Ford Motor”un planlarını dəyişdi. Konkret olaraq, Meksikada zavod tikmək və “San Potosi” adı ilə maşın buraxmaq planlarından imtina etdi. Şirkətin rəhbəri Mark Filds isə bəyan edib ki, Meksika ilə bağlı qərar təkcə D.Trampın açıqlaması ilə bağlı deyil. Onun sözlərinə görə, ABŞ-ın yeni prezidentin kimliyindən asılı olmayaraq “Ford Motor” zavod tikməkdən imtina edəcəkdi: “Çünki “San Potosi” markasına ABŞ bazarında böyük tələbat olmayacaqdı”. Bununla yanaşı, M.Filds bildirdi ki, rəhbərlik etdiyi şirkət Miçiqan ştatında hibrid avtomobillər və elektromobillər istehsal edəcək zavodun inşasına 700 mln. dollar pul qoyacaq.
Xatırladaq ki, “Ford Motor” Meksikadakı layihəyə 1,6 mlrd. dollar xərcləməyi planlaşdırırdı. D.Tramp isə seçki kampaniyası dövründə bu məsələyə münasibət bildirərək onu “mütləq rüsvayçılıq” adlandırıb. Bu açıqlama və “Ford Motor”un qərarı Meksika pesosunun məzənnəsinin zəifləməsi ilə nəticələnib.
İş dünyası
Bu həftə “Forbes” Rusiya və Çində zənginlərin sərvətinin həcminin yayımladı. Məlum oldu ki, 2016-ci il üzrə Rusiyada 200 iş adamından ən varlısı Leonid Mixelsondur. Onun sərvəti 2016-cı ildə 14 milyard dollar təşkil edib. İkinci sırada Mixail Fridman yer alır. İş adamının sərvəti 13 milyard dollardır. Sonrakı sıralama isə aşağıdakı kimidir: Əlişir Usmanov- 12.5 milyard,Vladimir Potanin -12,1 milyard,Qennadiy Timçenko -11,4 milyard,Aleksey Mordaşov – 10,9 milyard,Viktor Vekselberq -10,5 milyard,Vladimir Lisin-9,3 milyard, Vahid Ələkbərov-8,9 milyard, Qerman Xan -8,1 milyard sərvətə sahibdir.
Dünyanın ikinci ən böyük iqtisadiyyatını idarə edən Çində isə 400 milyarder var. Onların birgə sərvətinin həcmi 947 milyard dollardır. Bu da 2015-ci illə müqayisədə 14 faiz artım deməkdir.2016-cı ildə siyahıya daha 68 yeni iş adamı əlavə olunub. Bundan əlavə 400 nəfərin arasında 27 milyarder qadın var. Onlardan ən gənci 35 yaşlı Yan Xuyandır. Hansı ki həm də 7 milyard dollar sərvəti ilə Çinin ən zəngin qadınıdır. Siyahıda ən yaşlı iş adamı 75 yaşlı Çan Layvadır.
O ki qaldı varlı çinlilərin harada yaşamasına, onlardan 18 nəfəri Pekində, 12-si Şanxayda, 11-i Şençjendə, 8-i Quançjouda yaşayır. Ümumiyyətlə isə milyarderlərin əksəriyyəti Çinin sahil rayonlarında məskunlaşıb.
Çinin ən varlı iş adamı isə 33 milyard dollar sərvəti ilə Van Szyanlindir.O daşınmaz əmlak milyarderidir.
Azərbaycan
Gəldik çıxdıq öz ölkəmizə. Tətildən qayıdan ölkə iqtisadiyyatı öyrəndi ki, Azərbaycanda iri dövlət şirkətlərinin hər növbəti ilin gəlirlər və xərclər smetalarını hazırlaması, həmin smetaların icrası üzrə monitorinq aparılması ilə əlaqədar yeni dövlət nəzarəti mexanizmi yaradılıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarına əsasən "Arzu Kredit İttifaqı", "Azəriinvest Kredit İttifaqı", "Cənub Kredit İttifaqı", "Ceyhun Kredit İttifaqı", "Compass Kredit İttifaqı", "F.A.S. Kredit İttifaqı", "Həkəri Kredit İttifaqı", “Kredo-İnvest Kredit İttifaqı”, “Real Kredit İttifaqı”, “Tərəkəmə Kredit İttifaqı”, “Tural Kredit İttifaqı” və “Yardımlı Kredit İttifaqı”nın fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
Bundan əlavə o da bəlli oldu ki, Azərbaycanın qızıl-valyuta ehtiyatı 21,9 tona çatıb. Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı statistikaya əsasən ümumilikdə, Azərbaycanın strateji valyuta ehtiyatlarının 12,8%-i qızıl ehtiyatının payına düşür.Qeyd edək ki, dünya ölkələri arasında qızıl-valyuta ehtiyatlarının həcminə görə Azərbaycan 60-cı yerdə qərarlaşıb. Statistikaya görə, dünyada qızıl ehtiyatlarının həcminə görə, ABŞ birinci yerdədir. Bu ölkənin 8 133,5 ton qızıl ehtiyatı var ki, bu da ümumi strateji valyuta ehtiyatlarının 74,2%-i deməkdir. İkinci yerdə 3 377,9 tonla Almaniya (68,1%), üçüncü yerdə BVF qərarlaşıb. Dünya üzrə ən az qızıl ehtiyatına malik ölkə isə Monqolustandır. Bu ölkənin qızıl-valyuta ehtiyatları 1 tondur, bu isə ölkəyə məxsus valyuta ehtiyatının 2,8%-nə bərabərdir.
Məndən bu qədər...publika.az