Prezident nazirləri topladı, 2017-ci il planını açdı:"Kim düşünürsə ki, biz çətin, çıxılmaz vəziyyətdəyik, tamamilə yanılır" (TAM MƏTN)
11-01-2017, 09:44
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Strateq.az Azertac-a istinadən, Prezident İlham Əliyevin iclasın həm girişi, həm də yekununda söylədiyi nitqlərin tam mətnini təqdim edir:
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
– Bu gün biz 2016-cı ilin yekunlarını müzakirə edəcəyik və bu il görüləcək işlər haqqında danışacağıq.
2016-cı ili təhlil edərkən, əlbəttə ki, biz regionda və dünyada gedən prosesləri nəzərə almalıyıq. 2016-cı ildə dünyada və yaşadığımız regionda təhlükələr, risklər, təhdidlər artmış, qanlı münaqişələr, müharibələr davam etmiş, yeni münaqişə ocaqları yaranmışdır. Bir sözlə, yaşadığımız bölgədə sabitlik pozulmuşdur və iqtisadi inkişafla bağlı vəziyyət ağırlaşmışdır. 2016-cı ildə dünyanın müxtəlif yerlərində təhlükəli proseslər müşahidə olunurdu. Avropada miqrantlar böhranı dərinləşmişdir, MDB məkanında gedən proseslər narahatlıq doğururdu. Yaşadığımız bölgədə və Yaxın Şərqdə, qeyd etdiyim kimi, qanlı toqquşmalar, müharibələr, terror aktları, əfsuslar olsun ki, bölgədəki sabitliyə çox böyük zərbə vurmuşdur.
O ki qaldı, bizim ölkəmizə – Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirmişdir, ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilmişdir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşamışdır və yaşayır. Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir. Bu gün ölkəmiz dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biridir. Əlbəttə ki, gördüyümüz bütün bu işləri dünya kontekstindən ayırmaq mümkün deyil. Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir və biz çalışmışıq və çalışacağıq bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur.
2016-cı ildə ölkə qarşısında duran, demək olar ki, bütün əsas vəzifələr təmin edildi. Bildiyiniz kimi, Azərbaycan neftlə zəngin olan digər ölkələr kimi, neftin qiymətinin aşağı düşməsindən əziyyət çəkirdi. Ancaq neft ixrac edən bütün ölkələrin addımlarına nəzər salsaq görərik ki, Azərbaycan o ölkələrdəndir ki, bu böhranlı vəziyyətdən də uğurla çıxa bilmişdir. Neftlə zəngin olan bir neçə başqa ölkə var ki, bizim kimi bu vəziyyətdən uğurla çıxa bilmişdir. Neftin qiyməti isə 3-4 dəfə aşağı düşmüşdür. Bu, o deməkdir ki, əsas gəlir mənbəyimiz olan neft bizə 3-4 dəfə az gəlir gətirmişdir. Biz, əlbəttə ki, bu böhranlı vəziyyətdən çıxış yolunu tapmalı idik və hesab edirəm ki, tapmışıq. Bütün çətinliklərə, itkilərə baxmayaraq, biz iqtisadi sabitliyimizi qoruya bildik, bu ağır vəziyyətdən şərəflə çıxa bildik. 2016-cı ildə də ölkəmizdə iqtisadi inkişafla bağlı çox önəmli addımlar atılmışdır. Bir daha qeyd etmək istəyirəm, hər bir ölkənin inkişafı üçün əsas şərt təhlükəsizlikdir, sabitlikdir, vətəndaş həmrəyliyidir. Bu da bizdə var. Təhlükəsizlik qorunur, bir daha demək istəyirəm ki, xalqın iradəsinə əsaslanan sabitlik, vətəndaş birliyi və həmrəyliyi 2016-cı ildə daha da artmışdır. Bütün Azərbaycan xalqı vahid amal uğrunda birləşib ki, ölkəmizi daha da inkişaf etdirək və müstəqilliyimizi daha da möhkəmləndirək.
2016-cı ildə biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd etmişik və bu gözəl bayramı yaxşı nəticələrlə, uğurlarla qarşılamışıq.
İqtisadi sahədə 2016-cı ildə önəmli addımlar atılmışdır. 2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Bu il ərzində qəbul edilmiş qərarlar, qanunlar, mənim tərəfimdən imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirir və bizə imkan verir ki, gələcəkdə qeyri-neft sektorunun hesabına inkişaf edək. Qəbul edilmiş qərarlar artıq öz nəticəsini verməkdədir. Əminəm ki, bu nəticələr bu il və bundan sonrakı illərdə daha da qabarıq şəkildə özünü göstərəcək.
Ümumi daxili məhsul aşağı düşsə də, – bunun da əsas səbəbi neftin qiymətinin 3-4 dəfə aşağı düşməsidir və bundan irəli gələn investisiyaların, dövlət investisiyalarının azalmasıdır, – digər önəmli göstəricilər bizi sevindirir. Xüsusilə, ölkəmizdə qeyri-neft sənaye istehsalı keçən il 5 faiz artmışdır. Bu, o deməkdir ki, bizim uzun illər ərzində apardığımız siyasət öz nəticəsini göstərir. Sənayeləşmə, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, bax, bu, gözəl nəticəni təmin edibdir. Böhranlı ildə qeyri-neft sənayemizin 5 faiz artması, hesab edirəm ki, çox böyük göstəricidir.
Digər önəmli göstərici kənd təsərrüfatının inkişafıdır. Çünki hər bir ölkənin əsas inkişaf dinamikasını şərtləndirən sənaye və kənd təsərrüfatıdır. Kənd təsərrüfatında da görülmüş operativ tədbirlər nəticəsində inkişaf təmin edilmiş və kənd təsərrüfatı Azərbaycanda 2,6 faiz artmışdır.
Bax, bu iki rəqəm deməyə əsas verir ki, biz bu çətin və böhranlı şəraitdən şərəflə çıxa bildik və artıq görülmüş işlər və bu il görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək. İqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektorumuz inkişaf edəcək, yeni iş yerlərinin yaradılması təmin ediləcək və əminəm ki, biz dediyim bütün hədəflərə çatacağıq.
Baxmayaraq ki, gəlirlərimiz 3-4 dəfə aşağı düşüb, Azərbaycanda yaradılmış gözəl sərmayə iqlimi hesabına biz ölkəmizə 8 milyard dollar xarici investisiya cəlb edə bilmişik. Bu da çox gözəl göstəricidir. Çünki bu gün bütün dünyada iqtisadi böhran yaşanır, maliyyə çətinlikləri müşahidə olunur və belə vəziyyətdə xaricdən investisiya gətirmək çox çətin məsələdir. Biz bunu təmin etmişik və ölkə iqtisadiyyatına 8 milyard dollar xarici sərmayə qoyulmuşdur. Daxili sərmayə isə 3,7 milyard dollar olmuşdur. Əvvəlki illərlə müqayisədə bu, daha aşağı rəqəmdir. Ancaq bu, başadüşüləndir, bunun səbəbi də bəllidir. Beləliklə, ölkə iqtisadiyyatına keçən il 11 milyard 700 milyon dollar sərmayə qoyulmuşdur. Bir daha demək istəyirəm ki, bu, çox gözəl göstəricidir. Bu göstəricinin mütləq rəqəmləri də çox böyükdür. Əgər bunu adambaşına hesablasaq görərik ki, biz bəlkə də dünya miqyasında ən qabaqcıl yerlərdən birini tuturuq.
2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarımızı, xüsusilə Neft Fondunun vəsaitini qorumaq idi. Biz buna nail ola bilmişik. Mən indi dünyada gedən proseslərə xalqımızın diqqətini bir daha yönəltmək istəyirəm. Demək olar ki, neftlə zəngin olan bütün ölkələrin valyuta gəlirləri böyük dərəcədə aşağı düşüb. Neft fondları, suveren fondlar, digər fondlar, pensiya fondları, bunların müxtəlif adları var. Bu fondlarda yığılan vəsait kəskin şəkildə aşağı düşmüşdür. Azərbaycanda isə biz demək olar ki, Neft Fondunun gəlirlərini qoruya bildik. Neft Fondunun gəlirləri cəmi 4 faiz aşağı düşmüşdür. Çünki biz valyuta ehtiyatlarımızın şaxələndirilməsi istiqamətində vaxtilə addımlar atmışıq. Bizim valyutamız həm dollarda, həm avroda, həm Britaniya funtunda saxlanılır. Dolların möhkəmlənməsi, avronun, funtun aşağı düşməsi nəticəsində bax, dollar ekvivalentində bizim Neft Fondumuzun valyuta ehtiyatları 4 faiz aşağı düşmüşdür. Əgər bu məzənnə fərqi olmasaydı, biz o az səviyyəli tənəzzülə də uğramazdıq. Yəni, bu gün Azərbaycan Dövlət Neft Fondunda 33 milyard dollar vəsait var. Biz bunu qorumuşuq, qoruyacağıq və əminəm ki, bu il bunu daha da artıracağıq.
Əlbəttə, böhrandan çıxmaq üçün ən asan yol valyuta ehtiyatlarını xərcləməkdir və biz bunu bəzi yerlərdə görürük. Ancaq biz gələcəyi düşünürük. Biz uzunmüddətli strategiyamızı qururuq. Biz illər boyu valyuta ehtiyatlarımızı qorumuşuq, yığmışıq, ölkə üçün lazım olan infrastruktur, sosial layihələrə yönəltmişik və bu gün də qoruyuruq, artırırıq və artırmalıyıq.
Bizim gördüyümüz işlər dünyanın aparıcı, mötəbər beynəlxalq iqtisadi və maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Bu da çox vacibdir. Çünki biri var bunu biz özümüz deyirik, biri də var ki, bunu beynəlxalq qurumlar qeyd edir. Dünya Bankının "Doing Business” hesabatında Azərbaycan 65-ci yerdədir. Bu, yaxşı göstəricidir. Əlbəttə, biz çalışmalıyıq ki, daha yüksək pilləyə çıxaq. Ancaq indiki şəraitdə dediyim bütün o amilləri nəzərə alaraq hesab edirəm ki, bu, kifayət qədər yüksək göstəricidir. Dünyanın aparıcı iqtisadi beynəlxalq forumunun – Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 3 pillə irəliləyərək 40-cı pillədən 37-ci pilləyə qalxmışdır. Bu da, hesab edirəm ki, rekord göstəricidir. Biz MDB məkanında yenə də birinciyik və bu birinciliyi saxlamışıq. Bax, budur, beynəlxalq aparıcı iqtisadi qurumların hesabatları.
Düzdür, müxtəlif qeyri-hökumət təşkilatları var, hamımız bilirik ki, onlar haradan maliyyələşir, onların hədəfi bizə ləkə vurmaq, bizi qaralamaq, bizim işimizə kölgə salmaqdır. Onların illər boyu apardıqları antiazərbaycan kampaniyaları heç bir nəticə vermir. Onların reytinqlərinə heç fikir verməyə də dəyməz. Eyni zamanda, özlərini böyük iqtisadiyyatçı adlandıran bəzi yerli nümayəndələr də müxtəlif çıxışlar edirlər, müxtəlif qiymətlər verirlər. Tamamilə cəfəng fikirlərdir, bizim gözəl atalar sözü var: "İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir”. Yəni, bütün bunlara fikir vermək lazım deyil. Əsas bizim uğurlu inkişafımızdır, aparıcı beynəlxalq iqtisadi qurumların qiymətidir və bizim reallığımızdır. Reallıq isə ondan ibarətdir ki, biz 2016-cı ildə bu böhranlı vəziyyətdən şərəflə çıxa bildik, ölkəmizdə 100 mindən çox daimi iş yeri açılmışdır, kənd təsərrüfatının, qeyri-neft sənayemizin inkişafı bizə imkan verir ki, biz gələcəyə nikbinliklə baxaq. Biz bu gün görüləcək işlər haqqında da danışacağıq. Bizim planlarımız kifayət qədər böyükdür və onların icrası nəticəsində ölkə iqtisadiyyatı öz dinamikasını sürətləndirəcək.
2016-cı ildə sosial məsələlər də öz həllini tapıb. Sosial siyasət daim bizim əsas prioritetlərimizdən biri olmuşdur. 2016-cı ildə maaşlar 7 faiz, pensiyalar 8 faiz artmışdır. Yenə də artmalıdır. Hesab edirəm ki, 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaqdır. Biz ünvanlı sosial yardım ilə bağlı çox önəmli addımlar atmışıq. Yəni, ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək. Bu yardımın məbləği artır və artmalıdır. Eyni zamanda, sosial ədalətlə bağlı 2016-cı ildə çox önəmli addımlar atılmışdır, xüsusilə kommunal tariflərlə bağlı. Yenə də deyirəm, ehtiyac içində yaşayanlara dövlət öz yardım əlini uzadır və daim bunu edəcəkdir. Orta təbəqənin maraqlarının qorunması üçün çox ciddi institusional islahatlar aparılır, iş yerlərinin yaradılması ilə bağlı addımlar atılır. Varlı təbəqə isə dövlətdən dotasiya, hansısa yardım gözləməməlidir. Ona görə kommunal tariflərin diferensiasiyası da bax, bu sosial ədalət prinsipini əsas prinsip kimi götürmüşdür və hesab edirəm ki, sosial məsələlərin həlli işində biz 2016-cı ildə əldə edilmiş uğurlarla fəxr edə bilərik. Gəlirlərimiz azalır, ancaq insanların maaşları artır. Sosial infrastruktur layihələri icra edilmişdir. 485 məktəb təmir edilmişdir, 29 yeni məktəb tikilmişdir, 41 xəstəxana tikilmiş və ya təmir edilmişdir. Bax, biz bu layihələrə lazımi qədər vəsait ayırırıq və bu, bir daha bizim sosial siyasətimizi göstərir.
Keçən il məcburi köçkünlərin problemlərinin həlli üçün yeni addımlar atılmışdır, yeni qəsəbələr salınmışdır. Bu il də bu proses davam edəcək, yəni, bu məsələ daim diqqət mərkəzindədir. Əlimizdən gələni edirik və edəcəyik ki, məcburi köçkünlərin vəziyyətini daha da yaxşılaşdıraq.
2016-cı ildə ictimai xidmətlər sahəsində işlər uğurla gedib, "ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatıb. Son illər ərzində 13 milyon müraciət olmuşdur və vətəndaşların bəyənmə əmsalı təxminən 100 faizə yaxındır. Bu da ictimai xidmətlər, ümumiyyətlə, ictimai münasibətlər sahəsində bir inqilab idi və bu, artıq Azərbaycan brendidir. Artıq bəzi ölkələr bizim təcrübəmizi tətbiq etməyə başlamışlar. Keçən il "ASAN xidmət” öz funksiyalarını genişləndirdi, "ASAN Kommunal”, "ASAN Qatar”, "ASAN Viza” təşəbbüsləri irəli sürüldü. Onu da qeyd etməliyəm ki, "ASAN Viza”nın fəaliyyəti nəticəsində ölkəmizə gələcək turistlərin sayı bundan sonra da artacaq. 2016-cı ildə biz bu istiqamətdə dönüş yarada bildik. Ümumiyyətlə, turistlərin axını dünyada mövcud olan iqtisadi durumla bağlıdır. Əgər vəziyyət yaxşıdırsa, daha çox insanlar xarici ölkələrə turist kimi gedirlər. Ancaq bu gün dünyada, dünyanın demək olar ki, bütün bölgələrində iqtisadi böhran yaşanır. Buna baxmayaraq, 2016-cı ildə ölkəmizə gələn turistlərin sayı 11 faiz artmışdır və əminəm ki, bu il daha da artacaq.
Keçən il ölkəmizdə 35 mehmanxana tikilmişdir, 25 mehmanxana tikilməkdədir, ümumiyyətlə, mehmanxanaların sayı Azərbaycanda 500-dən çoxdur. Amma tələbat daha da artır, daxili turizm inkişaf edir. Mən çox şadam ki, Azərbaycan vətəndaşları daha çox Azərbaycanda istirahət etməyə üstünlük verirlər. Bizdə gözəl təbiət, gözəl şərait, gözəl mehmanxanalar, istirahət zonaları var. Bu gün bütün dünyadan turistlər Azərbaycana axışırlar. Bu da ölkə iqtisadiyyatına böyük mənfəət gətirir. Biz gələcəkdə turizmdən milyardlarla dollar vəsait qazanacağıq və bu, bizim iqtisadi vəziyyətimizə çox böyük dəstək olacaqdır.
Keçən il bizim beynəlxalq əlaqələrimiz daha da genişləndi. Azərbaycan uzun illər ərzində beynəlxalq aləmdə artıq çox etibarlı, ləyaqətli tərəfdaş kimi tanınır. Xüsusilə son illər ərzində dünyada böhranların, müharibələrin, qeyri-sabit vəziyyətin genişləndiyi bir şəraitdə bizim nümunəmiz əlbəttə ki, daha çox diqqət cəlb edir və bizə daha böyük rəğbətlə yanaşırlar.
Azərbaycan çox böyük müsbət beynəlxalq imicə malikdir. Beynəlxalq təşkilatlarda bizim sözümüz keçir və təsirimiz artır. Biz beynəlxalq əlaqələrimizi bu il də genişləndirəcəyik. Keçən il ölkəmizə 20-yə yaxın dövlət və hökumət başçısı rəsmi və işgüzar səfərlər etmişdir. Bu da bir göstəricidir. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal işləmişik. İslam Əməkdaşlıq Təşkilatı Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və aprel ayında Azərbaycana Ermənistan tərəfindən edilən təcavüzlə bağlı kontakt qrupu yaratdı. Bu qrup artıq fəaliyyətə başlayır. Bu, bizim böyük uğurumuzdur. Son illər ərzində bizim fəaliyyətimiz nəticəsində Qoşulmama Hərəkatı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı qətnamələr qəbul etmişdir.
Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bizim ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Keçən il ATƏT də bu məsələ ilə bağlı öz ciddi sözünü demişdir – status-kvo qəbuledilməzdir. Bu, aksiomdur və bu, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması deməkdir. Budur, münaqişənin həlli yolları. Bunun başqa yolu ola bilməz. Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün o qədər də yaxşı olacaq.
2016-cı ilin aprel ayında Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçılara çox ciddi zərbələr vurmuşdur. Növbəti erməni hərbi təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar torpağı işğaldan azad etmişdir. Bu, bizim şanlı tarixi qələbəmizdir. Bu, bir daha dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərir. Bir daha onu göstərir ki, biz istənilən vaxtda məsələni hərbi yolla həll edə bilərik. Minlərlə hektar torpaq işğalçılardan boşaldıldı. İndi orada təmizlik işləri, bütün mənalarda təmizlik işləri aparılır. Azərbaycan Ordusu indi on minlərlə hektar torpağa nəzarət edir. İndi o ərazilərdə işğalçıların izi-tozu qalmayıb. Biz o bölgələrdə lazımi tədbirləri görəcəyik ki, vətəndaşlarımız oraya qayıtsınlar və artıq bu proses başlayır.
Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Biz hərbçilərimizlə fəxr edirik. Bu döyüşlər zamanı Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirmişdir. Beləliklə, hesab edirəm ki, 2016-cı il münaqişənin həlli ilə bağlı çox önəmli il olmuşdur. Çünki qarşı tərəf – Ermənistan təşviş içində idi, vasitəçilərdən xahiş edirdi ki, tezliklə bu döyüşlər başa çatsın və onlar danışıqlar prosesinə qayıtmağa hazır olduqlarını bildirmişlər. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, onlar müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmişlər. Baxmayaraq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bu vaxta qədər rəhbərlik etmiş şəxslər sadəcə olaraq, böyük siyasi səhv buraxaraq ermənipərəst mövqe və qəbuledilməz fikirlər ifadə etmişlər. İndi biz hamımız onların aqibətinin necə olduğunu yaxşı bilirik. Yəni, aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm bir daha Azərbaycan dövlətinin gücünü göstərdi, həm də bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Biz bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda, illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Xaricdən silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində bizim qabağımızda duruş gətirə bilməzlər. Bunu özləri də etiraf edirlər. Biz bunu çoxdan bilirdik.
Biz həmişə olduğu kimi, konstruktiv mövqe tuturuq, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da həmçinin. Tarixi həqiqət də bizim mövqeyimizi möhkəmləndirir. Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir. Yəni, biz məsələni istədiyimiz kimi həll edəcəyik. Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. Budur, bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik. Aprel döyüşləri bu istiqamətdə çox önəmli tarixi addım olmuşdur.
Keçən il digər vacib hadisələr baş verdi. Biz enerji siyasətimizin təkmilləşdirilməsi istiqamətində növbəti addımlar atdıq. "Cənub” qaz dəhlizinin icrası uğurla davam etdirildi. Baxmayaraq ki, neft gəlirlərimiz üç-dörd dəfə azaldı, biz xaricdən kreditlər aldıq, eyni zamanda, daxili vəsait hesabına "Cənub Qaz Dəhlizi” və "Şahdəniz-2” layihələrinin icrası ilə bağlı bütün lazımi addımları atdıq. Deyə bilərəm ki, "Şahdəniz-2” layihəsi üzrə, – bu gün "Şahdəniz” dünya miqyasında ən böyük qaz-kondensat yataqlarından biridir, – işlərin 90 faizi artıq tamamlanıb və gələn il tamamilə başa çatacaq. TANAP layihəsinin böyük hissəsi icra edilib və "Cənub” qaz dəhlizinin digər seqmentləri istiqamətində də işlər gedir. Biz keçən il Bakıda "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci toplantısını keçirdik. O toplantıda iştirak edən bütün ölkələr, Avropa Komissiyası, Amerika Birləşmiş Ştatları və "Cənub” qaz dəhlizinin bütün üzvləri qəbul edilmiş bəyanatda Azərbaycanın liderliyini bir daha göstərmişlər. Biz bu layihənin lideriyik, təşəbbüskarıyıq, aparıcı qüvvəsiyik. Biz o layihəni bütün dostlarımızla, tərəfdaş ölkələrlə və beynəlxalq təşkilatlarla birlikdə icra edirik.
Keçən il nəqliyyat sektorunda önəmli hadisələr baş vermişdir. Xüsusilə Şimal-Cənub dəhlizinin yaradılması istiqamətində çox ciddi addımlar atılmışdır. Keçən ilin yaz aylarında mən göstəriş vermişdim ki, ilin sonunadək bizim dəmir yolumuz İran sərhədinə qədər çatdırılmalıdır və artıq biz buna nail olduq. Təqribən 7-8 ay ərzində çatışmayan o hissəni inşa etdik və ondan əlavə, Astaraçay üzərində körpünü də biz tikdik və istifadəyə verdik. Yəni, Azərbaycan Şimal-Cənub dəhlizi ilə bağlı öz üzərinə düşən vəzifəni cəmi səkkiz ay ərzində yerinə yetirdi. İndi biz bu böyük layihənin işə düşməsi ilə bağlı əlavə təşəbbüslər irəli sürmüşük ki, bu prosesi sürətləndirək. Bu, həm bizə, həm qonşu ölkələrə, bütün dünyaya lazımdır. Bu layihənin icrası nəticəsində Hindistandan, Pakistandan gələn yüklər Azərbaycan ərazisindən İrana, Rusiyaya, Şimali Avropaya və əks istiqamətdə gedəcəkdir. Bu, böyük nəqliyyat hərəkatına gətirib çıxaracaq. Milyonlarla ton yük ərazimizdən keçəcək və minlərlə iş yeri yaradılacaq. Biz bu layihənin icrası ilə, eyni zamanda, Naxçıvanı da dəmiryolu blokadasından çıxaracağıq. Naxçıvan İran ərazisindən dəmir yolu vasitəsilə Azərbaycanla birləşəcək. Yəni, bu, tarixi layihədir və biz bunu qonşu, dost ölkələrlə birlikdə icra edirik.
2016-cı ildə idmançılarımız da bizi böyük qələbə ilə sevindirdilər. Rio Olimpiya Oyunlarında biz tarixi qələbə qazanmışıq. On səkkiz medal qazanmışıq və medalların sayına görə biz dünya miqyasında 14-cüyük, Avropada 7-ci, keçmiş sovet respublikaları arasında Rusiyadan sonra 2-ci və müsəlman aləmində birinciyik. Bax, bu göstəricilər hesab edirəm ki, hər şeyi göstərir. Bu, bizim növbəti böyük qələbəmizdir.
Azərbaycan xalqı ötən il keçirilmiş referendumda bir daha öz iradəsini ifadə etdi, bizim siyasətimizə öz böyük dəstəyini verdi, bir daha göstərdi ki, apardığımız siyasət xalq tərəfindən dəstəklənir. Biz bunu bilirdik. Rəy sorğuları aparılır, ictimai fikir öyrənilir və ölkəmizdə hökm sürən ab-havanı əlbəttə ki, bilirdik. Ancaq referendum bunu həm bir daha bütün xalqımıza, eyni zamanda, dünyaya göstərdi. Referendumu müşahidə edən beynəlxalq təşkilatların nümayəndələri bir dənə də olsun pozuntu aşkar etməyiblər. "Exit-poll”ların nəticələri rəsmi nəticələrlə üst-üstə düşdü. Beynəlxalq təşkilatlar, xüsusilə Avropa Şurası referendumun keçirilməsinə çox müsbət qiymət verdi və sonra bunu Strasburqda öz qərarı ilə təsdiqlədi. Referendum şəffaf, ədalətli, azad şəkildə keçirildi. Bu, həm demokratiya istiqamətində növbəti addımdır, həm də onu göstərir ki, Azərbaycanda seçki prosesi böyük dərəcədə təkmilləşib. Eyni zamanda, bir daha demək istəyirəm ki, bu, xalq tərəfindən bizə verilən böyük dəstəkdir və o dəstək ki, ölkə iqtisadiyyatı üçün ən ağır il olan 2016-cı ildə göstərildi. Mən bu dəstəyə görə bir daha Azərbaycan xalqına minnətdarlığımı bildirmək istəyirəm və bir daha qeyd etmək istəyirəm ki, bundan sonra da Azərbaycan inamla inkişaf edəcəkdir.
Keçən il Azərbaycanda "Multikulturalizm ili” elan edilmişdir. Bu, hesab edirəm ki, dünya miqyasında nadir bir hadisə idi. Bilmirəm, bu vaxta qədər hansısa bir ölkədə "Multikulturalizm ili” elan edilmişdir, yoxsa yox. Ancaq söhbət ondan getmir. Söhbət ondan gedir ki, 2016-cı ili "Multikulturalizm ili” elan etməyimiz çox böyük məna daşıyırdı. Bu, həm bizim siyasətimizi, cəmiyyətimizin əhvali-ruhiyyəsini göstərir, gördüyümüz işləri, görüləcək işlərimizi əks etdirir. Azərbaycan doğrudan da dünya miqyasında multikulturalizmin mərkəzidir. Biz bu mövzu ətrafında söhbətlərə, beynəlxalq tədbirləri keçirməyə başlayanda hələ miqrantlar böhranı yox idi, hələ Avropada, başqa yerlərdə ayrı-seçkilik o qədər də özünü büruzə vermirdi. Keçən il bu, ifrat dərəcəyə çatdı. Keçən il biz bəzi Avropa ölkələrində miqrantlara qarşı alçaldıcı hərəkətləri, islamofobiya ilə bağlı artıq açıq-aşkar aqressiv siyasəti gördük. Belə bir fonda "Multikulturalizm ili” elan etmək və onu ləyaqətlə sona çatdırmaq bir daha bizim siyasətimizi, gücümüzü, niyyətimizi göstərir.
Biz keçən il bir neçə mötəbər tədbir keçirmişik. Mən onlardan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu xüsusi qeyd etmək istəyirəm. Ənənəvi Bakı Beynəlxalq Humanitar Forumu da, digər tədbirlər də çox uğurla keçdi. Roma Papasının Azərbaycana səfəri və səfər zamanı verdiyi bəyanatlar da xüsusi qeyd edilməlidir. Bax, budur Azərbaycanın bu işə verdiyi töhfələri. Biz nəinki ölkə daxilində millətlərarası, dinlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyirik, həll edirik, biz dünyaya da nümunə göstəririk. Bax, belə inkişaf etmək lazımdır. Multikulturalizm alternativsiz bir hərəkat olmalıdır. Hesab edirəm ki, biz bu nümunəni göstərərək başqa yerlərə də öz təsir imkanlarımızı genişləndiririk.
2016-cı ildə əlbəttə, çox hadisələr baş vermişdir. Bütün bu hadisələr, hətta önəmli hadisələr haqqında danışmaq üçün saatlarla vaxt lazımdır. Sadəcə mən vacib hesab etdiyim məqamları ifadə etdim, həm təhlil olaraq, həm də gələcək platforma kimi. Biz bundan sonra da bu yolla gedəcəyik.
Prezident İlham Əliyevin yekun nitqi
– Əminəm ki, ölkəmiz 2017-ci ildə uğurla inkişaf edəcək. Bütün sosial proqramlar icra ediləcək və iqtisadi inkişafla bağlı çox önəmli addımlar atılacaq.
2016-cı ilin iqtisadi göstəricilərini təhlil edərkən biz görürük ki, ümumi daxili məhsulun azalmasının əsas səbəbi dünya bazarlarında neftin qiymətinin aşağı düşməsidir və bundan irəli gələn dövlət investisiyalarının azalmasıdır. Ən çox tənəzzül inşaat sektorunda müşahidə olunurdu. İl ərzində görülmüş tədbirlər nəticəsində inşaat sektorunun canlandırılması istiqamətində önəmli addımlar atılmışdır. 2017-ci ildə də inşaat sektorunun inkişafı ilə bağlı lazımi tədbirlər görüləcək. Beləliklə, əminəm ki, Azərbaycanda bu il inşaat sektoru inkişaf edəcək.
Bir çox layihələrin icrası nəzərdə tutulur. Onların arasında xüsusilə Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətini qeyd etmək istərdim. Keçən ay Yasamal rayonunda Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsinə start verildi. Əminəm ki, bu layihə uğurla icra ediləcək. Layihə çərçivəsində yeni bir şəhərcik yaradılacaq, hündürmərtəbəli 29 yaşayış binasının tikintisi nəzərdə tutulur. Məktəb, uşaq bağçası tikiləcək, infrastruktur yaradılacaq, yollar çəkiləcək. İki minə yaxın mənzil tikiləcək və güzəştli şərtlərlə vətəndaşlara, xüsusilə maddi imkanları məhdud olan ailələrə uzunmüddətli kreditlə veriləcək.
Bununla yanaşı, Bakı şəhərində köhnəlmiş mənzil fondunun aradan qaldırılması və yerində müasir binaların tikintisi prosesinə də start verildi. Əfsuslar olsun ki, şəhərimizin müxtəlif yerlərində vaxtı keçmiş, yöndəmsiz, bəzi hallarda qəzalı vəziyyətdə olan binaların sayı kifayət qədər çoxdur. Onların yerində yeni, müasir yaşayış binalarının tikintisi artıq başlanıb. Birinci layihə keçən ilin sonlarında Sabunçu rayonunda icra edildi və yeni gözəl bina istifadəyə verildi. Binanın açılışında şəxsən özüm iştirak etmişəm. Ona görə ki, buna çox böyük diqqət göstərirəm və hesab edirəm, bu birinci layihə rəmzi xarakter daşıyır. Bu, böyük yeniliyə start verən bir addımdır. Bu gün tikilməkdə olan, yaxuddakı sənədləri hazırlıq mərhələsində olan hündürmərtəbəli 60 yaşayış binasının mövcudluğu göstərir ki, bu proses şəhərimizdə geniş vüsət almışdır. Söhbət ondan gedir ki, yararsız, qəzalı vəziyyətdə olan evlərin, binaların yerində hündürmərtəbəli müasir binalar tikilsin. Köhnə mənzillərdə yaşayan vətəndaşlar müvəqqəti olaraq kirayədə qalacaqlar və onlara kirayə pulu veriləcək. Yeni binalar tikiləndən sonra həmin vətəndaşlar yeni binalarda, Sabunçu rayonundakı kimi daha da böyük mənzillərə sahib olacaqlar. Orada bəzi vətəndaşların mənzil sahəsi iki dəfə böyükdür. Həm də ki, onlar təmirli və gözəl mənzillərdə yaşayacaqlar.
Bu layihənin, bu təşəbbüsün çox böyük mənası var. Çünki ilk növbədə biz köhnəlmiş mənzil fondunu aradan götürürük. Digər tərəfdən, yeni binalar mövcud binaların yerində tikiləcək və beləliklə, yeni yerlərə ehtiyac olmayacaq. Mən bunu xüsusi qeyd etmək istəyirəm ki, bundan sonra Bakı şəhərində və digər böyük şəhərlərdə boş yerlərin ayrılmasına çox ciddi nəzarət ediləcək.
Əgər sahibkarlar yaşayış binası tikmək istəyirlərsə, getsinlər vətəndaşların razılığını alsınlar, onların bütün məsələlərini həll etsinlər, kompensasiya ödəsinlər, yaxuddakı kirayə vəsaiti versinlər və o yerlərdə şəhər planına uyğun şəkildə, bütün memarlıq normalarına riayət etməklə binalar tiksinlər. Bax, yanaşma belə olmalıdır və çox ciddi nəzarət olmalıdır. Müvafiq göstərişlər, qərarlar verilmişdir.
Biz keçən ay "Ağ şəhər” layihəsinin beş illiyini qeyd etmişik. Beş il ərzində şəhər içində şəhər yaratmışıq. Dağılmış, neftlə çirklənmiş "Qara şəhər” ərazisində indi ekoloji təmiz, müasir layihə artıq icra edilir. Onun bir hissəsi artıq icra edilib. Növbəti mərhələdə "Ağ şəhər” ərazisində əlavə 60 yaşayış binası da tikiləcək.
Beləliklə, mən üç layihəni qeyd etdim. Üç layihə çərçivəsində şəhərimizdə hündürmərtəbəli 150 yaşayış binası tikiləcək. Bundan əlavə, indi onlarla tikinti meydançasında işlər gedir. Beləliklə, biz inşaat sektorunu canlandıracağıq. Bu, bizə nə verəcək? İlk növbədə, mənzil fondu yeniləşir. Digər tərəfdən, şəhər daxmalardan, "naxolstroy” adlandırılan qanunsuz binalardan təmizlənəcək. Şəhərin görkəmi daha da yaxşılaşacaq. Tikinti materialları sektoru canlanacaq. Biz artıq böyük bir sənaye sahəsini yaratmışıq. İnşaat materiallarının bir çoxu Azərbaycanda istehsal olunur. Yəni, burada yerli materiallardan söhbət gedir. İdxaldan asılılıq böyük dərəcədə azalıb. Bu, tikinti materialları sektorunun da inkişafına xidmət göstərəcək. Təkcə sadaladığım layihələrin icrası nəticəsində minlərlə, on minlərlə yeni iş yeri yaradılacaq. Biz bilirik ki, keçən il bir neçə min iş yeri ixtisar olunub, xüsusilə inşaat sektorunda. Qeyd etdiyim kimi, inşaat sektorunda tənəzzül olmuşdur. Ona görə, biz bir neçə hədəfi güdmüş oluruq və şəhərimizin gözəlləşməsi, abadlaşması prosesi daha da sürətlə gedəcək. Bakı şəhəri indi dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu hamı etiraf edir. Mən istəyirəm ki, Bakının hər bir guşəsi, hər bir yeri, hər bir mikrorayonu şəhərin mərkəzində olan mənzərəyə uyğun olsun və biz buna nail olacağıq.
Digər inşaat layihələrinin icrası nəzərdə tutulur. Xüsusilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının arxasındakı ərazidə təmizlik, köçürmə işlərinin birinci mərhələsi başa çatıb. O yerlərdə yaşayış binaları tikilməyəcək. O yerlərdə ictimai yerlər yaradılacaq. Yeni yol infrastrukturu yaradılacaq. Bu il ərzində artıq təsdiqlənmiş layihə tam icra edilməlidir.
Biz yeni, böyük bir ictimai parkı şəhər sakinlərinə hədiyyə edəcəyik. Həmçinin ən müasir, geniş yol infrastrukturu da yaradılacaq. Eyni zamanda, bizim tarixi, dini abidəmiz olan Təzəpir məscidinin mənzərəsi tam fərqli olacaq. Təzəpir məscidinin qabağında böyük park yaradılacaq, ətrafı abadlaşdırılacaq. Beləliklə, həm məscidə giriş asanlaşacaq, eyni zamanda, kənardan da baxanda bizim tarixi, dini abidəmizin əzəməti daha da gözəl görünəcək.
İnşaat sektorunun inkişafı bütün bölgələrdə də nəzərdə tutulmalıdır. Bölgələrdə, şəhərlərdə hündürmərtəbəli binaların, sənaye zonalarının tikintisi prosesi getməlidir. Həm dövlət öz dəstəyini göstərəcək, həm də təbii ki, özəl sektor da burada fəal olmalıdır. Bununla bərabər, mən xüsusilə sahibkarlara müraciət edirəm, bax, dediyim layihələr çərçivəsində çox böyük işlər görüləcək. Ona görə, biz özümüzü hələ ki, hansı inşaat materialları ilə təmin edə bilmirik o sahələr yaradılmalıdır. İndi bizim İqtisadiyyat Nazirliyimizdə bütün məlumatlar var. Biz bir çox növlər üzrə inşaat materialları ilə özümüzü təmin edirik, bəzi malları idxal edirik. Bax, o malların istehsalı Azərbaycanda qurulmalıdır, həm idxaldan asılılıq azalacaq, həm də ki, özəl sektor, iş adamları buradan mənfəət götürəcəklər.
Bu il Azərbaycanda makroiqtisadi sabitlik təmin edilməlidir, inflyasiya birrəqəmli olmalıdır. Hesab edirəm ki, biz buna nail olacağıq. Makroiqtisadi sabitlik hər bir ölkənin iqtisadi dayanıqlılığı üçün əsas şərtlərdən biridir.
Mən giriş sözümdə qeyd etdim, baxmayaraq ki, neftin qiyməti kəskin şəkildə aşağı düşdü, biz valyuta ehtiyatlarımızı, xüsusilə Neft Fondunun ehtiyatlarını qoruya bilmişik. Bu il də valyuta ehtiyatlarımızı qorumalıyıq və əminəm ki, biz valyuta ehtiyatlarımızın artımına da nail olacağıq.
Keçən il bank sektorunun sağlamlaşdırılması istiqamətində önəmli addımlar atılmışdır, nəzarət gücləndirilmişdir, şəffaflıqla bağlı tədbirlər görülmüşdür, cəza tədbirləri, inzibati tədbirlər görülmüşdür. Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olmuşdur. Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq.
Mən qeyd etdim ki, baxmayaraq, 2016-cı il ağır il olmuşdur, qeyri-neft sənaye istehsalı artmışdır. Bu il sənaye potensialının inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Bizim artıq bir neçə sənaye parkımız var. Onların sırasında Sumqayıtdakı iki parkın fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm – Texnologiyalar Parkı və Kimya Sənaye Parkı. Sumqayıt Kimya Sənaye Parkında böyük müəssisələrin yaradılması prosesi davam edir. Oraya qoyulan investisiyaların həcmi bir milyard dolları ötüb. Keçən il Mingəçevir Sənaye Parkının təməli qoyuldu. Hesab edirəm ki, gələn aydan etibarən burada artıq bütün inşaat işləri də başlanmalıdır. Mingəçevir Sənaye Parkında – o, yüngül sənayeyönümlüdür, – birinci mərhələdə doqquz müasir fabrik tikiləcək və minlərlə iş yeri yaradılacaq.
Keçən il Pirallahıda dərman preparatlarının istehsalı ilə bağlı təməlqoyma mərasimi keçirilmişdir. Pirallahı adasında həm yeni sənaye zonası, həm də turizm infrastrukturu yaradılır. Əminəm ki, bu il bu istiqamətdə ciddi addımlar atılacaq. Neftçala sənaye zonasının inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. İranlı tərəfdaşlarımızla birlikdə avtomobil istehsalı zavodunun təməli qoyuldu. Digər bir neçə zavodun tikintisi nəzərdə tutulur. Balaxanı Sənaye Parkında yaxşı işlər gedir. Masallı şəhərində sənaye zonası üçün yer ayrılıb və indi infrastruktur işləri gedir. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, hər bir şəhərdə xüsusi sənaye sahəsi, sənaye parkı, zonası yaradılmalıdır. Artıq bu proses başlayır və digər şəhərlərdə də yerli icra orqanları, sahibkarlar əlbəttə ki, dövlətin dəstəyi ilə bu işləri görməlidirlər.
Keçən il kənd təsərrüfatının inkişafında uğurlu il olmuşdur. Biz artıma nail ola bildik. Bu il bu artım hesab edirəm ki, daha da böyük rəqəmlərlə ölçülməlidir. Kənd təsərrüfatı ilə bağlı bir neçə əsas istiqaməti qeyd etmək istərdim. Mən çox şadam ki, biz ilk növbədə Azərbaycanda uzun illər ərzində tənəzzülə uğrayan pambıqçılığı bərpa edə bilmişik. Artıq bərpa prosesi başlayıb. Biz pambıqçılığın şöhrətini qaytarırıq. Keçən il bir qədər gecikməyimizə baxmayaraq, biz yaxşı nəticələr əldə etdik. Əgər 2015-ci illə müqayisə etsək, – 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdir, – görərik ki, 2016-cı ildə artıq 51 min hektarda pambıq əkilmişdir. Əgər 2015-ci ildə 35 min ton pambıq tədarük olunubsa, keçən il təxminən 90 min tona yaxın pambıq tədarük edilib. Bu il üçün bizim böyük planlarımız var. Bu planlar bu yaxınlarda qəbul ediləcək Dövlət İnvestisiya Proqramında da öz əksini tapacaq. Biz bu il pambıq sahələrini yenə də artırmalıyıq. Əgər keçən il 51 min hektarda pambıq əkilibsə, bu il ən azı 120 min hektarda pambıq əkilməlidir. Yəni, bu, real rəqəmdir, bir qədər az, bir qədər çox ola bilər, amma biz işimizi təxminən bu rəqəmlər ətrafında qurmalıyıq. Bütün lazımi tədbirlər görülüb, keçən il texnikalar alınıb, bu il də alınacaq. Lazımi aqrotexniki tədbirlər görülür. Yeni torpaq sahələrinə suyun verilməsi təmin edilir. Burada həm Prezident Administrasiyası, yerli icra orqanları, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Meliorasiya və digər qurumlar fəal işləyiblər. Biz bu il daha da yaxşı nəticələr gözləyirik. Ancaq bu il icra ediləcək bu layihə çərçivəsində 200 minə yaxın insan işə cəlb ediləcək. Biz subsidiyaları da, pambıq tarlalarında işləyənlərin tariflərini də qaldırmışıq və məşğulluğu da təmin edəcəyik. Qeyd etməliyəm ki, hazırda 27 rayonda pambıqçılıq inkişaf edir və biz bu il təxminən 200 min ton, ondan da çox pambıq tədarükünü gözləyirik.
Keçən il baramaçılıqla bağlı çox ciddi addımlar atılmışdır. Mən burada da bir neçə rəqəmi qeyd etmək istərdim. Əfsuslar olsun ki, bu sahə də tamamilə yaddan çıxmışdır. Əfsuslar olsun ki, əvvəlki illərdə tut bağlarının böyük hissəsi kəsilmişdir, dağıdılmışdır. İndi biz bunu bərpa edirik. 2015-ci ildə 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdir, təkcə bir rayonda, Şəki rayonunda. 2016-cı ildə görülmüş tədbirlər nəticəsində bu rəqəm 70 tona çatıb. Bu il barama tədarükü keçən ilə nisbətən ən azı iki dəfə artmalıdır. Keçən il 1 milyon 700 min tut tingi əkilmişdir. Bölgələrdə bu sahəyə çox böyük maraq var. 30-40 gün ərzində insanlar yaxşı pul qazanırlar. Hazırda 37 rayonda baramaçılıq inkişaf edir. Əgər 2015-ci ildə bir rayonda idisə, hazırda 37 rayondadır və əlbəttə ki, bu coğrafiya da genişlənməlidir. Bax, əkilən bu tinglərin nəticəsində biz 2019-cu ildə 1300 ton barama istehsalını gözləyirik. Biz Şəki ipək kombinatının tam gücü ilə işləməsini də təmin edəcəyik.
Bizə kənd təsərrüfatı məhsulları arasında ən çox valyuta gətirən fındıqçılıqdır və xurma bağlarından əldə edilən məhsulun ixracıdır. Ona görə, biz bu iki istiqamətə də çox ciddi fikir vermişik. Keçən il 13 min hektarda fındıq bağları salınmışdır. Müqayisə üçün deyə bilərəm ki, bizim ümumi fındıq bağlarının sahəsi təxminən 30 min hektara yaxındır. Yəni, onun üçdəbir hissəsindən çoxunu biz bir il ərzində salmışıq və bu proses davam edir. Qarşıya məqsəd qoyulub ki, 2016-cı ildən başlayaraq bir neçə il ərzində biz əlavə 40 min hektarda fındıq bağları salaq və bu proses gedir. Bu, fermerlərin də böyük marağına səbəb olub. Bu, yaxşı gəlir mənbəyi olacaqdır. Burada da dövlət öz üzərinə böyük vəzifə götürüb. Çünki bütün bu lazımi avadanlıq, texniki tədbirlər və tinglərin alınması dövlət hesabına həyata keçirilir. Dövlət bunu alır və fermerlərə pulsuz verir. Bax, dövlətin bir daha demək istəyirəm ki, siyasəti özünü bu istiqamətdə də göstərir. Biz fındıqçılığın coğrafiyasını da genişləndiririk və hazırda 13 rayonda bu sahədə işlər gedir.
Valyuta gətirən ixrac məhsullarından biri olan badam Azərbaycanda əfsuslar ki, çox az istehsal edilir. Biz hətta özümüzü bu məhsulla təmin edə bilmirik. Cəmi 1000 hektar badam bağlarımız var. Onların da böyük əksəriyyəti Naxçıvan Muxtar Respublikasındadır. Halbuki Abşeron yarımadasında, Bakıətrafı qəsəbələrdə və digər bölgələrdə badamçılıq üçün çox münbit təbii iqlim var. Ona görə, bu istiqamətdə də işlər görülməlidir, lazımi tədbirlər görülür, göstərişlər verilib, bax, bu sahə də inkişaf edəcək.
Zeytunçuluq. Əfsuslar olsun ki, biz özümüzü zeytunla təmin edə bilmirik. Yeni zeytun massivləri, plantasiyaları salınacaq və yığım tam təmin edilməlidir. Bəzi hallarda zeytun ya ağaclarda qalıb çürüyür, ya da yerə tökülüb zay olur. Burada da bütün işlər tənzimlənməlidir. Biz nəinki özümüzü tam təmin etməliyik, hətta böyük ixrac potensialımız da yaradılmalıdır.
Tütünçülüklə bağlı tədbirlər görülür. Artıq biz quru tütünü ixrac etmək üçün müvafiq danışıqlar aparmışıq və razılaşmalar əldə edilibdir. Keçən il 3500 ton quru tütün tədarük edilib. Bizim məqsədimiz birinci mərhələdə onu 3 dəfə artırmaqdır. Yəni, Azərbaycanda 10 min ton quru tütün istehsal olunmalıdır, oluna bilər. Sovet vaxtında 50-60 min ton quru tütün istehsal olunurdu. Bunun ərazisi də bəllidir və həmin torpaqdır. Sadəcə olaraq, fermerlərə kömək etmək lazımdır. Bu köməyi edirik və ondan sonra biz bunun ixracını da təmin etməliyik. Yeni ixrac bazarlarının axtarılması ilə bağlı çox ciddi addımlar atılır. Bu da valyuta gətirən sahədir.
Nar, xurma bağlarının genişləndirilməsi istiqamətində işlər gedir. Üzümçülüklə bağlı hesab edirəm ki, daha da ciddi işlər aparılmalıdır və mənim tərəfimdən müvafiq göstərişlər verilib. Burada da həm yeni üzüm bağlarının salınması, eyni zamanda, şərab zavodlarının səmərəli fəaliyyəti, keyfiyyətin artırılması vahid bir kompleks yaratmalıdır.
Mən statistika ilə maraqlandım. Azərbaycanda il ərzində 20 milyon butulka şərab istehsal olunur. İxrac isə çox azdır. Bizim sahibkarlar şərab ixracından cəmi 2-3 milyon dollar pul əldə edirlər. Ona görə, Azərbaycan şərabını dünya bazarlarına çıxarmaq üçün çox ciddi addımlar atılıb. Biz bir neçə beynəlxalq sərgidə iştirak etmişik, kontraktlar bağlanıbdır. Dost, tərəfdaş ölkələrlə biz birbaşa bu danışıqları aparırıq ki, onlar öz bazarlarında bizim şərabımız üçün kvota ayırsınlar, biz öz şərabımızı ixrac edə bilək. Sahibkarlar da burada daha da fəal olmalıdırlar, onların marağındadır. Amma bizdə şərabçılıqla bağlı olan bu vəziyyət ciddi təhlil edilməlidir, həm iqtisadi qurumlar, həm Vergilər Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən. Çünki burada çox qəribə bir mənzərə üzə çıxır. Bizim mövcud şərab zavodlarımızın illik istehsal gücü 100 milyon butulkadır. Bu zavodların böyük əksəriyyəti son illər ərzində tikilib, oraya böyük vəsait də qoyulub və müasir avadanlıq quraşdırılıb. Necə ola bilər ki, 100 milyon butulka istehsal gücü olan zavodlarda cəmi 20 milyon butulka şərab istehsal olunur. Ya bu pulu qoyan sahibkar pulunun qədrini bilmir, ya da ki, orada istehsal daha da böyükdür, o qeydiyyata düşmür. Necə deyərlər, orada qanunsuz istehsal baş verir. Ona görə, bu məsələ ciddi araşdırılmalıdır və qeyd etdiyim kimi, bütün müvafiq qurumlar mənə arayış hazırlasınlar və bu sahədə də qayda-qanun yaradılmalıdır. Bu, böyük gəlir gətirə biləcək bir sahədir. Vaxtilə Ulu Öndərin dövründə, 1970-ci illərdə 2 milyon ton üzüm yığılırdı. Kəndlilər böyük vəsait əldə etmişdilər. Əfsuslar olsun ki, sonra həm sovet rəhbərliyi, həm də ki, sovet rəhbərliyinin xoşuna gəlmək istəyən yerli rəhbərlər üzüm bağlarının bir hissəsini qırmışlar. Ancaq biz indi bərpa edirik. Bərpa edərkən biz gərək bütün zənciri nəzərə alaq, yoxsa üzüm bağlarını salacağıq, sonra hara satacağıq, harada emal olunacaq, harada satılacaq? Bax, bu vahid kompleks tədbirlər görülməlidir və burada aydınlıq olmalıdır.
Biz çayçılığı da bərpa edirik. İndi yüzlərlə hektar çay bağları salınıb, çayçılıqla bağlı yeni texnologiyalar var və bu da cənub zonasının iqtisadi inkişafını təmin edəcək. Biz özümüzü keyfiyyətli çayla təmin etməliyik və xaricə də Azərbaycanda yetişdirilən çay ixrac etməliyik. Çünki hazırda biz daha çox xaricdən gətirilən çayı burada paketləyib ixrac edirik. O da yaxşıdır. Hər halda çayı idxal etməkdən daha yaxşıdır. Ancaq çalışmalıyıq ki, bizim emal müəssisələri yerli məhsul əsasında fəaliyyət göstərsin və bu, təkcə çayçılığa aid deyil. Biz çalışmalıyıq ki, Azərbaycanda məhsullar yerli xammal əsasında istehsal olunsun və ixrac edilsin. Bax, məqsəd bundan ibarətdir.
Keçən il heyvandarlıqla bağlı ciddi addımlar atılıb. İndi yeni layihələr icra edilir. Biz bundan sonra heyvandarlığı ancaq qapalı şəraitdə inkişaf etdirməliyik. Bu, daha səmərəlidir və eyni zamanda, bizə imkan verəcək ki, bu gün səmərəsiz istifadə olunan örüş torpaqlarından səmərəli şəkildə istifadə edək. Onların təyinatı dəyişdirilməlidir. İndi harada mümkündür işlər gedir və biz onları da əkinə cəlb etməliyik.
Bir sözlə, kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Ona görə, mən bu sahəyə bu gün də ümumiyyətlə çox böyük diqqət ayırıram. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm ixracdır. Biz ixracı şaxələndirməliyik və ilk növbədə kənd təsərrüfatı məhsulları hesabına. Biz realist olmalıyıq. Biz indi texnologiya ixrac edə bilmirik və edə bilmərik, vaxt lazımdır. Biz istədiyimiz səviyyədə maşın, mexanizm ixrac edə bilmirik. Heç özümüzü də təmin edə bilmirik. Biz nəyi ixrac edə biliriksə, diqqətimizi o real sektora yönəltməliyik. Burada kənd təsərrüfatı, emal sahəsi əlbəttə ki, ən böyük potensiala malikdir. Torpaqlardan səmərəli istifadə etməliyik və ixracımızı şaxələndirməliyik. Hesab edirəm ki, biz görüləcək tədbirlər sayəsində kənd təsərrüfatı məhsulları ixracını iki dəfə artıra bilərik. Bu, ölkəmizə daha çox valyuta, kənddə yaşayanlara isə əlavə vəsait gətirəcək.
Əlbəttə ki, bütün bu işləri görmək üçün infrastruktur olmalıdır və son illərdə bu istiqamətdə çox böyük addımlar atılmışdır. Qeyd etməliyəm ki, elektrik enerjisi ilə bağlı addımlar atılır. Qazlaşdırma Azərbaycanda 92 faizə çatıb. Düzdür, hələ ki, mindən çox kənddə qaz yoxdur. Onu da biz bilməliyik. Bu proses – kəndlərin qazlaşdırılması prosesi gedir, bu il də, gələn illərdə də gedəcək. Ancaq, ümumiyyətlə, ölkəmizdə qazlaşdırılmanın səviyyəsi 92 faizə çatıb. Bu da hesab edirəm ki, çox gözəl göstəricidir.
Kənd yollarının tikintisi keçən il də uğurla aparılmışdır. Bu il 40 layihənin həyata keçirilməsi nəzərdə tutulur. Yəni, 40 layihə, ən azı 40 kənd yolu layihəsi, – əlbəttə ki, kəndlərin sayı daha da çox olacaq, çünki hər bir layihə bir neçə kəndi birləşdirir, – ən azı 40 layihə bu il icra ediləcək və lazımi səviyyədə vəsait də bu məqsədlər üçün ayrılacaq. Bu, həm insanların rahatlığı deməkdir, həm də kənd təsərrüfatının inkişafı üçün lazımdır.
İçməli su layihələrinin icrası bu il də davam edəcək. Artıq bir çox şəhərlərimizdə içməli su layihələri başa çatıb.
Hərbi potensialımızın gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək. Büdcədə kifayət qədər vəsait ayrılıb. Hərbi xərclər bizim büdcə xərcləri arasında birinci yerdədir. Bu, belə də olmalıdır. Biz müharibə şəraitində yaşayırıq. Bütün böhranlara, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, biz ordumuzu ən müasir silah-sursat, texnika ilə təmin edirik. Keçən il çox önəmli addımlar atılmışdır. Ən müasir silahlar ölkəmizə gətirilmişdir və bu il də bu proses davam edəcək. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, həm döyüş qabiliyyəti, həm təminat-təchizat baxımından. Bizim yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarımız var. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib. Lazım olan vaxtda, lazım olan yerdə onlar nümayiş etdiriləcək.
Sosial infrastrukturun yaradılması bu il davam etməlidir. Mən qeyd etdim ki, keçən il 500-dən çox məktəb tikilib, təmir edilib. Bizim məqsədimiz ondan ibarətdir ki, 2017-2018-ci illərdə Azərbaycanda bir dənə də olsun qəzalı vəziyyətdə məktəb qalmasın. Bax, qarşıya belə məqsəd qoyulub. Bu layihələri biz iki ilə bölürük, bu il və gələn il. Vəsait nəzərdə tutulur. Təhsil Nazirliyi yeni layihələr təqdim edib. Xüsusilə ucqar kəndlərdə bütün müasir avadanlıqla təmin edilən və tezliklə istifadəyə verilə bilən modul tipli məktəblərin tikintisi getməlidir. Səhiyyə ocaqları da həmçinin. Biz demək olar ki, bütün şəhərlərdə ən müasir xəstəxanaları tikmişik, yaxud da ki, əsaslı təmir etmişik. Harada lazımdırsa, yenə də bu işlər davam etdiriləcək.
Ekoloji tədbirlər bu il də aparılmalıdır. Çirklənmiş ərazilər təmizlənməlidir. Modul tipli sutəmizləyici qurğular yaradılmalıdır. Yüzlərlə kənddə bu qurğular quraşdırılıb və bu proses davam etdirilməlidir.
Son bir neçə il ərzində ölkəmizdə ağacəkmə kampaniyası çox geniş vüsət almışdır. Bu il də bu işlər aparılmalıdır. Ancaq hesab edirəm ki, bundan sonra daha çox dekorativ ağaclar yox, yəni, barverən ağaclar əkilməlidir. Ona görə bütün rayonlarda da iqlimə uyğun şəkildə ağacəkmə prosesi davam edəcək. Ancaq bunun həm iqlimə, ekologiyaya, həm də ki, iqtisadiyyata müsbət təsiri olmalıdır. Ona görə müvafiq tədbirlər görülməlidir, tinglər tədarük edilməlidir. Yaxud da harada ki, çatışmır xaricdən gətirilməlidir, bu işlərə vəsait ayrılmalıdır.
Mən hesab edirəm ki, 2017-ci il turizmlə bağlı daha da uğurlu olacaq. Baxmayaraq ki, bu il turistlərın sayı 11 faiz artıb. Ancaq görülən tədbirlər nəticəsində əminəm ki, bu il daha da çox turist gələcək. Burada əlbəttə ki, bir neçə amil var. İlk növbədə ölkəmizə gəlmək üçün indi heç bir problem yoxdur. Bütün süni əngəllər aradan götürüldü və burada məruzə edildi. "ASAN Viza” və digər xidmətlər vasitəsilə turistlər Azərbaycana maneəsiz gələcək. Bu, ölkə iqtisadiyyatına çox böyük dəstək olacaq. Həm Bakıda, həm bölgələrdə böyük canlanma olacaqdır. Bizim turizm infrastrukturu da buna hazır olmalıdır. Yenə də sahibkarlar, bax, bu amili nəzərə alsınlar. İkiulduzlu, üçulduzlu otellərin tikintisinə daha çox fikir verilməldir. Çünki bu gün turistlər hara gedir? Harada ki, təhlükəsizlik, əmin-amanlıq, xaricilərə xoş münasibət, gözəl mənzərə, tarixi abidələr, yaxşı xidmət, yaxşı otellər var. Bunların hamısı bizdə var. Bəziləri bizə tarixdən qalıb, bəzilərini biz özümüz yaratmışıq. Ona görə Azərbaycanı dünyada daha çox tanıyırlar. Bizim keçirdiyimiz beynəlxalq tədbirlərin məqsədi budur. Biz ildə bir neçə mötəbər beynəlxalq tədbir keçiririk. Qlobal forumlar, humanitar forumlar, mədəniyyətlərarası dialoq forumları, iqtisadi forumlar, idman yarışlarını keçiririk, Avropa Oyunları, "Eurovision”, Formula-1 ki, 500 milyon auditoriyası var. İndi Formula-1 kimi bizim turizm potensialına dəstək verən ikinci beynəlxalq tədbir ola bilməz. Çünki ikinci belə beynəlxalq tədbir ancaq Yay Olimpiya Oyunları ola bilər. Amma Yay Olimpiya Oyunları bir dəfə keçirilir. Özü də o qədər böyük – milyardlarla vəsait tələb edir. Ancaq Formula-1 hər il keçirilir. Artıq bütün infrastruktur var. Əlbəttə ki, turizmin inkişafı bundan sonra da sürətlə getməlidir.
"ASAN xidmət”lə bağlı burada məruzədə planlar haqqında deyildi. Qeyd etməliyəm ki, biz coğrafiyanı bundan sonra da genişləndirəcəyik və "ASAN xidmət”in funksiyalarını da genişləndirəcəyik. Çünki o, öz səmərəliliyini artıq göstərib. Vətəndaşlar tərəfindən də çox yüksək qiymətləndirilir. Ona görə hər bir dövlət qurumunda və ictimai sahədə şəffaflıq "ASAN xidmət”dəki kimi olmalıdır.
Bu il biz "Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı çox böyük işlər görəcəyik. Bu il həlledici il olacaq. Bu nəhəng layihəni maliyyələşdirmək üçün bizim kifayət qədər öz vəsaitimiz var. Beynəlxalq maliyyə qurumları da bu layihəyə vəsait ayırırlar. Ona görə yox ki, bizə belə xüsusi xoş münasibət bəsləyirlər. Ona görə ki, bu, səmərəli layihədir. İndi beynəlxalq maliyyə qurumları elə layihələri axtarırlar ki, o layihələr pul gətirsin. Bax, "Cənub Qaz Dəhlizi” o layihələrdəndir. Bu layihə həm iqtisadi cəhətdən çox səmərəlidir, həm də ki, enerji təhlükəsizliyi baxımından bir çox ölkələrin maraqlarını təmin edəcək, ilk növbədə Azərbaycanın. Ona görə, əgər kimsə düşünürsə ki, bu layihənin icrası ilə bağlı bizdə problem olacaq, o, səhv edir. Mən nəyə görə bunu deyirəm? Çünki bilirəm ki, bəzi siyasi dairələr neftin qiymətinin düşməsi ilə bağlı yaranmış vəziyyətdən istifadə edərək deyirlər ki, Azərbaycanın indi pulu azalıb, Azərbaycan indi ağır, çətin vəziyyətə düşüb, "Cənub” qaz dəhlizini maliyyələşdirmək üçün pulu yoxdur, ona görə, gəlin Azərbaycana təzyiq edək, öz tələblərimizi qoyaq, öz maraqlarımızı təmin edək ki, o şərtlə biz Azərbaycana kredit verə bilərik. Bax, bu, keçən il ərzində müşahidə edilən mənzərə idi, çox ucuz, necə deyərlər, çox ləyaqətsiz hərəkətlər idi.
İlk növbədə, heç bir kənar qüvvə bizi istəmədiyimiz layihəyə cəlb edə bilməz, bu, birincisi. Bizim üçün əsas dövlətimizin, xalqımızın maraqlarıdır. İkincisi, heç kim bizə heç nəyi diktə edə bilməz. Bunu yaxın tarix artıq göstərib, bütün bu səylər əbəsdir. Bizi bu vəziyyətlə şantaj etmək istəyənlər, sadəcə olaraq, özlərinə hörmət etmirlər və onlara olan-qalan, azalan inamı da tamamilə aradan götürürlər. Biz "Cənub Qaz Dəhlizi”ni də, bütün başqa layihələri də icra edəcəyik. Yenə də deyirəm, bu layihənin icrası bizə də, Avropaya da lazımdır. Bu layihənin icrası nəticəsində onların enerji təhlükəsizliyi təmin ediləcək. Ona görə, belə ucuz şantaj hərəkətləri yersizdir. Ancaq onu da qeyd etməliyəm ki, biz təkcə Avropa maliyyə qurumları ilə işləmirik, biz Asiya maliyyə qurumları ilə də işləyirik və daha da səmərəli işləyirik, daha asan yolla vəsait əldə edirik. Misal üçün, Asiya İnkişaf Bankı bu layihəyə böyük vəsait ayırır, özü də qısa müddət ərzində. Asiya İnfrastruktur Bankı da – biz özümüz də bu bankın təsisçisiyik, qısa müddət ərzində böyük vəsait ayırıb. Bu qaz Asiyaya getməyəcək, Avropaya gedəcək, ancaq vəsaiti biz Asiyadan alırıq. Ona görə, əgər kimsə düşünürsə ki, biz indi çətin, çıxılmaz vəziyyətdəyik və bizim qarşımızda hansısa əsassız tələb qoyula bilər, tamamilə yanlış yanaşmadır. Heç kim bizim qarşımızda heç bir tələb qoya bilməz. İstəyirlər əməkdaşlıq etsinlər, istəmirlərsə bizə də lazım deyil. "Cənub” qaz dəhlizini biz icra edəcəyik və vaxtında.
Nəqliyyat sahəsində görüləcək əsas işlərlə bağlı bir neçə kəlmə demək istəyirəm. Bilirsiniz ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı Azərbaycanın üzərinə düşən vəzifə yerinə yetirildi. Biz bütün məsələləri həll etdik. Ümid edirik ki, bu il artıq bu layihə icra ediləcək. Bizdən nə asılı idisə hər şeyi etmişik, həm investisiyaları qoymuşuq, kreditlər vermişik, 700 milyondan çox. Yəni, nə lazımdırsa etmişik və gözləyirik ki, bu layihə tamamlansın. Bununla bərabər, Şimal-Cənub layihəsi ilə bağlı da bir il ərzində bizim üzərimizə düşən bütün vəzifələri icra etdik. Nəyi demişiksə, onu da etmişik. İran sərhədinə qədər dəmir yolunu uzatdıq, körpünü tikdik, əlavə tədbirlər görüldü. Bu il bu layihənin maliyyələşməsində də iştirak etməyə hazırıq və bunu bildirmişik. İndi danışıqlar gedir ki, hansı formada Azərbaycan öz maliyyə resurslarını bu layihənin tam icrası üçün səfərbər edə bilər. Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsinin tikintisi bu il başa çatmalıdır. Həm bütün infrastruktur, tikinti işləri, o cümlədən avadanlıq, bütün bu tədbirlər dövlət investisiya proqramında nəzərdə tutulur və icra ediləcək. Sadəcə olaraq, bu layihənin podratçıları da öz məsuliyyətini dərk etməlidirlər. İl ərzində bu məsələ ilə bağlı mənim böyük iradlarım olub, hökumət üzvləri bunu bilir. Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılmışdır, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə, əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə, bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda özlərindən küssünlər.
Biz "Multikulturalizm ili”ni uğurla keçirdik. Azərbaycan bir daha dünyaya göstərdi ki, multikulturalizm, onun ideyaları yaşayır və yaşamalıdır. Azərbaycan kimi ölkələrin sayı getdikcə artmalıdır. Keçən il və ondan əvvəlki illərdə multikulturalizmlə bağlı bədbin fikirlər səslənib. Əfsuslar olsun ki, bəzi dünya səviyyəli siyasətçilər də özlərinə rəva bilib multikulturalizmlə bağlı çox təhlükəli ifadələr işlətmişlər. Ümid edirəm ki, bu sahədə də müsbətə doğru dönüş yaranacaq və beynəlxalq ictimaiyyət daha dərindən dərk edəcək ki, dünyanın multikulturalizmdən başqa yolu yoxdur. Azərbaycan öz tərəfindən bu istiqamətdə əlbəttə ki, səylərini davam etdirəcək.
Bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu da çox önəmli beynəlxalq tədbirdir, bütün müsəlman aləminin həmrəylik oyunlarına biz ev sahibliyi edəcəyik. Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını keçirmişdir. Yəni, bir ölkədə, bir şəhə