“Qaçqınkom” Cocuq Mərcanlıya getməyin şərtlərini açıqladı

14-02-2017, 09:32           

Prezident İlham Əliyevin yanvarın 24-də “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamının ardından artıq bu əraziyə səfərlər başlayıb. Bir sıra xarici jurnalistlərin və diplomatik korpus təmsilçilərinin Cocuq Mərcanlıya səfəri olub. Cocuq Mərcanlıya getmək istəyən Azərbaycan vətəndaşlarının sayı isə daha çoxdur.


Lakin insanlar oraya getmək üçün müvafiq dövlət qurumundan razılıq almalıdır. Bəs həmin qurum hansıdır?


Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirdi ki, kəndə qayıtmaq üçün artıq 200 nəfər ərizə ilə müraciət edib və onların sayı artır. Cocuq Mərcanlı sakini olmayan, lakin işğaldan azad edilmiş bu kəndə bir günlük getmək istəyində olan xeyli insan. Komitə rəsminin sözlərinə görə, Cocuq Mərcanlıda hazırda Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyi (ANAMA) iş aparır. Erməni işğalı altında olmuş ərazidə mina, partlamamış sursatlarların axtarışı işləri aparılır. Ona görə də nə qədər ki, ANAMA həmin vacib işlərini yekunlaşdırmayıb, Cocuq Mərcanlıya getmək istəyən vətəndaşlar həmin quruma müraciət etməlidir. ANAMA mütəxəssisləri hansı ərazilərin yoxlanıb təmizləndiyini bilirlər. Müraciət edən vətəndaşlar məhz həmin ərazilərə buraxıla bilər.

E.Qədimov onu da bildirdi ki, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin inşasını aparacaq tikinti şirkətlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib və birgə müzakirələr aparılıb. Müşavirədə Əli Həsənov bildirib ki, dövlət başçısının imzaladığı sərəncama əsasən birinci mərhələdə həmin ərazidə 50 fərdi yaşayış evinin, 96 şagird yerlik məktəb binasının və müvafiq infrastrukturun tikintisinə bugünlərdə başlanılacaq. Layihəyə uyğun olaraq ərazidə 20 ədəd 2 otaqlı, 25 ədəd 3 otaqlı, 5 ədəd 4 otaqlı mənzillər inşa ediləcək.

Ərazidə bundan əlavə, yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri də həyata keçiriləcək. Yaşayış kompleksi elektrik enerjisi, qaz, su ilə tam təchiz olunacaq. Prezident İlham Əliyevin tapşırığına əsasən növbəti mərhələdə həmin ərazidə 200 ailəlik qəsəbənin tikintisi planlaşdırılır. Əli Həsənov tikinti şirkətlərinin rəhbərlərinə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib və işlərin tikinti qaydalarına uyğun olaraq yüksək səviyyədə icra olunmasının vacibliyini bildirib.


Qeyd edək ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 1994-cü ildə uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. Keçən ilin aprel ayında erməni təxribatının qarşısını almaq məqsədilə həyata keçirilmiş uğurlu əməliyyat zamanı Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən sonra həmin ərazilərdə yaşayış üçün tam təhlükəsiz vəziyyət yaranıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.