Ziya Məmmədovun belə vaxtları da var idi - Göydən yağan dollarlar - VİDEO
15-02-2017, 18:21
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun vəzifəsindən azad olunmasından bir neçə gün keçməsinə baxmayaraq, mətbuatda onun barəsində hər gün yeni məlumatlar dərc edilir. Ziya Məmmədov vəzifəsindən azad edilməmişdən əvvəl də onun barəsindən çoxlu doğru və yalnış informasiyalar işıq üzü görürdü.
Mətbuat onu əksər hallarda nazir vəzifəsində əldə etdiyi uğurlara görə deyil, biznes, pul, var-dövlət, qohumları barəsində qalmaqallı məlumatlarla və ən nəhayət “biznes imperiyası”nın çöküşü ilə bağlı xəbərlərlə yada salıb. Məmmədovun “biznes imperiyası” olduğunu və bu “imperiya”nın əsas hissəsinin oğlu Anar Məmmədov tərəfindən idarə olunduğunu da mətbuat həmişə açıq şəkildə yazıb. Amma Məmmədovlar onlar barəsində yayılan məlumatlara əksər hallarda reaksiya verməyib. Verəndə isə birbaş məhkəməyə üz tutublar. Mətbuatla ünsiyyət qurmağı o qədər də sevməyən Məmmədovların adının dünyanın ən məşhur biznesmenləri ilə bir sırada çəkdiyi vaxtlar da olub.
Missiya.Az xəbər verir ki, Ziya Məmmədovun adı ən çox ABŞ prezidenti, böyük biznes şəbəkəsi ilə məşhurlaşan Donald Tramp və əslən azərbaycanlı milyarder Telman İsmayılovla (AST Telman) yanaşı çəkilib. Onların Trampla əlaqələri çox yaxın vaxtlara qədər davam etdiyi üçün təkrar etməyə dəyməz. Amma AST Telman və Ziya Məmmədov dostluğu dərin olsa da, onların barəsində çox az informasiya yayılır. Biznesmen və sabiq nazirlə bağlı ən böyük müzkirələr AST Telmanla şənlikdə rəqs etməsindən sonra başlayıb. Məmmədovun “vurulmuş” nazir titulunu qazanmamışdan xeyli əvvəl AST Telmanın təşkil etdiyi şənlikdə rəqs edərkən çəkilmiş görüntüləri aylarla mətbuatın müzakirə mövzusuna çevirilmişdi. Videoda rəqs zamanı Ziya Məmmədov və Telman İsmayılovun başının üzərində dollarların uçduğu görünür. Həmin vaxt Məmmədov başına düşən dollarlardan birini əli ilə sərt şəkildə yerə salır.
Qeyd edək ki, görüntülər 2010-cu ildə çəkilib. Keçmişə nəzər saldıqda görərik ki, Ziya Məmmədov yuxarıda göstərilən tarixdə nazir kimi ən parlaq dövrlərini yaşayırdı. Həmin illərdə Məmmədov hava, şəhərdaxili, dəmir yolu nəqliyyatı ilə bərabər ölkənin ən böyük biznes şəbəkəsinə sahib idi. Həmin vaxt neftdən gələn gəlirlərdən ən çox pay alan nazirlərdən biri Ziya Məmmədov olub. Çünki o illərdə Azərbaycan büdcəsindən ölkənin nəqliyyat infrastrukturunun qurulmasına milyonlarla dollar pul ayrılırdı. O pulların hamısının aidiyyətı üzrə xərcləndiyini desək, bizə gülərsiz. Ona görə də sabiq nazirin başına dəyən dollara sərt “münasibəti” qeyri-adi görünmürdü.
Amma bir neçə il keçdikdən sonra Məmmədovlar barədə ancaq “Nəqliyyat nazirinin biznes imperiyası çökür”, “Ziya Məmmədovun quhumlarının obyektində yoxlama” "Ziya Məmmədovun nəzarət etdiyi bank və otellər bağlanır" və.s bu kimi xəbər başlıqları ilə daha çox rastlaşdıq. Aylar keçdikcə bu başlıqları “Ziya Məmmədovun səlahiyyətləri əlindən alınır və ya alındı”, “Ziya Məmmədov vəzifəsindən azad ediləcək”, “Ziya Məmmədov istefaya göndərilir” və.s kimi cümlələr əvəzlədi. Son aylar isə sabiq nazirin külli miqdarda borcunun olduğu və bu borcları ödəmək üçün ölkədəki əksər obyeklərini və şirkətlərini satışa çıxardığı barədə məlumatlar yayılmaqda idi. Ziya Məmmədov milyonlarla dollara ehtiyacı olduğu bir vaxtda - fevralın 13-də vəzifəsindən azad olundu. İndi bəlkə də “Youtube”də biznesmen və sabiq nazirin toydakı rəqsini əks etdirən görüntüləri izləyənlər istər-istəməz belə bir reaksiya verirlər: "Ziya Məmmədovun belə vaxtları da var idi…"
[media=https://www.youtube.com/watch?v=Un1xm8mfM6M]