Vəkildən agent olduğunu deyən NİDA-çı ilə bağlı ilginc açıqlama
16-02-2017, 09:22
Fariz Namazlı: “Həbsdən çıxan çox adama bu təkliflər edilir”; Rəşad Həsənovun xüsusi xidmət orqanları ilə əməkdaşlığının arxasında gizlənən məqamlar...
NİDA-çı Rəşad Həsənovun həbsdən çıxandan sonra Dövlət Təhlükəsizlik Xidməti (DTX) ilə əməkdaşlıq etdiyini yazması və ölkəni tərk etməsi hələ də gündəmin müzakirə olunan mövzularındandır. Hazırda R.Həsənov sosial şəbəkədəki hesabını dondurub. Buna görə onunla əlaqə yaratmaq mümkün deyil. Amma zamanında NİDA-çıların işində çıxış etmiş vəkil Fariz Namazlı musavat.com-a müsahibəsində bu istiqamətdəki bütün sualları cavablandırıb.
Öncə xatırladaq ki, F.Namazlı sosial şəbəkədəki statusunda bu məsələ ilə bağlı mövqeyini belə açıqlayıb: “Mübarizə fərdi olaraq aparılır, kimsə kimin yerinə, kimin üçünsə mübarizə etmir. Rejim fərd olaraq xoşumuza gəlmirsə, daxildə vicdan varsa, mübarizə aparırıq. Bu yolda eyni vicdanlı insanlar müəyyən məqsədlər üçün birləşə bilər. Kimsə həbsə düşürsə, başqalarının yerinə düşmür, öz amalları, əqidəsi uğrunda apardığı mübarizəyə görə düşür, hətta cəmiyyətdən bu həbslərə təpki gəlməsə belə ruhdan düşməyə dəyməz. Mən mübarizə aparıramsa, kimdənsə kömək istəmirəm, həbs olarsa belə yenə də kimsə deyə bilməz ki, kiminsə yerinə həbsə düşdüm. Yaxud kimsə bu həbslərə biganə qalırsa, onları qınamaq düzgün deyil. Hər kəs atdığı addımın nəticəsini bildiyi halda atır. Zatən hakimiyyət açıq, sivil mübarizə aparmır, şərləmə kampaniyaları çoxçeşidli olduğundan nə desən gözləmək olar. Mübarizə aparırsansa, həbsi də göz önünə almalısan, şərlənməni də. Bu, gözləri qorxutmamalıdır”.
F.Namazlı musavat.com-a müsahibəsində bildirib ki, tək NİDA-çılara deyil, əksər siyasi məhbuslara analoji təkliflər, DTX ilə əməkdaşlıq etmək təklif edirlər: “İstər cəbhəçilər olsun, istər müsavatçılar, istərsə digər şəxslərə qarşı. Daha çox siyasi təşkilat üzvlərinə belə təkliflər olur. Belə şeylər olub və demək olar ki, hamısı bu təklifdən imtina edib”.
F.Namazlı R.Həsənovun bu təklifdən imtina edə bilməməsinin səbəblərini də bilmir: “Mən bilmirəm ki, o, hansı çıxılmaz vəziyyətdə olub ki, imtina edə bilməyib. O barədə məlumatım olmadığı üçün heç nə deyə bilmərəm. Amma elə insanlar var ki, onların imtina etmək imkanı olmur. Ya onları hansısa hallarla bağlı şantaj edirlər, ya da yaxınlarının, kimlərinsə həbsi ilə qorxudurlar. Ola bilər ki, o da bu şeyləri göz altına alıb, imtina edə bilməsin. Çox adam bu təklifi çıxılmaz vəziyyətdə qaldığı üçün qəbul edib. Rəşad Həsənov da bu təklifi könüllü, xoş niyyətlə qəbul etməyib. Görünür, qarşısında hansısa maneələr və çıxılmaz durum olub ki, bunu qəbul edib. İnsanları ya ailə üzvlərinin həbs olunacağı ilə hədələyirlər, ya da fərqli şantaj metodları tətbiq edirlər. Mən Rəşad Həsənova qarşı hansı variantın tətbiq olunduğunu bilmirəm. Nəyə görə razılaşıb, mənim üçün də qaranlıqdır. Amma bilirəm ki, insan imtina edə bilər”.
Amma bu məqamda diqqət doğuran məqamlardan biri də DTX ilə əməkdaşlığın qaydaları və detallarıdır. Hüquqşünas Aslan İsmayılov AzadlıqRadiosuna açıqlamasında deyib ki, bu ənənə sovet dövründən qalıb. Onun sözlərinə görə, adamları agentliyə sövq edənlər insanların mənəviyyatına elə bir zərbə vurur ki, bunun bədəlini heç bir kompensasiya ilə ödəmək mümkün deyil.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə deyib ki, hər şey idarəetmə sistemindən asılıdır. Onun sözlərinə görə, demokratik ölkələrdə təhlükəsizlik xidmətlərinin bu cür yanaşması yoxdur. Ekspert bildirib ki, bu gün idarəetmə sistemi elə qurulub ki, xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanlarının əli ilə ictimai fəaliyyətə müdaxilə edirlər.