İnsanların həyatına müdaxilə edən xanım general fotosunun çəkilməsinə niyə qəzəbləndi...

16-02-2017, 09:25           

Kim rədd olsun - jurnalistlər, ya Natəvan Mürvətova?


Xəbər verdiyimiz kimi, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başa çatıb. Prosesdən sonra ev dustaqlığında olan Natəvan Mürvətova jurnalistlərin kameralarından yayınmaq üçün məhkəmə binasını ən sonda tərk edib.


Amma buna baxmayaraq, jurnalistlər MTN-in ilk qadın generalının fotolarını lentə alıb.


Musavat.com-un məhkəmə binası önündə olan müxbiri xəbər verib ki, xanım generalın jurnalistlərin “ittihama münasibətiniz necədir” sualına cavabı kobud olub. Vəkili və bir nəfər şəxslə avtomobilə əyləşən N.Mürvətova jurnalistlərə “rədd olun” deyərək şəklinin çəkilməməsinə çalışıb.


Bu isə jurnalistlər üçün klassik mənzərə olsa da, bir həqiqəti yenidən xatırlamağa imkan verdi. Xüsusən məhkəmə jurnalistləri üçün bilinən bir reallıqdır. Ölkənin ən qatı cinayətkarları, rüşvətxorları... belə özlərini jurnalist yanında haqlı hesab edirlər. Təsəvvür edin ki, insan qanına əli batmış birisi qələm əhlini “sən mənim həyatımı məhv etdin” deyə ittiham edə bilir. Özündə o “haqqı” tapır. Oğrusu, qulduru da eyni qaydada. Yəni günah bu cinayətləri törədənlərdən daha çox, onu işıqlandıranlarda axtarılır. İndiki halda isə ortada qəribə bir tablo var. İnsanların şəxsi həyatlarına müdaxilə edən, özəl həyatın toxunulmazlıq sərhədini vurub dağıdan adam indi məhkəmə binasının qabağından şəkillərinin çəkilməsinə etiraz edir. Özü də mədəni formada yox, kobud şəkildə, “rədd olun” deyərək. Baxmayaraq ki, zamanında insanların səs yazılarını izləyən, onların şəxsi yazışma və danışıqlarını “can qulağı” ilə dinləmiş insan daha tolerant olmalı, necə deyərlər, empati qurmağı bacarmalıdır.


Xatırladaq ki, N.Mürvətova MTN-in Əməliyyat Texniki İdarəsinin rəisi olub. 2009-cu ildə general-mayor rütbəsi verilib, 2013-cü ildə isə o, “Vətən uğrunda” medalı ilə təltif olunub.

Onun barəsində ən yaddaqalan şərhin müəllifi isə tanınmış politoloq Ərəstun Oruclu olub. Ərəstun bəy onun barəsində bunları deyib: “Vaxtilə onunla iş üzrə xeyli ünsiyyətdə olmuşdum. Bütün bu generallar arasında həmin rütbəyə yeganə layiq olan və Azərbaycanın tək general-xanımı idi. Amma çox təəssüf ki, Natəvan xanımın işi ”çirkli" iş olmaqla yanaşı, həm də onu son 30 ilin ən miqyaslı informasiya daşıyıcısına çevirmişdi. O, həm də öz işinin yüksək səviyyəli peşəkarı idi. Bu isə həm onun özü, həm də bir çox başqaları üçün təhlükəli idi. Belə də oldu. Əminəm ki, Natəvan xanım dəfələrlə mənim də telefon danışıqlarımın dinlənilməsinə tapşırıqlar verib, amma yenə də deyirəm ki, bu, onun işi idi. Heç nəyə baxmayaraq, arzu edirəm ki, bu xanım həbsxanaya düşməsin. Allah yardımçısı olsun və günahlarını bağışlasın".


Bu, yaşanmış həyat, göstərilən fəaliyyət növü, bu da süddən çıxmış ağ qaşıq kimi, jurnalistlərə hücum çəkmə... İndi siz deyin: kim rədd olsun?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.