"Manatın bu günə düşməsinin əsas baiskarları...." - Elman Rüstəmovla Samir Şərifova ittiham
20-02-2017, 18:03
Artıq iki həftədir dollar manata nisbətən ucuzlaşır. Əksər iqtisadçılar milli valyutamızın hər hansı bir əsas olmadan bu şəkildə möhkəmlənməsinin səbəblərini izah etməkdə çətinlik çəkirlər. Daha doğrusu, bunun süni şəkildə idarə edilən proses olduğunu bildirirlər. Fevralın 16-da Mərkəzi Bankın hərracından sonra dolların yenidən möhkəmlənməsi də baş verənlərin manipulyasiya olduğunu göstərdi.
Dia.az-ın xəbərinə görə, Təkamül Partiyasının sədri, iqtisadçı-alim Teyyub Əliyev "Reytinq” qəzetinə müsahibəsində bu məsələyə da toxunub:
- Son iki həftədə manatın möhkəmlənməsinin heç bir iqtisadi əsası yoxdur. Bu prosesin Mərkəzi Bankla Dövlət Neft Fondu arasında hansısa "razılaşmanın" nəticəsi olduğunu düşünməyə müəyyən əsaslar var. Manatın möhkəmlənmə prosesinin uzun sürməyəcəyi qənaətindəyəm. Hərçənd ki, bunun üçün ölkəmizdə lazımi potensial var. Ancaq bunun üçün çevik iqtisadi siyasətin yürüdülməsinə, real iqtisadi islahatların aparılmasına ehtiyac duyulur. Amma Nazirlər Kabinetinin indiki tərkibi ilə belə islahatların həyata keçiriləçəyi real görünmür. Çünki islahatlar hökumətdəkilərin şəxsi mənfeyinə uyğun deyil.
- Maliyyə bazarında, milli valyutanın qorunmasında hansı addımlar atılmalıdır? Mərkəzi Bank sədri, Maliyyə naziri və onların komandası bunun öhdəsindən gələ biləcəkmi?
- Manatın bu günə düşməsinin əsas baiskarları elə Mərkəzi Bankın sədri, Maliyyə naziri, onların dünyada və ölkəmizdə baş verən iqtisadi proseslərdən xəbərsiz komandasıdır. Onlar milli valyutamızın qorunması istiqamətində hər hansı addım atmaq iqtidarında və bacarığında deyillər. Olsaydılar, iki il müddətində bunu biruzə verərdilər.
Milli valyutanın qorunması üçün ilk növbədə onun ətrafında baş verən manipulyasiyalara son qoyulmalıdır və o, həqiqətən (nəqədər ağır olsa da) real üzən məzənnəyə keçirilməlidir.
İkincisi, Mərkəzi Bankın mərkəzləşdirilmiş uçot dərəcəsi ən azı 3 faizə (bəlkə də daha aşağı) qədər azaldılmalıdır.
Üçüncüsü, bank sektoru üzərində məmur nəzarəti (əslində-məmur sahibkarlığı) aradan qaldırılmalıdır.
Dördüncüsü, sahibkarlıq fəaliyyətinin canlandırlması üçün onların aşağı faizlərlə kredit almaları üçün şərait yaradılmalıdır.
Beşincisi, bütün sahələri, xüsusilə də, xarici iqtisadi əlaqələri əhatə edən inhisarçılığa son qoyulmalıdır.
- Məlum olduğu kimi, iki nazirlik ləğv olundu və əvəzinə bir nazirlik yaradıldı. Bu prosesin davam edəcəyi bildirilir. Sizin bu məsələ ilə bağlı təklifləriniz nədir? Daha hansı nazirlikləri, dövlət qurumlarını birləşdirmək, yaxud ləğv etmək olar?
- İki nazirliyin birləşdirilməsi təqdirəlayiqdir. Həqiqətən də, ölkəmizdə nazirliklərin, dövlət komitələrinin sayı çoxdur və bu, dövlət büdcəsi üçün ağır yük olmaqla yanaşı, idarəetmənin səmərəsinə də mənfi təsir göstərir. İxtisarların, birləşdirilmələrin davam etməsi yaxşı olardı.
Fikrimcə, Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi bir nazirlikdə birləşdirilməli və ona təlim-təhsil prosesinə dərindən bələd olan, çevik qərarlar qəbul etməyi bacaran şəxs rəhbər təyin edilməlidir. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir şöbəsinə çevrilməlidir. Maliyyə Nazirliyi ilə Vergilər Nazirliyinin birləşdirilməsi də məqsədəuyğundur.
- Bu ixtisarlar zamanı xeyli sayda insan işsiz qalır. Amma deyəsən, hökumət bu barədədüşünmür. İşsizliyin artdığı bir zamanda ixtisarlar vəziyyəti daha da kritikləşdirməz?
- Həyata keçirilən və keçirilməsi nəzərdə tutulan ixtisarlar, birləşmələr təbii ki, onsuz da çox olan işsizlər ordusunun artmasına səbəb olacaq. Dövlət bölməsinə daxil olan idarəetmə orqanlarından ixtisar edilən işçilərin işlə təmin olunmasının yeganə yolu sahibkarlığın inkişafı, bu bölmədə yeni iş yerlərinin açılmasıdır. Ölkəmizdə sahibkarlığın inkişafı üçün böyük potensial, iş qabiliyyətli, işgüzar sahibkarlar var. Sadəcə, onlara mane olmamaq lazımdır...
- Ümumiyyətlə, hazırda ölkədəki ağır iqtisadi-sosial vəziyyətdən, ehtimal edilən siyasi böhrandan çıxış üçün hansı addımları atmaq olar? Sizcə, bu komanda gözlənilən böyük narazılığı önləyə biləcəkmi?
- Hazırda Azərbaycanda real iqtisadi islahatların aparılmasında ölkə başçısından başqa maraqlı bir rəhbər görünmür. Bu səbəbdən də, ölkə başçısının son illər iqtisadi islahatların dərinləşdirilməsinə dair qəbul etdiyi qərarlar, sərəncamlar ya yerinə yetirilmir, ya da başdansovdu həyata keçirilir.
İndiki komanda ilə çətin ki, ölkəni bürüyən böhrandan çıxmaq mümkün olsun. Gözləyək vitse-prezidentlərin təyinatını. Ümid edək ki, onlar baş verməsi arzu olunmayan sosial-siyasi problemləri önləyə biləcəklər.
İndiki zamanda ölkəmizdə sosial-siyasi sabitliyin qorunmasına əvvəlki illərdən daha çox ehtiyac var. Bu istiqamətdə hər kəs, iqtidarlı-müxalifətli - əlindən gələni əsirgəməməlidir.
- Axı hakimiyyət müxalifətin, müstəqil ekspertlerin sözünü eşitmək istəmir...
- Mən "hər kəs, iqtidarlı-müxalifətli - əlindən gələni əsirgəməməlidir",- deməklə onu nəzərdə tuturam ki, bu ölkə - iqtidarda, müxalifətdə olmasından asılı olmayaraq, hər birimizindir. İqtidarın maraqları müvəqqəti, millətin, dövlətin maraqları isə daimidir.
Ölkəmizdə sabitliyin pozulması heç kəsin marağında olmamalıdır. Siyasi mübarizə isə dinc şəraitdə, təkamül yolu ilə aparılmalıdır.
- İllərdir, bunu bacarmırıq? Daha dəqiqi, iqtidardakılar bu yolu seçmir?
- Əgər illərdir dinc şəraitdə, təkamül yolu ilə bunu bacarmırıqsa, ixtişaş törətməliyik, çevriliş, zorakılıq etməliyik? Müxalifət fəaliyyət taktikasını düzgün seçə, öz aralarında didişməyə son qoya bilmir, üzdə olan bir sıra müxalifət "liderləri”nin davranışı ətrafındakıların uzaqlaşmasına, düşərgənin seyrəkləşməsinə, müxalifətə olan inamın azalmasına səbəb olur. İstənilən halda mən, siyasi mübarizənin yalnız təkamül yolunu məqbul sayıram. Nə qədər çətin və uzun olsa da...